AHİK və BƏT-nin birgə təşkilatçılığı ilə seminar keçirilir
Digər xəbərlər

AHİK və BƏT-nin birgə təşkilatçılığı ilə seminar keçirilir

Mayın 3-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Şərqi Avropa və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə və daha təmiz, davamlı dünyaya ədalətli keçid” adlı subregional seminar başlayıb.

Seminarda AHİK sədrinin birinci müavini İlyas Əliyev, BƏT-nin Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Sergiyus Qlovaskas, həmçinin BƏT-nin rəsmiləri - Lene Olsen, Cristina Martinez və Lilia Kaçkinbayeva, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq qurumlarının nümayəndələri, eləcə də Konfederasiyaya üzv təşkilatların əməkdaşları iştirak edirlər.

Seminar iqlim dəyişikliyi və hamı üçün ekoloji cəhətdən dayanıqlı iqtisadiyyata və cəmiyyətə keçidlə bağlı milli çağırışların və imkanların müəyyən edilməsini, həmkarlar ittifaqlarının iqlim dəyişikliyi və ədalətli keçid məsələlərində məsuliyyətini izah etməyi, bununla bağlı həmkarlar ittifaqlarının siyasətini və fəaliyyət planlarını hazırlamağı və s. nəzərdə tutur.

Giriş sözü ilə çıxış edən İlyas Əliyev mövzunun aktuallığından, qlobal iqlim dəyişikliyindən, bunun səbəb olduğu böhrandan, insanların həyatına ciddi təsirindən, kütləvi yerdəyişmələrə səbəb olmasından, dünyada sülh və təhlükəsizliyə təhdidləri və bundan çıxış yollarından danışıb. O həmçinin bu aspektdə AHİK tərəfindən görülən işlərdən də geniş söz açıb.

Əli SADIQOV,

“Respublika”.