ADU-da tələbələrlə görüş
Elm və təhsil

ADU-da tələbələrlə görüş

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransın iştirakçıları oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən ADU-nun Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Gülnarə Sadıxova Azərbaycanın multikultural ölkə olduğunu, hər bir dilin inkişaf etdiyini və heç kəsə qarşı ayrı-seçkiliyin edilmədiyini diqqətə çatdırıb. O, dünyada neokolonializmə meyilliliyin çox təhlükəli amil olduğunu bildirib.

Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimi Anar Hacıyev və Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Ülfət İbrahim çıxışlarında guya demokratiyanı, insan haqlarını təbliğ edən Fransa kimi ölkələrin tarix boyu dünyanın bir sıra bölgələrində, xüsusilə Afrikada uzun illər apardığı müstəmləkəçilik siyasətindən bəhs ediblər. Natiqlər Fransa və onun kimi ölkələrin Cənubi Qafqazda yaranan geosiyasi vəziyyətlə bağlı reallıqları qəbul etməkdə çətinlik çəkdiklərini, birtərəfli mövqe tutduqlarını vurğulayıblar. Bildirilib ki, Azərbaycan dünyada gedən proseslərlə bağlı daha çox sülhpərvər mövqe nümayiş etdirməkdədir və ölkəmizdə multikultural dəyərlər hər zaman üstün tutulur.

Tədbirdə Yeni Kaledoniya nümayəndə heyətinin üzvü, Kaledoniya Birliyi partiyasının baş katibinin müavini David Vanabo, Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Luk Fransis Karol, Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə hərəkatın siyasi bürosunun üzvü Hektor Pindard, Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya naminə Hərəkatının üzvü Moris Pindard, Qvadelupanın Azadlıq uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep, Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Fransanın öz müstəmləkələrindəki təbii resursları mənimsəməsindən, həmçinin ölkələrdə gələcək nəsillərin daha sağlam mühitdə, xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün aparılan mübarizədən bəhs olunub. Konfrans iştirakçıları bu mübarizədə göstərilən dəstəyə görə Azərbaycana təşəkkürlərini bildiriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb