Van At Nquyen: Heydər Əliyev Vyetnamın birləşməsindən sonra ölkəmizi ilk ziyarət edən ən yüksəkvəzifəli şəxs idi
Siyasət

Van At Nquyen: Heydər Əliyev Vyetnamın birləşməsindən sonra ölkəmizi ilk ziyarət edən ən yüksəkvəzifəli şəxs idi

Görkəmli dövlət xadimi Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə çalışdığı dövrdə təkcə kurasiyasında olan sahələrin inkişafı ilə deyil, həm də zamanında dünya siyasətinin formalaşmasında böyük rol oynayan SSRİ-nin xarici ölkələrlə, xüsusən də sosialist dövlətlərlə münasibətlərin tənzimlənməsində xüsusi xidmətləri var. Bu xüsusda Heydər Əliyev təkcə SSRİ-yə gələn nümayəndə heyətləri ilə görüşlərlə kifayətlənməyib, xarici ölkələrə də səfərlər edib.

Bu günlər Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində ilk xarici səfəri olan Vyetnama səfərinin 40 ili tamam olur. Böyük nümayəndə heyəti ilə Vyetnama səfər edən Heydər Əliyev bir sıra görüşlər keçirib. SSRİ ilə Vyetnam arasında iki ölkəni narahat edən məsələlər müzakirə olunub. Əslində həmin səfərin Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Çünki əzablı Fransa işğalından, ABŞ ilə qanlı müharibədən sonra təzəcə sabitlik və inkişaf yoluna qədəm qoyan Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Danışıqlarda mühüm siyasi məsələlər, eləcə də Vyetnama iqtisadi yardım və elmi-texniki kömək göstərilməsi geniş müzakirə olunmuşdu.

Səfər çərçivəsində Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sovet mütəxəssislərinin dəstəyi ilə Hanoyda Qırmızı çayın üzərində inşa olunan Thanlonq körpüsünün açılış mərasimində də iştirak edib. Açılış mərasimində Ulu Öndərin çıxışını Vyetnam dilinə tərcümə edən Van At Nquyen həmin günlərlə bağlı xatirələrini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb: "Mənə Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətini müşayiət etmək və tərcüməçilik işi tapşırılmışdı. Həmin vaxtdan 40 il keçib, amma mən bütün hadisələri xatırlayıram. Səfərin əhəmiyyəti çox böyük idi, çünki hələ o vaxta qədər Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin yüksəkvəzifəli şəxslərindən heç kim Vyetnama səfər etməmişdi. Heydər Əliyev Vyetnamın birləşməsindən sonra ölkəni ilk ziyarət edən ən yüksəkvəzifəli şəxs idi. Mənim ilk təəssüratım isə onun avtomobildən düşdüyü andan yarandı. Qarşımda güclü şəxsiyyət və siyasətçi görürdüm. Heydər Əliyev Thanlonq körpüsünün tikinti işləri ilə maraqlanırdı. Körpüdə görüş üçün böyük yığıncaq təşkil olunmuşdu. Heydər Əliyevin mərasimdəki çıxışı onun ölkəmizə ilk dəfə gəlməsinə baxmayaraq, Vyetnam xalqının qəhrəmanlığı haqqında məlumatlı olduğunu göstərirdi. Dedi ki, Vyetnam uzun illər davam edən müharibələrdən sonra qalib gəlib və dövlətini qurmağa başlayıb. Heydər Əliyev bədahətən, fasiləsiz danışırdı. Onun nitqi 30 dəqiqə çəkdi, amma bu çıxış çox təsirli idi. O, hər kəsdə böyük təəssürat yaratmışdı".

Van At Nquyen Heydər Əliyevin çıxışını bitirəndən sonra onunla səmimi ünsiyyətini də xatırlayır. O, sonradan başqa işlərdə çalışsa da, həmin görüşlər, Heydər Əliyevin tərcüməçisi olması onda dərin iz buraxıb. Təqaüdə çıxandan sonra Heydər Əliyevin Vyetnama səfəri və ona tərcüməçilik etməsi ilə bağlı xatirələrini daha geniş kütləyə çatdırmaq üçün yazdığı məqaləni yerli qəzetdə çap etdirib.

Bu, bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin 40 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb.