ABŞ-ın Azərbaycanda dini etiqad azadlığına qərəzli mövqeyi
Siyasət

ABŞ-ın Azərbaycanda dini etiqad azadlığına qərəzli mövqeyi

Son günlərin aktuallaşan problemlərindən biri də dini məsələlərlə bağlı ABŞ-ın Azərbaycana qarşı qərəzli hesabatıdır.

Belə ki, ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının ötənilki hesabatında Azərbaycan ABŞ Dövlət Departamenti tərəfindən qondarma "xüsusi izləmə siyahısı"na daxil edilib. Belə bir məsəl var: "Öz gözündə tiri görmür, başqasında çöp axtarır". Dünyaya demokratiya dərsi keçmək istəyən Amerikanın bu addımı reallıqdan uzaq, birbaşa qərəzli mövqeyin nümayişidir. Bu da ondan irəli gəlir ki, ölkədəki erməni əsilli amerikalılar və yaxud da erməni lobbisi canfəşanlıq göstərir. Azərbaycanda dini etiqad azadlığı ilə bağlı heç bir problem yoxdur. Əksinə, dini icmalara hərtərəfli dəstək göstərilir. Yəni ABŞ-ın Azərbaycanın da adını dini etiqad azadlığına dair "izləmə siyahısı"na salması təşəbbüsü son zamanlar ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq niyyətidir.

ABŞ öz gözündəki tiri görmür, ancaq Azərbaycan kimi tolerant, bütün dinlərə hörmətlə yanaşan bir ölkəyə qara yaxır. Son illər xüsusən ABŞ-da dini və irqi zəmində çoxsaylı cinayətlərin baş verdiyi müşahidə olunur. ABŞ-da qaradərililər təqib olunur, döyülür, qəddarcasına öldürülür. Bu ölkədə irqi-dini ayrıseçkiliklə bağlı qətl hadisələri, polis tərəfindən güllələnmə və yaxud da döyülərək öldürülmə hadisələri adi hal alıb. Onu da qeyd edək ki, bu ölkədə irqi cinayətlərin kökü keçmiş zamanlara gedir. Bu kimi hallar əsasən Latın Amerikası, Meksika, Asiya vətəndaşları və yəhudilərə qarşı törədilir.

ABŞ-ın guya ölkəmizdə dini etiqad azadlıqlarının pozulması ilə bağlı bəyanatı özünə tətbiq edilsə, daha məntiqli olar. Əlbəttə ki, bu, siyasi manipulyasiyadan başqa bir şey deyil. Onu da qeyd edək ki, bu hal ölkəmizə qarşı ilk dəfə baş vermir. Hələ 2013-cü ildən Beynəlxalq Dini Azadlıq Komissiyası (BDAK) hər il öz hesabatlarında ölkəmizdə dini azadlıqların pozulduğu iddiası ilə Azərbaycanın xüsusi izləmə siyahısına daxil olan ölkələr kimi təyin edilməsini Dövlət Departamentinə tövsiyə etmiş, qərəzli, yanlış məlumatlar yaymışdır. Məsələ ilə bağlı Azərbaycanda olan müsəlman və qeyri-müsəlman icmalarının aparıcı qurumları mütəmadi olaraq hesabatlarla bağlı xüsusi etiraz bəyanatları vermişlər.

Hesabatda həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olan erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlıqda bildirilir. 30 illik işğal dövründə ermənilərin müsəlman abidələrinə qarşı törətdiyi vandalizmə isə laqeyd yanaşılır.

44 günlük Vətən müharibəsindən sonra istər regionda, istərsə də dünyada vəziyyət tamamilə dəyişdi. Haqlı mübarizəmizdə bizi dəstəkləyən ölkələrlə bərabər, qərəzli mövqe nümayiş etdirən dövlətlər də oldu. Bu münasibətlər dini məcrada da özünü göstərdi. Sözsüz ki, birtərəfli yanaşma məhz ermənilərin maraqlarına xidmət edir. Çünki işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazisində olan dini abidələrin necə xarabalığa çevrilməsi göz önündədir. Ərazidə olan 67 məsciddən yalnız 2-si salamat qalmışdır. Onlardan da Ağdam Cümə Məscidi hərbi oriyentir məqsədilə yararsız vəziyyətdə, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi də qismən yararlı şəkildə saxlanılaraq İran məscidi kimi təqdim edilmişdir. Qalanları isə ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Zəngilan məscidi isə donuz saxlanılaraq təhqir edilmişdir. Lakin Bakının mərkəzindəki erməni-qriqoryan kilsəsi, hətta oradakı minlərlə erməni dilində olan kitabları qorunub saxlanmışdır. Ermənistan isə Qərbi Azərbaycan ərazilərindən soydaşlarımızı deportasiya etdikdən sonra bölgədə bir dənə də olsun salamat məscid və yaxud da dini abidə saxlamamışdır. Yeganə İrəvan şəhərində olan qədim tarixə malik "Göy məscid"i "fars məscidi" adı ilə təqdim etmişlər. O zaman ABŞ-dan bu məsələlərə də aydınlıq gətirilməsi tələb olunur. Əgər ABŞ dünyanın hegemon ölkəsi kimi sülh və demokratiyanı təbliğ etməyə çalışırsa, o zaman Azərbaycan həqiqətlərini də unutmasın.

Azərbaycanda insanların dini etiqad azadlığının təmin edilməsində hər il mütərəqqi yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, islahatlar aparılır və dini icmaların fəaliyyətinə dəstək verilir. Hər il Prezident İlham Əliyev tərəfindən ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Eyni zamanda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfər edərkən həmin ərazilərdə yerləşən dini ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər edirlər. Dövlət tərəfindən sosial layihələr maliyyələşdirilir. Həmçinin tolerantlığı, birgəyaşayışı əks etdirən konfranslar və tədbirlər təşkil edilir. Ölkəmiz multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsində, dünyaya yayılmasında mühüm işlər görür. Məlumdur ki, Heydər Əliyev Fondu tərəfindən nəinki ölkəmizdə, eləcə də, dünyada fəaliyyət göstərən bir çox dini abidə və komplekslərə qarşı xüsusi diqqət göstərilir. Belə ki, Fond tərəfindən Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası da tolerantlıq nümunəsi kimi qiymətləndirilməlidir.

Ramidə YAQUBQIZI,

"Respublika".