AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

"İnterfax Kazakhstan": Qazaxıstan, Azərbaycan və Gürcüstan TİTR-ni inkişaf etdirmək üçün birgə müəssisə yaradır

Bu barədə "İnterfax Kazakhstan" xəbər saytı məlumat yayıb. Bildirilib ki, oktyabrın 26-da Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu operatorları Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TİTR) multimodal xidməti inkişaf etdirmək üçün Middle Corridor Multimodal Ltd. adlı birgə müəssisə yaradıblar.

"Anadolu Ajansı": 3 min 413 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub

"Anadolu Ajansı" xəbər agentliyinin saytı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin 1991-ci ildən bəri 3 min 413 azərbaycanlının Ermənistan tərəfindən basdırılan minaların qurbanı olması haqqında paylaşımı barədə xəbər yayımlayıb. Yazıda H.Hacıyevin "X" hesabında verdiyi Azərbaycan torpaqlarının işğalı zamanı və İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycan torpaqlarına basdırdığı minaların səbəb olduğu insan itkiləri ilə bağlı açıqlaması yer alıb. Qeyd olunub ki, 2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın yerləşdirdiyi minaların partlaması nəticəsində 65 azərbaycanlı həyatını itirib, 269 nəfər yaralanıb.

"Eureporter": Azərbaycanın tam suverenliyinə gedən yol

"Eureporter" xəbər saytı suverenliyimizin tam bərpası haqqında məqalə yayımlayıb. Qeyd edilib ki, oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyinin bərpası gününü qeyd etdi. Azərbaycanın müstəqillik yolu mürəkkəb və çətin olub. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin iyirmi faizi işğal edilib. 

Oktyabrın 15-də Prezident İlham Əliyevin separatçılardan təmizlənmiş Xankəndi, Xocalı, Xocavənd şəhərlərində, Ağdərə və Əsgəran qəsəbələrində Dövlət Bayrağını qaldırması ilə Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etdi.

Azərbaycan beynəlxalq hüquqa hörmət edir və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir.

"EBRD": AYİB Azərbaycanda ilk kommunal miqyaslı külək elektrik stansiyasını maliyyələşdirir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şərqi Azərbaycanda 240 meqavatlıq (MVt) külək elektrik stansiyasının tikintisini maliyyələşdirir. Bu barədə qurumun rəsmi internet səhifəsi məlumat yayımlayıb. Bildirilib ki, bu, ölkədə kommunal miqyaslı ilk külək enerjisi layihəsi və Cənubi Qafqaz regionunda ən böyük layihə olacaq.

Qeyd edək ki, AYİB enerji istehsalı portfelinin investoru, ortaq sahibi və operatoru olan ACWA Power-ə məxsus layihə şirkəti olan "ACWA Power Azerbaijan Renewable Energy"yə 197,1 milyon ABŞ dolları (186,9 milyon avro) dəyərində kredit ayırmışdır. Layihə OPEC-in Beynəlxalq İnkişaf Fondu ilə birgə maliyyələşdiriləcək.

"Vestnik Kavkaza": Azərbaycan yaşıl enerjinin tərəfdarıdır

"Vestnik Kavkaza" xəbər saytı Azərbaycan Prezidenti İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər barədə xəbər yayımlayıb. Yazıda ölkə başçımızın elektrik stansiyasının açılışının regionun enerji təhlükəsizliyində bir inqilab olacağını diqqətə çatdırması, Azərbaycanın dünyada ilk dəfə XIX əsrin ortalarında neft istehsal edən ölkə olması kimi fikirləri yer alıb.

"Respublika".