Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Anadolu Agentliyi":Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Konqresində dinləmələrdə səsləndirilən fikirləri "birtərəfli", "qərəzli" və "səmərəsiz" kimi dəyərləndirib

Türkiyənin məşhur "Anadolu Agentliyi" Azərbaycanın Vaşinqton görüşündən imtina etməsi ilə bağlı məlumat yayımlayıb. Məlumatda qeyd olunub ki, ABŞ-ın birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. "Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir". Bunlar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində əksini tapıb.

Bildirilib ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın xarici siyasətində hər zaman prioritet olub. Azərbaycan bundan sonra da beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.

"Milliyet":Yenidən dünyaya gələn şəhər - Füzuli

"Milliyet" nəşrinin müxbiri Tunca Bengin Azərbaycanın işğaldan azad olunan Füzuli şəhəri barədə məqalə dərc edib.

30 il öncə Birinci Qarabağ müharibəsi zamanı hərbi reportyor olan Tunca Bengin Füzulidən məcburi köçkün düşən azərbaycanlıların bu gün böyük sevinclə öz torpaqlarına qayıtmalarını qeyd edib.

Füzuliyə səfər edən müxbir möhtəşəm bərpa-quruculuq işlərindən də bəhs edib.

"Caspian news":Qazaxıstan Azərbaycan üzərindən neft nəqlini artırmağa hazırdır

Qazaxıstanın əsas neft daşıyıcısı olan "KazTransOil" ilin sonuna qədər Aktau limanından Bakı limanına 1,4 milyon ton neft ixrac etməyi planlaşdırdığını açıqlayıb.

Xəbərdə qeyd edilib ki, ilin ilk səkkiz ayı ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına Qazaxıstan neftinin axını 12 dəfə artıb.

Yanvar-avqust aylarında Aktau limanından ixrac üçün 2,164 milyon ton Qazaxıstan nefti nəql olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 759 min ton və ya 54 faiz artım deməkdir.

"TRT World":Türkiyə ordusunun Azərbaycanda qalma müddəti daha bir il uzadılıb

Qardaş ölkənin məşhur "TRT World" xəbər saytı Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsinin müzakirəsi barədə məlumat yayımlayıb. Məlumata görə, müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib. Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib. 2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

"Parlamentskaya qazeta":Azərbaycan 2024-cü ildə "xatirə qatarı" layihəsinə qoşula bilər

Azərbaycan 2024-cü ildən "xatirə qatarı" aksiyasına qoşula bilər. Bu barədə Rusiyanın "Parlament" qəzeti məlumat yayıb.

Bildirilib ki, layihənin bütün təşkilati və maliyyə məsələlərini Rusiya Federasiyası öz üzərinə götürür. Bunu noyabrın 16-da Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Bişkekdə MDB PA-nın payız sessiyası çərçivəsində Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarova ilə görüşündə deyib:  "2025-ci il MDB-də Böyük Vətən müharibəsində qələbənin və nasizmə qarşı mübarizənin 80 illiyi elan edilib. Biz 15 keçmiş ittifaq respublikasından, indi isə müstəqil dövlətlərdən olan uşaqları layihədə iştirak etməyə dəvət edirik, çünki bütün bu dövlətlər faşist Almaniyası üzərində ümumi Qələbəmizə böyük töhfə veriblər".

“Respublika”.