Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Beta": Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç ikitərəfli və iqtisadi əlaqələri müzakirə ediblər

Serbiyanın "Beta" xəbər saytı Prezident İlham Əliyevin qaz interkonnektorunun Serbiya və Bolqarıstanın, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğuladığını qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin  təkbətək görüşündə ölkələr arasında ikitərəfli və iqtisadi əlaqələr, qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələr aparıldığı vurğulanıb. İki ölkə lideri, həmçinin regional və geosiyasi məsələləri də müzakirə edib. Serbiya Prezidenti ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlər qurmasından qürur duyduğunu deyib.

"Bloomberg": Azərbaycan Avropaya qaz ixracını ikiqat artıracaq

"2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq".

"Bloomberg" bildirir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, 2027-ci ilədək Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik.

"MENAFN": Azərbaycan etibarlı tərəfdaşdır

"MENAFN" informasiya portalı Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışı barədə məlumat yayımlayıb. Məlumatda Bolqarıstan liderinin dövlətimizlə bağlı fikirləri yer alıb. Rumen Radev bildirib ki, Azərbaycan etibarlı tərəfdaşdır: "Bu gün biz təkcə şəbəkələrimizi birləşdirmirik. Layihə Serbiya, Azərbaycan və Bolqarıstan arasında uğurlu əməkdaşlığın rəmzidir. Bu, kəmərin keçdiyi ərazilərə investisiya marağını artıracaq".  

"Le Monde": Azərbaycan və Ermənistan münasibətlərin normallaşması üçün konkret tədbirlər vəd edir

"Le monde" xəbər saytı yazır ki, Azərbaycan və Ermənistan xoşməramlı davranış nümayiş etdirərək, sülhün imzalanması istiqamətində əhəmiyyətli addım atıb. Qeyd olunur ki, aylarla davam edən gərginlikdən sonra ölkələr arasında danışıqlar baş tutub.

Dekabrın 7-də birgə bəyanatda iki ölkə münasibətlərin normallaşdırılması üçün konkret tədbirlər vəd edib və sülh sazişi imzalamaq niyyətlərini təsdiqləyib. Onlar, həmçinin iki Azərbaycan əsgərinin azad edilməsi müqabilində 32 erməni hərbi əsirin azad edilməsi barədə razılığa gəliblər.

"Anadolu Agentliyi": Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin spikeri Azərbaycanla münasibətlərdən danışıb

Şimali Kipr Türk Cümhuriyyətinin parlamentinin spikeri Zorlu Törə bazar günü Azərbaycan və ŞKTC arasında münasibətlərdə müsbət irəliləyişlər olacağına ümid etdiyini bildirib və iki xalq arasında möhkəm əlaqələrin qurulmasının əsl vaxtının çatdığını vurğulayıb.

Törə qeyd edib ki, oktyabrın 14-də ŞKTC Prezidenti Ersin Tatar ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü təkcə Türk Şurasının üzvü olan ölkələrə deyil, bəzi İslam ölkələrinə də nümunə xarakteri daşıyıb. Şimali Kiprin Türk Dövlətlərin Təşkilatına müşahidəçi qismində üzvlüyünün qəbul olunmasına Azərbaycanın böyük dəstək verdiyini bildirən parlamentin spikeri bunu iki ölkə arasında əlaqələrin qurulmasında açar rolu oynadığını deyib.

"Turkic World": İran və Azərbaycan beynəlxalq nəqliyyat, tranzit sahəsində mühüm layihələr həyata keçirir

"Turkic World" xəbər verir ki, İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat məsələləri üzrə müavini Şəhriyar Əfəndizadə iki ölkə arasındakı nəqliyyat əlaqələrindən danışıb. O bildirib ki, İran və Azərbaycan ümumi sərhədləri boyunca beynəlxalq nəqliyyat, logistika və tranzit məsələləri ilə bağlı mühüm layihələr üzərində işləyirlər. Nazir müavini qeyd edib ki, Astaraçay üzərində yeni körpünün tikintisi ilə yanaşı, Astara sərhəd terminalının tikintisi yekunlaşdırılır və həmin çayın üzərindəki köhnə körpü təmir edilir. Digər bir layihə isə Azərbaycanın Zəngilan rayonunun Ağbənd qəsəbəsi ilə İranın Şərqi Azərbaycan vilayətinin Kələla kəndini birləşdirəcək Araz çayı üzərində avtomobil və dəmir yolu körpülərinin tikintisidir. O əlavə edib ki, bu layihə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Araz yol dəhlizini genişləndirəcək.

"Respublika".