“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər
Digər xəbərlər

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər

Aprelin 27-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissəsində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, təntənəli mərasimdə müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov, eləcə də türkiyəli və qazaxıstanlı hərbi qulluqçular iştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb, dərin hörmət və ehtiram nümayiş etdirilib.

Buraxılış mərasimində Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın və Qazaxıstanın Dövlət Himnləri səsləndirilib.

Azərbaycan Ordusunun və Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri tədbirdə çıxış edərək bacarıqlı və peşəkar hərbi kadrların yetişdirilməsində belə kursların və təlimlərin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda Azərbaycan və Qazaxıstan dəniz piyadalarının birgə təlimlərdə iştirakı və yüksək peşəkarlıq nümayiş etdirməsi müsbət qiymətləndirilib. Bildirilib ki, cari ildə Qazaxıstanın Aktau şəhərində keçiriləcək “Birləşdik–2024” əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Ordusunun bütün qoşun növlərindən bir qrup hərbi qulluqçu, həmçinin aviasiya vasitələri və hərbi gəmiləri iştirak edəcək.

Hərbi Dəniz Qüvvələrinin dəniz poliqonu və treninq mərkəzində azərbaycanlı və türkiyəli təlimatçılar tərəfindən keçirilən hərbi qulluqçuların xüsusi hazırlıq dərsləri təqdirəlayiq hesab edilib.

General-polkovnik K.Vəliyev kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə peşəkar təlimatçılara təşəkkürünü bildirib, kursu uğurla bitirən məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub, məzunlara sertifikatlar təqdim edilib, habelə fərqlənən bir qrup hərbi qulluqçu və təlimatçı mükafatlandırılıb.

Rəsmi hissə başa çatandan sonra dəniz piyadaları və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri nümayiş etdirilib.

Sonra dəniz xüsusi təyinatlılarının taktiki-xüsusi məşğələləri, həmçinin sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları izlənilib.