DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

PENTAQON: RUSİYANIN NÜVƏ SİLAHINDAN MÜMKÜN İSTİFADƏSİNƏ DAİR ƏLAMƏT MÜŞAHİDƏ OLUNMUR

ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə etməyi planlaşdırdığına dair heç bir əlamət qeydə almayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh brifinq zamanı bildirib.

Məlumata görə, mətbuat katibindən Rusiya Müdafiə Nazirliyinin elan etdiyi təlimlərə münasibət bildirməsi istənilib. Belə ki, bu təlimlər zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktiki sınaqları üçün bir sıra tədbirlər həyata keçiriləcək.

“Nüvə qüvvələrimizin yerləşdirilməsini tənzimləmək üçün heç bir səbəb görmürük.  ABŞ Rusiyanın qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün başladığı təlimləri tamamilə məsuliyyətsizlik hesab edir”, - deyə Sabrina Sinqh vurğulayıb.

Xatırladaq ki, bu ərəfədə Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Baş Qərargah aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsinə hazırlığa başlayıb. Təlim zamanı qeyri-strateji nüvə silahlarının yoxlanılanması və tətbiqi üzrə təcrübə keçmək üçün bir sıra tədbirlər reallaşdırılacaq.

PAKİSTANDAN İRANLA BAĞLI KRİTİK QƏRAR

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ-ın xəbərdarlığına baxmayaraq, İranla “Sülh” qaz kəmərinin tikintisinin başa çatacağını açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, ölkənin baş diplomatı ABŞ-ın Pakistanın suverenliyinə hörmət etməyə çağırıb.

“ABŞ Pakistan-İran qaz kəməri layihəsinin həyata keçirilməsini dəstəkləməyəcəyini açıqlayıb və rəsmi Tehranla iş aparacağı təqdirdə sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. ABŞ və ya digər ölkələrin nə deməsindən asılı olmayaraq, biz öz maraqlarımızı rəhbər tutmalı və onlara uyğun hərəkət etməliyik”, - deyə nazir bildirib.

XİN başçısının sözlərinə görə, Pakistan suveren dövlətdir, digər ölkələrin suverenliyinə hörmət edir və onlardan da ölkəsinə qarşı eyni münasibəti gözləyirlər.

Xatırladaq ki, sözügedən qaz kəmərinin başa çatdırılması məsələsi İran prezidenti İbrahim Rəisinin aprel ayında İslamabada rəsmi səfəri zamanı müzakirə olunmuşdu.

BÖYÜK BRİTANİYA RUSİYANIN HƏRBİ ATTAŞESİNİ ÖLKƏDƏN ÇIXARMAQ QƏRARINA GƏLİB

Böyük Britaniya hökuməti Rusiyanın hərbi attaşesinin ölkədən çıxarılacağını açıqlayıb. Bu barədə “Röyters” agentliyinin məlumatında qeyd olunur. Bundan əvvəl Böyük Britaniyanın daxili işlər naziri Ceyms Kleverli parlamentdə çıxışı zamanı elan edib ki, Britaniya hökuməti Rusiyaya məxsus bəzi obyektlər üzərindən diplomatik mülkiyyət statusunu ləğv edəcək.

Daxili işlər naziri bu addımları Rusiyanın Britaniya ərazisində kəşfiyyat fəaliyyətinə qarşı mübarizə ilə əsaslandırıb. Nazirin sözlərinə görə, bu tədbirlər “Rusiyanın Avropada, indi isə həm də Britaniyada təhlükəli hərəkətlərinə” cavab olaraq görüləcək. Bu hərəkətlər arasında o, mümkün casusluq, kiberhücum hallarını qeyd edib.

Eyni zamanda, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi rusiyalıların diplomatik viza almasına yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Londona adekvat cavab veriləcəyini deyib.

KAKAONUN QİYMƏTİNİN KƏSKİN UCUZLAŞMASININ SƏBƏBİ MƏLUM OLUB

Kakao paxlasının dünya bazarında qiyməti aprelin 19-da maksimuma çatıb. “Trend” agentliyinin məlumatına görə, həmin gün Nyu-York birjasında bu məhsulun 1 tonunun qiyməti 11722 dollar təşkil edib.

Xəbər verilir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalma müşahidə olunub. Hazırda kakao paxlasının 1 tonu təxminən 8400 dollara təklif edilir.

Məlumata əsasən, son illərdə kakaonun 1 tonunun qiyməti 2500 dollar ətrafında dəyişib. Bu ilin ilk dörd ayında isə məhsul 4 dəfədən çox bahalaşıb.

“Le Figaro” qəzetinin araşdırmasına görə, qiymətlərin bu şəkildə dəyişməsinə səbəb beynəlxalq aktorlardan birinin məbləği 20 min dollara qaldırmaq üçün məhsulu kütləvi şəkildə almağa başlayıb. Lakin digər böyük alıcılar əksinə, bütün alışları dayandırıblar və son nəticədə may ayında ciddi ucuzlaşma qeydə alınıb. Nəşrin açıqlamasına görə, qiymətlərin bir qədər də aşağı düşəcəyi gözlənilir.

ABŞ FƏLƏSTİNƏ GÖRƏ BMT-NIN MALİYYƏLƏŞDİRİLMƏSİNİ DAYANDIRA BİLƏR

Fələstinin üzvlüyünə dair qətnamə qəbul olunarsa, rəsmi Vaşinqton BMT-nin bütün qurumlarının maliyyələşdirilməsini dayandıra bilər. Bu barədə “Röyters" agetliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə görə, Amerikanın BMT-dəki daimi nümayəndəliyinin kommunikasiyalar üzrə direktoru Neyt Evans qeyd edib ki, ABŞ BMT-nin beynəlxalq hüququn müəyyən subyektlərinə üstünlüklər vermək cəhdlərindən narahatdır. Belə ki, fələstinlilərin BMT Nizamnaməsində nəzərdə tutulan meyarlara uyğunluğu ilə bağlı suallar hələ də həll edilməyib.

“Amerika Birləşmiş Ştatları Fələstin dövlətçiliyinin tanınması yolunun birbaşa danışıqlardan keçməli olduğu mövqeyinə sadiqdir”, - deyə Neyt Evans vurğulayıb.

Xatırladaq ki, ABŞ ötən ay BMT Təhlükəsizlik Şurasının Baş Assambleyaya Fələstini dünya təşkilatına tamhüquqlu üzv kimi qəbul etməsini tövsiyə edən qətnamə layihəsinə veto qoymuşdu. Qətnaməni BMT Təhlükəsizlik Şurasının 20 üzvü dəstəkləyib, iki ölkə bitərəf qalıb.

BƏZİ ÖLKƏLƏR DOLLAR ASILILIĞINDAN QURTULMAĞA ÇALIŞIR

Bəzi ölkələr “COVID-19” pandemiyası və Ukraynadakı münaqişə, habelə milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ABŞ dollarından asılılığını azaltmağa çalışır. “Report” agentliyinin xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktorunun birinci müavini Qita Qopinat bildirib.

Eyni zamanda, direktor müavininin sözlərinə görə, bəzi ölkələr beynəlxalq əməliyyatlar və ehtiyatlar üçün ABŞ dollarından ağır asılılıqlarını yenidən nəzərdən keçirirlər.

“Pandemiya və Ukraynadakı münaqişə də daxil olmaqla bir neçə illik qarışıqlıqdan sonra dövlətlər iqtisadi və milli təhlükəsizlik narahatlıqları əsasında ticarət tərəfdaşlıqlarını nəzərdən keçirirlər. Artan geosiyasi risklərə baxmayaraq, ABŞ dolları hələ də üstünlük təşkil edir. SWIFT ödəniş sisteminə əsasən, dollar ticarətin maliyyələşdirilməsinin təxminən 80 faizini əhatə edir”, - deyə BVF rəsmisi vurğulayıb.

Bununla yanaşı, Qita Qopinat qeyd edib ki, Çin yönümlü ölkələr arasında dəyişikliklər daha çox nəzərə çarpır: “Çin blokunda ABŞ dollarının ticarət maliyyəsi ödənişlərindəki payı 2022-ci ilin əvvəlindən azalıb”.

BRAZİLİYADA DAŞQIN QURBANLARININ SAYI ARTMAQDA DAVAM EDİR

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb. Bu barədə, “G1” portalı Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Xəbər verilir ki, Braziliyanın Argentina və Uruqvayla sərhədyanı rayonlarında təbii fəlakət nəticəsində 362 insan xəsarət alıb, 131 nəfər isə itkin düşüb.

Bununla yanaşı, yağışlar və qasırğa 1,4 milyondan çox insana zərər vurub. 150 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Ştatın inzibati mərkəzi Portu-Aleqridə və paytaxt regionunda vəziyyət kritik həddədir. Region əhalisinin təxminən 85 faizi içməli sudan məhrum olub.

Qeyd edək ki, Braziliyanın cənub rayonları ötən həftənin əvvəlindən bəri güclü yağışların təsiri altındadır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.