Mehdi Hüseynzadənin yaxın silahdaşı
Digər xəbərlər

Mehdi Hüseynzadənin yaxın silahdaşı

İbrahim Bayramov Vətənin ləyaqətli, qəhrəman övladı olub. İkinci Dünya müharibəsi başlayanda, faşistlər şəhər və kəndləri xarabalığa çevirəndə pəhləvan cüssəli, polad biləkli İbrahim Göyçə mahalından, Göyçə gölünün nəğməli sahillərindən, doğma kəndi Kəsəməndən cəbhəyə ölüm-dirim savaşına yollandı. Söz verdi ki, yağı düşmənə qarşı mərdliklə vuruşacaq, ordu sıralarında sınaqlardan uğurla çıxacaq, ölümün gözünə dik baxacaqdır. Çünki Vətənə məhəbbəti çox güclü idi...

...Ukrayna uğrunda qanlı döyüşlər gedirdi. Sovet əsgərləri nəyin bahasına olursa-olsun faşistlərin ələ keçirdikləri strateji əhəmiyyətli mövqeləri geri qaytarmağa çalışırdı. Qaranlıq bir gecə idi. Kəşfiyyatçı İbrahim Bayramov və onun döyüş yoldaşları komandanlıq tərəfindən çox çətin bir tapşırıq almışdı. Düşmənin hansı yerdə mövqe tutması, əsgərlərin sayı və hərbi texnikası barədə dəqiq məlumat gətirilməli idi. İbrahimgil sıx meşəlikdə sürünür, çox ehtiyatla hərəkət edirdilər. Adi bir diqqətsizlik planı alt-üst edərdi. Sovet əsgərləri gecə qaranlığında almanlarla 10-15 metrlik məsafədə üzbəüz dayandılar. İki nəfər avtomata dirsəklənib yuxuya getmişdi. Biri isə hərdən "hay hitler", - deyə sayıqlayırdı. İbrahim və kəşfiyyatçı yoldaşları bir göz qırpımında düşmən əsgərlərini tərk-silah etdilər. Götürdükləri əsirlər onlara hava-su kimi lazım idi. Düşmənin mövqeyi ilə bağlı vaxtında komandanlığa məlumat gətirildi. Sovet əsgərləri almanları geri otuzdurmaq üçün irimiqyaslı hücuma başladı, strateji əhəmiyyətli mövqe ələ keçirildi. Bu uğurlu əməliyyatda "Göyçə qartalı" kimi tanınan Qərbi Azərbaycan torpağının yetirməsi İbrahim Bayramov şücaət və şəxsi igidlik göstərdi. Haqqında cəbhə qəzetində "Boyevoye masterstvo" sərlövhəli yazı verildi, medalla mükafatlandırıldı.

Ukraynada gedən ağır döyüşlərin birində göyçəli İbrahim Bayramov yaralandı və huşunu itirdi. Gürcü və özbək millətlərindən olan əsgər yoldaşları çox çətinliklə İbrahimi güllə yağışının altından uzaqlaşdırıb hərbi hospitala yola saldılar.

- Qafqazlı oğlan, gözlərini aç, sən yaşayacaqsan, qələbədən sonra Vətəninə dönəcəksən, gözləri cəbhə yollarına dikilmiş doğmaların səni qucaqlayacaqlar, - deyə Maryana adlı tibb bacısı İbrahim Bayramova ürək-dirək verdi. Doğrudan da insanın hər zaman xoş sözə, dəyərli kəlməyə ehtiyacı var. Tibb bacısının ana kimi nəvazişi İbrahimi bir andaca göyün yeddi qatına qaldırdı, doğma yurdu Basarkeçər, Göyçə gölü gözləri qarşısında canlandı. Gözlərini açdı, ölümün pəncəsindən xilas oldu.

İbrahim Bayramov bir müddət hərbi hospitalda müalicə olundu, səhhəti yaxşılaşdıqdan sonra yenidən Ukrayna uğrunda gedən ağır döyüşlərə qatıldı. Bir çox əməliyyatların yerinə yetirilməsində qəhrəmanlıq və şücaət göstərdi, odlu səngərlərdə "Qafqaz şahini" kimi tanındı.

Növbəti döyüş tapşırığını yerinə yetirərkən iki ukraynalı əsgər bir göz qırpımında həlak oldu. İbrahim isə Voroşilovqrad şəhərində ikinci dəfə yaralandı.

Sərrast topçu kimi tanınan qafqazlı əsgər hərbi hospitala aparıldı. Müalicə olunduqdan sonra İbrahim yenidən cəbhəyə üz tutdu. Döyüşdən-döyüşə, cəbhədən-cəbhəyə atılan İbrahimi müharibə burulğanı İtaliyaya, Yuqoslaviyaya gətirib çıxardı. O, İkinci Dünya müharibəsi illərində partizan hərəkatında yaxından iştirak etdi. Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin sadiq dostu və silahdaşı oldu. Faşist işğalçılarına qarşı mərdliklə vuruşdu. İbrahim qürur hissi keçirirdi ki, partizan hərəkatında almanları lərzəyə salan, düşmənin başına od ələyən Mehdi ilə vuruşur, Adriatik dənizinin sahillərinə onun da ayaq izləri düşür...

Partizan hərəkatının fəal iştirakçısı, bacarıqlı kəşfiyyatçı İbrahim Bayramov tarixi qələbədən sonra 1946-cı ildə Novruz bayramı ərəfəsində Basarkeçərə, doğma kəndləri Kəsəmənə qayıtdı. Onun sağ-salamat cəbhədən geri dönməsi kənddə toy-bayramla qarşılandı, adına qurbanlar kəsildi. Qonşu Şişqaya, Bala Məzrə, Göysu kəndlərindən gözaydınlığına neçə-neçə qonaqlar gəldi, qazanlar asıldı.

Boş vaxtlarında, yazın-yayın loğman çağlarında kənd cavanları, xüsusilə məktəbli gənclər İbrahim Bayramovu üzük qaşı kimi dövrəyə alar, onun cəbhə xatirələrini, partizan Mixaylo ilə birlikdə düşmənə qarşı necə vuruşduqlarını maraqla dinləyərdilər. Keçmiş döyüşçü müharibə tarixində misilsiz xidmətləri olan, almanları lərzəyə salan Mehdi Hüseynzadənin qəhrəmanlığı ilə bağlı danışardı.

Sinəsini İkinci Dünya müharibəsinin orden və medalları bəzəyən göyçəli İbrahim Bayramov bir neçə il öncə dünyasını dəyişib. Onun parlaq xatirəsi tarix boyu Azərbaycan xalqının, xüsusilə erməni xəyanəti nəticəsində ata-baba torpaqlarından qaçqın düşmüş göyçəlilərin qəlbində əbədi yaşayacaqdır.

Bir neçə il öncə rus dilində nəşr olunmuş "Azərbaycanlılar Avropa müqavimət hərəkatı" adlı kitabda rəşadətli döyüş yolu keçən İbrahim Bayramova geniş yer ayrılmışdır.

2004-cü ildə mərhum şair Əli Vəkilin cəbhədə misilsiz xidmətləri olan göyçəli İbrahim Bayramovla bağlı "Kişi ömrü" adlı kitabı nəşr olunmuşdur.

Biz qələbə günü ərəfəsində keçmiş döyüşçü, İkinci Dünya müharibəsi iştirakçısı İbrahim Bayramovun həyat və döyüş yolu ilə bağlı oğlu, Göyçə mahalının yetirməsi, Əməkdar müəllim Məhəmməd Bayramovla görüşüb söhbət etdik. Eyni zamanda onun Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan qohumu Eyyub Abbasovla telefon əlaqəsi saxladıq. Onlar bildirdilər ki, əfsanəvi qəhrəman, partizan Mehdi ilə birlikdə almanlara qarşı döyüşlərdə İbrahim Bayramov, komandir Cavad Həkimli, Qriqori Arinin, Zokrovin, Xalmatov, Mirzəyev və başqaları da olub.

Bəli, gənclərimiz bu gün qəhrəmanlığı, cəsurluğu, sədaqəti məhz əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin sadiq dostu və silahdaşı İbrahim Bayramovun rəşadətli döyüş yolundan öyrənməlidirlər.

Qədir ASLAN,

"Respublika".