Dost dövlətlərdən Qarabağın yenidən qurulmasına töhfə
Sosial həyat

Dost dövlətlərdən Qarabağın yenidən qurulmasına töhfə

Vətən müharibəsində qazandığımız tarixi zəfərdən keçən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı layihələr reallaşdırılır. Böyük Qayıdışla bağlı I Dövlət Proqramının icrası, işğaldan azad edilmiş ərazilərə köçürülmənin təşkili və ilkin nəticələri göz önündədir.

Hər gün yeni ünvanlar, kəndlər, şəhərlər öz doğma sakinlərini qarşılayır. Uzun illərin həsrətinə son qoyan tarixi qələbəmiz bu yerlərin yenidən dirçəlib inkişaf etməsinə geniş imkanlar yaradıb. Artıq köç karvanlarının sayı, miqyası günü-gündən artır. Ağalı, Laçın, Zabux, Talış, Füzuli və digər yurd yerlərimizin sırasına yeni ünvanlar qoşulur. Yaxın günlərdə Şuşa, Xankəndi, Xocalı və digər ərazilərin sakinləri də ata-baba yurdlarına qovuşacaqlar.

Bu yerlər uzun illərin işğal prosesindən sonra daha modern və müasir üslubda qurulur. Doğrudur, ötən 30 il ərzində düşmənin mina tarlalarına çevirdiyi torpaqlarda tikinti-quruculuq işləri aparmaq o qədər də asan başa gəlmir. Çünki Azərbaycan dövləti öz gücü və potensialı sayəsində əraziləri minalardan təmizləyir.

Bütün əngəllərə baxmayaraq, bu gün Qarabağ əvvəlki vəziyyətinə qayıdır. Uzun illər doğma ev-eşiklərindən didərgin düşmüş keçmiş məcburi köçkünlərin Böyük Qayıdışını şərtləndirən bu işlər əzəli torpaqlarımızın yenidən dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda dediyi kimi: "Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər".

Bəli, 2022-ci ildən etibarən keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, doğma yurdlarına Böyük Qayıdışı başlanıb. Ötən ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri isə dövlətimizin öz ərazilərində suverenliyinin tam təmin olunması ilə nəticələnib və bununla da qayıdış prosesinin coğrafiyasının daha da genişləndirilməsinə şərait yaranıb. Böyük Qayıdış isğaldan azad edilmiş ərazilərin ümummilli iqtisadiyyata reinteqrasiyası ilə yanaşı, Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamına əsasən 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən biri kimi qəbul edilib. Bu milli prioritetin təmin edilməsi məqsədilə və 2022-2026-cı illərdə ölkənin sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq Böyük Qayıdışa dair I Dövlət Proqramında keçmiş məcburi köçkünlərin beynəlxalq qanunvericiliyə uyğun könüllü, təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışı prosesinin bütün aspektlərini əhatə edən tədbirlər müəyyənləşdirilib. Beşillik müddəti əhatə edən Dövlət Proqramı çərçivəsində 2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlasdırılması nəzərdə tutulub. Aparılan işlərin miqyası və sürəti bunu deməyə əsas verir ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzur bölgəsi dünyanın ən inkişaf etmiş, müasir və şöhrətli diyarına çevriləcək.

Görülən tikinti-quruculuq işlərində bizə öz kömək əlini uzadan, maddi-mənəvi yardımını əsirgəməyən dost dövlətlər də var. Qardaş Türkiyə başda olmaqla bu işdə bütün türk dünyası bizimlədir. Məsələn, Özbəkistanın Füzuli şəhərində inşa etdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan dövlətinin Füzuli şəhərində inşa etdiyi Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan tərəfindən Ağdamda tikiləcək orta məktəbi misal çəkmək olar. Bundan başqa, digər dost ölkələr də işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına öz töhfələrini verirlər. Məsələn, Macarıstan dövləti Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirak edəcək. Dost dövlətlərin haqlı işimizdə yanımızda olması, yenidənqurma işlərində iştirakı düşmənin viran qoyduğu ərazilərimizin bərpasını sürətləndirməklə yanaşı, həm də beynəlxalq platformalarda siyasi mövqelərimizi gücləndirir. Bu gün dünyada məhz ədaləti dəstəkləyən dostlarımızın sayının artması düşmənlərimizin çirkin niyyətlərini həyata keçirmək istəklərinin qarşısına sipər çəkir.

Belə ölkələrdən biri də Slovakiyadır. Bu ölkənin investorlarının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına birgə investisiya yatırmaq, bərpa və quruculuq layihələrində iştirak etmək istəyi münasibətlərin yüksək inkişafından xəbər verir. Buna görə də iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsi təqdirəlayiq addımdır. Slovakiyada Azərbaycan Səfirliyinin təsis edilməsi də ikitərəfli münasibətlərin dərinləşdirilməsi nöqteyi-nəzərindən əlamətdar hadisədir. Digər tərəfdən, Slovakiyanın mina problemi ilə mübarizədə ölkəmizlə əməkdaşlıq təşəbbüsü də dostluq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda tikinti-quruculuq işlərinə töhfə verməsidir. Belə ki, bu dövlət Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib: "Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək".

Ramidə YAQUBQIZI,

"Respublika".