Region

"YAŞIL TƏHSİL HƏRƏKATI"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi haqqında Sərəncamında əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin, hüquqi və fiziki şəxslərin qarşısında konkret vəzifələr qoyulub.

Bəs müvafiq Sərəncamın vaxtında həyata keçirilməsi üçün ölkəmizin ali təhsil müəssisələrinin qarşısında hansı vəzifələr durur?

ADAU-nun Elm şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Nəsirov universitetdə bu sahədə həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr haqqında bildirdi ki, dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat"a keçid istiqamətində icra olunan tədbirlər çox böyük əhəmiyyət daşıyır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"dir.

Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində müntəzəm işlər aparılır. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin dünyanın ekoloji tarazlığının qorunmasına verdiyi xüsusi önəmin, ölkəmizdə bu sahədə həyata keçirilmiş işlərə beynəlxalq münasibətin ifadəsidir. Heç təsadüfi deyildir ki, "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanununda da insanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükə fövqəladə ekoloji vəziyyət kimi qeyd edilir. Bu sənəddə fövqəladə ekoloji vəziyyətin qarşısının alınması, gələcək nəsillərə təsir göstərə biləcək nəticələr də daxil olmaqla aradan qaldırılması üzrə tədbirlərin hazırlanması və ardıcıl həyata keçirilməsi qanunla təsbit edilir.

Bütün bunlarla əlaqədar olaraq qurum və təşkilatlarda "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" devizi ilə tədbirlər həyata keçirilir. Ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilir, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi ekoloji baxımdan əlverişli olan "yaşıl texnologiya"ların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret vəzifələr qoyulur.

Məhz bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetində də tədbirlər həyata keçirilir. İlk addım kimi 6 mart 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə Anlaşma Memorandumu imzalanmışdır. Forumun əsas hədəfi iqlim dəyişmələri ilə mübarizə, "yaşıl iqtisadiyyat"a keçidin müəyyən edilməsi işinə töhfə verməkdən ibarətdir.

Bundan əlavə, ADAU-nun Elmi Şurasında "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı sərəncamın icrası ilə əlaqədar universitet daxilində tədbirlər planı hazırlanmış və təsdiqlənmişdir. Bu tədbirlər planında nəzərdə tutulan məsələlərdən biri də "Yaşıl təhsil hərəkatı"dır.

Hazırda iqlim dəyişmələri dünyada ak

tual və ən çox müzakirə edilən mövzulardan biridir. İqlim dəyişmələri ilə mübarizəyə isə cəmiyyətin və onu təşkil edən fərdlərin bu mövzuda maarifləndirilməsindən başlamaq daha məqsədə uyğundur. Məhz bu məqsədlə ilk olaraq təhsildə ekoloji maarifləndirmə və davamlılığı dəstəkləyən sistemin qurulması gələcək üçün müsbət mənada daha effektiv təsirlərə səbəb olacaqdır.

"Yaşıl təhsil" iqlim dəyişmələri, biomüxtəlifliyin qorunması, ətraf mühitin çirklənməsi kimi ekoloji problemlər haqqında məlumatlılığı artırmağa istiqamətlənmiş bir addımdır və son illərdə dünyada bir trend halına gəlmişdir. "Yaşıl təhsil" ətraf mühitin mühafizəsi, davamlılıq və təbii ehtiyatların məsuliyyətlə idarə edilməsi istiqamətində maarifləndirmə və fəaliyyəti təşviq edən yanaşma və strategiyalar toplusudur. "Yaşıl təhsil" təbiət gəzintiləri və açıq hava fəaliyyətlərini daha çox ehtiva edir ki, bu da şagird və tələbələrə ətraf mühit və təbiətlə birbaşa əlaqə qurmağa, ətraf mühitlə bağlı problemləri daha dərindən başa düşməyə imkan verir. Eyni zamanda fərdlərə ekoloji problemlərin səbəb və nəticələrini, bir-biri ilə bağlılığını başa düşməyə də kömək edən bir sistemdir. Nəticə etibarilə "yaşıl təhsil" fərdləri maarifləndirməklə onların davranışlarında müsbət mənada dəyişikliklərə səbəb olur və ekoloji cəhətdən savadlı və məsuliyyətli vətəndaşların formalaşmasında həlledici rol oynayır.

"Yaşıl təhsil" ekoloji maarifləndirmə ilə bərabər, fərdləri gündəlik həyatlarında tullantıları azaltmaq, enerjiyə qənaət və ətraf mühitin mühafizəsini təbliğ etmək kimi təbiəti qorumağa istiqamətlənmiş işlərdə hərəkətə keçməyə də təşviq edir.

Ümumilikdə, "yaşıl təhsil" şagird və tələbələri ekoloji problemlərin həlli və daha davamlı gələcəyə töhfə vermək üçün lazım olan bilik, bacarıq və dəyərlərlə təchiz edir.

Yuxarıda qeyd olunan məsələlərin ciddiliyini və önəmini nəzərə alaraq Azərbaycan Dövlət Aqrar Universitetində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Yaşıl Təhsil Hərəkatı" layihəsinə start verilib.

Bu layihənin təşkilində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır.

Qeyd edək ki, "Yaşıl Təhsil Hərəkatı" layihəsi çərçivəsində ətraf mühit problemləri ilə əlaqədar aktual mövzularda təlimlər, seminarlar, dəyirmi masalar və müzakirələr təşkil olunacaqdır.

Söhbəti yazdı:

Vaqif TANRIVERDİYEV,

"Respublika".