Ermənistanda siyasi təlatüm
Siyasət

Ermənistanda siyasi təlatüm

Ermənistanın Azərbaycanla sərhəd Kirants kəndinin sakinləri bir neçə gündür ki, İrəvana yürüşə başlayıblar. Etirazçılar hökuməti Azərbaycanla sərhədlərin müəyyənləşməsində birtərəfli güzəştə getməkdə ittiham edirlər.

Erməni vətəndaşların görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Onlar həm piyada, həm də maşınlarla aksiyada iştirak edirlər. Görüntülərdə diqqətçəkən əsas məqam isə yürüşə Erməni Apostol Kilsəsinin (EAK) Tovuzqala yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın başçılıq etməsidir.

Belə ki, son dönəmlərdə baş nazir Nikol Paşinyana qarşı çıxan və onu devirməyə səsləyən qüvvələr arasında kilsə xüsusi yer tutmağa başlayıb. Baqrat Qalstanyan aksiyalara "mənəvi rəhbərlik" etdiyini deyib. Lakin o, bu yolda tək olmadığını və indi ona EAK-ın Şirak yeparxiyasının arxiyepiskopu Mikael Acapanyanın da qoşulduğunu açıqlayıb. Onların əsas niyyətinin Paşinyan administrasiyasını devirmək olduğunu açıq şəkildə bəyan ediblər.

Nikol Paşinyanın "sülh yaxındır, noyabra qədər əldə edilə bilər" sözləri antiqüvvələri daha da qəzəbləndirib. Onlar baş nazirin getməsinə az qaldığını və bunun tezliklə əldə ediləcəyini iddia edirlər. Ermənistanlı politoloq Suren Surenyants deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi cəhətdən sonu yaxınlaşır: "Bu gün Nikol Paşinyan təşviş içindədir, çünki hazırkı hərəkatın nəticələrindən asılı olmayaraq onun gücü tükənir. Ümumiyyətlə, bu gün bu hərəkatın ("Vətən adına Tavuş") neçə gün və ya neçə həftədə uğur qazanacağını, ümumiyyətlə, hansı nəticələrə nail olacağını proqnozlaşdırmaq çətindir. Ancaq bir şey göz qabağındadır - Paşinyanın siyasi aqoniyasının taymeri artıq işə salınıb. O, bunu çox yaxşı başa düşür".

Əslində bu gün yaşananlar 6 il əvvəl baş verənlərin dejavusudur. Tarix təkrarlanır. 2018-ci ildə Nikol Paşinyanın rəhbərliyi ilə "Əyalətdən İrəvana yürüş" adlanan tamaşa uğur qazanmışdı. Məhz belə "küçə etirazları" nəticəsində o dönəmdəki ölkə rəhbəri Serjik Sarkisyan hakimiyyətdən kənarlaşdırılmış, "İm Kayle" "(Mənim addımım") hərəkatı iqtidara gəlmişdi. İllərdir yenidən səhnələşdirilməyə çalışılan bu tamaşa istənilən nəticə verməyib, Nikol Paşinyanı devirə bilməyiblər. Tam əksinə, 2018-ci il aprelin 23-dən bəri dağınıq formada olan erməni müxalifətinin istisnasız olaraq bütün aksiyaları vəd edilmiş uğurdan məhrumdur. Hər dəfə eyni şüarlarla çıxış edir, lakin istədiklərinə nail ola bilməyirlər. Necə deyərlər, "məğlub pəhlivanlar güləşə doymur".

Bundan başqa, Paşinyan administrasiyasının sülhə doğru addım atması Ermənistandakı qüvvələri ciddi mənada qəzəbləndirir. Onlar bütün anlaşmalara qarşıdırlar. Başda erməni kilsəsi olmaqla İrəvandakı "5-ci kolon"un nümayəndələri etiraz aksiyası keçirməklə işğal etdikləri əraziləri əllərində saxlamağa, "itirdiklərini" isə yenidən geri qaytarmağa çalışırlar. Halbuki onların istəkləri Paşinyana qarşı mənasız aksiyalarla həll edilə bilməz. Məntiqlə əllərinə silah alıb Azərbaycana qarşı müharibə edərək öz hədəflərini reallaşdırmaq imkanına sahibdirlər. Buna isə cəsarət edə bilmirlər. Çünki yenidən Azərbaycan Ordusunun dəmir yumruğu altında əziləcəklərini başa düşürlər. Həm də müxalif qüvvələrlə, kilsə başçılarını çıxmaq şərtilə qalan əhali belə bir müharibəyə yenidən razı olmaz. Sözün əsl mənasında, Ermənistanda hazırda bütün məsələlər bir-birinə qarışıb. Bu isə heç də dövlət üçün gələcəkdə yaxşı heç nə vəd etmir. Qərb qonşumuzda nələrin baş verəcəyi sual altındadır.

Töhfə SƏMƏDOVA,

"Respublika".