Yubiley tədbiri
Sosial həyat

Yubiley tədbiri

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə  Yasamal Rayon Heydər Əliyev Mərkəzində görkəmli yazıçı, pedaqoq, dramaturq, ictimai-siyasi xadim İsmayıl Şıxlının 105 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin, ulu öndər Heydər Əliyevin, II Dünya müharibəsində həlak olan həmvətənlərimizin və Xalq yazıçısı İsmayıl Şıxlının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova Xalq yazıçısının həyat və yaradıcılığından danışdı, onun tarixi şəxsiyyət kimi Azərbaycanın müstəqilliyi yolunda böyük xidmətlərinin olduğunu vurğuladı. L.Məmmədova İsmayıl Şıxlının "Dəli Kür" romanı onun yaradıcılığının simvolu olduğu və Xalq yazıçısının adına yük gəmisi Qazax rayonunun Kosalar kənd orta məktəbində büstünün qoyulduğunu, Qazax şəhərində abidəsi və yaşadığı binanın önündə xatirə lövhəsinin vurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndərin İ.Şıxlı haqqında dediyi sözləri onun yaradıcılığına verilən qiymətdir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə İsmayıl Şıxlının yaradıcılığının çox zəngin olduğunu bildirdi və qeyd etdi ki, Xalq yazıçısının "Dəli Kür" romanı Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazılmış, bu janrın ən uğurlu nümunəsidir. O, möhtəşəm, güclü əsərdir. Yazıçı romanın üzərində 10 il çalışmışdır.

Moldova Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Aleksandr Esaulenko tədbirə dəvətə görə öz təşəkkürünü bildirərək qeyd edib ki, İ.Şıxlı həm də Azərbaycanda neorealizmin yaradıcısı kimi tanınır.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi Mariya Alimova-Nefedova İ.Şıxlının nümunəvi həyat yolu keçdiyini, Azərbaycan xalqının tarixində, ədəbiyyatında dərin və zəngin irs qoyduğunu bildirib.

Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli və Dədə Qorqud Vəqfinin rəhbəri, "Azərbaycan dünyası" jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl ədibin zəngin yaradıcılığından söhbət açaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar. Q.Məhərrəmli, həmçinin İ.Şıxlının sonuncu əsəri "Ölən dünyam" romanı haqqında danışaraq bildirdi ki, əsər yazıçının ömrünün son akkordudur.

Şair, yazıçı Sevinc Ağa Xəlilqızı qeyd etdi ki, İ.Şıxlı yaradıcılığa şeirlə başlasa da, daha sonra nəsrə keçib. Onun əsərlərini oxuyan hər kəs etiraf edə bilər ki, yazıçının bəzi xüsusiyyətləri "Dəli Kür" romanında Cahandar ağanın özüdür. S.Ağa Xəlilqızı "Dəli Kür" romanına həsr etdiyi şeiri oxudu.

Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, respublika Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin sədr müavini Vidadi Şabanov, "Altun kitab" nəşriyyatının rəhbəri Rafiq İsmayılov, AJB-nin üzvü, jurnalist Arif Əliyev, yazıçı Səbinə Yusif, şair Zərəngiz Mansurova Xalq yazıçısı İsmayıl Şıxlı haqqında ürək sözlərini söyləyiblər.

Sonda ədibin oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

"Respublika".