Xalq üçün yaşanan ömür
Siyasət

Xalq üçün yaşanan ömür

Dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyev bütün türk dünyasının diqqət mərkəzində olub və böyük iftixar hissilə xatırlanır. İllər, qərinələr, əsrlər arxada qaldıqca xalqımız dahi şəxsiyyəti həmişə böyük hörmətlə yad edir, xatirələrdə əziz bir insan kimi yaşadır.

Müstəqil Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlara imzasını atan Heydər Əliyev fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayaraq yüksək zirvəyə ucalmışdır. Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev bəşər tarixinin bəxş etdiyi ən böyük şəxsiyyətlərdəndir.

Ulu öndər Heydər Əliyev Azərbaycanın taleyinə günəş kimi parlayıb, ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi, xilaskar kimi müstəqil Azərbaycan dövlətinin təməlini, bünövrəsini qoyub. Bu dahi şəxsiyyət mərdliyi, cəsarəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb. Tanrının Azərbaycan xalqına bəxş etdiyi nemətlərdən biri müstəqil Azərbaycan dövlətidirsə, digəri xalqımızın böyük oğlu Heydər Əliyev fenomenidir. Mənalı ömrünü Vətənimizdə qurub-yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində mühüm geostrateji ölkə kimi dünyanın Azərbaycana diqqəti daha da artdı. Bu müdrik insanın, Qafqazda sülh ideyasının alovlu təbliğatçısının gərgin səyləri və qətiyyətli mövqeyi sayəsində milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquqlarının bərqərar olmasına nail olundu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı.

Heydər Əliyev ümumxalq məhəbbətini, istəyini təkcə öz vətənində deyil, bütün dünyada qazanmışdı. Buna görə də dünya siyasətçiləri, dövlət və hökumət rəhbərləri, siyasi xadimlər onu həmişə yüksək qiymətləndirir, onunla razılaşırdılar. Ulu öndər əvəzsiz, yeri görünən müdrik şəxsiyyət idi. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə borcluyuq. Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda daim mübarizə aparmışdı. "Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır". Bu ideya və prinsiplər istər milli təhlükəsizlik orqanlarında, istər Sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə də Azərbaycanın Prezidenti olduğu son 10 ildə Heydər Əliyevin həyat devizi, amalı olub. Ümummilli liderimiz bu istiqamətdə zəngin milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri dəyərlər formalaşdırıb.

Dahi şəxsiyyət Heydər Əliyev tariximizdə təkcə milli müstəqillik ideyasını praktiki olaraq gerçəkləşdirmiş lider kimi deyil, eyni zamanda qurduğu dövləti qətiyyətlə hər cür təhlükələrdən qoruyan, möhkəmliyini təmin edən və hərtərəfli inkişafı üçün sosial-iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanmışdır.

Fenomenal yaddaşa, yüksək intellektə, geniş dünyagörüşünə, aydın təfəkkürə və dəmir iradəyə malik Heydər Əliyevin beynəlxalq siyasət, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, tarix, hüquq, ədəbiyyat, incəsənətin dünəni, bu günü, gələcəyi ilə bağlı ideyaları son dərəcə önəmli və faydalıdır. Bu ideyalar Azərbaycan dövlətinin gələcək inkişafı üçün də əvəzsiz məktəbdir. Azərbaycanın bu gün əldə etdiyi uğurlar, beynəlxalq aləmdəki nüfuzu Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılmışdır. Azərbaycanın istər keçmiş ittifaq dönəmində, istərsə də müstəqillik illərində əldə etdiyi nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni və dühası, uzaqgörənliklə bütün daxili və xarici maneələri dəf edərək həyata keçirdiyi müdrik siyasi kurs dayanır. Ulu öndərin misilsiz xidmətlərindən biri də odur ki, o, Azərbaycanın tarixi keçmişini bərpa etmiş, milli-mənəvi irsini özünə qaytarmış, adət-ənənələrini yaşatmış, ana dilini, ədəbiyyatını, incəsənətini, musiqisini inkişaf etdirmək və dünyada tanıtmaq istiqamətində misilsiz xidmətlər göstərmişdir.

Ulu öndərimiz Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə göstərmişdir. Heydər Əliyevin respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və idarəçilik keyfiyyətləri, tükənməz enerjisi istər ötən əsrin 70-80-ci illəri, istərsə də 1993-cü ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Məhz Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi və hüquqi islahatlar strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Ümummilli liderin ölkənin gələcək inkişafı naminə qarşıya qoyduğu vəzifələrdən biri də məhkəmə-hüquq islahatlarının aparılması nəticəsində milli qanunvericiliyimizin təkmilləşdirilməsi məqsədilə dünyanın inkişaf etmiş demokratik ölkələrinin müsbət təcrübəsindən istifadə edərək yeni normativ-hüquqi bazanın yaradılması idi ki, 1995-2003-cü illəri bu proseslərin həyata keçirilməsinin ilkin hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşər.

Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin bütün sahələrinin müasirləşdirilməsi və demokratikləşdirilməsi məqsədilə ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə köklü islahatlara başlandı. Ulu öndərin rəhbərliyilə hazırlanaraq, 1995-ci ildə referendum yolu ilə ilk milli Konstitusiyamızın qəbul edilməsi məhkəmə-hüquq islahatının əsas mərhələsinin başlanğıcı oldu.

Konstitusiyanın qəbul olunması ilə Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu, hüquqi islahatların aparılmasına zəmin yarandı. Konstitusiyada demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini tapdı. Bu inkişafın əsas komponentlərindən biri də qərəzsiz, aşkar və səmərəli ədalət mühakiməsinin formalaşdırılmasıdır.

Ulu öndər tərəfindən əsası qoyulmuş, bugünkü həyatımızın reallıqlarını özündə əks etdirən Konstitusiyada insan amilinin daha çox önə çəkilməsi və müddəaların üçdəbirinin insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin əyani təzahürüdür. Heydər Əliyev ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir. İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilmiş, respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində əsas beynəlxalq konvensiyalara qoşulmuşdur.

Ümummilli lider Heydər Əliyevin bütün həyat fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin inkişafına və xalqımızın firavan yaşamasına həsr olunub. Zaman keçdikcə ideyaları qəlbimizdə əbədi yer alan Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Azərbaycanı daha parlaq gələcəyə aparır. Heydər Əliyev irsi dövləti idarəetmə nümunəsi olmaqla yanaşı, həm də nəsilləri tərbiyələndirən nümunəvi mənəviyyat örnəyidir. Heydər Əliyev Azərbaycanda dövlətçiliyin müasirliyə, milliliyə, ənənəviliyə əsaslanan məktəbini yaratmışdır.

Ulu öndərin irsi bütün zamanlarda dövlət quruculuğu yoluna işıq salan, özündə dərin konseptual məqamları əks etdirən mükəmməl sistemdir. Ona görə də Heydər Əliyev irsini daha dərindən öyrənmək lazımdır. Çünki Azərbaycanın bütün sahələrdə inkişafı, müasirləşməsi, daha dərindən demokratikləşməsinin mənbəyi bu zəngin xəzinədədir. Məhz bu səbəbdən ümummilli liderin nəsillərə yadigar qoyub getdiyi əvəzsiz irs hər bir azərbaycanlı tərəfindən əxz edilməlidir. Yalnız Heydər Əliyev irsi ilə silahlanaraq Azərbaycana xidmət etmək olar. Çünki biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Ulu öndərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Vətən təəssübü, torpaq, xalq sevgisi ümummilli liderimizin həyat yolu və amalı idi. Mənsub olduğu xalqına sədaqətlə xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. O, elə bir müdrik rəhbər, elə bir dövlət basçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycanla yaşayır, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev müdriklik simvoluydu. Ulu öndərin ideyaları xalqımızın həyat yolunu işıqlandırır. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Ölkəmizin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanır. Ömrünün qalan hissəsini həqiqətən də xalqına həsr edən, zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyəti qədirbilən xalqımız heç zaman unutmayacaq.

Anadan olmasının 101-ci ildönümünü qeyd etdiyimiz ümummilli lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin ona bəxş etdiyi fitri istedadı və bacarıqları sayəsində tarixi hadisələrin inkişaf istiqamətini əvvəlcədən düzgün müəyyən edə bilmişdir.

Ulu öndər hələ 1969-1982-ci illərdə hakimiyyətə gəldiyi birinci dövrdə o vaxt dərin iqtisadi böhran və gerilikdən əziyyət çəkən müttəfiq respublikalardan biri olan Azərbaycanı qısa müddət ərzində öz əzmkar və yorulmaz fəaliyyəti ilə keçmiş SSRİ-nin ən qabaqcıl və özünü iqtisadi cəhətdən təmin edə bilən respublikalarından birinə çevirməyə nail olmuşdur. Məhz ulu öndərin fəaliyyəti nəticəsində həmin dövrlərdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, böyük strateji əhəmiyyətə malik olan sənaye və istehsal müəssisələrinin yaradılması sonradan müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar olmuşdur. Həmin dövrdə böyük təzyiqlərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Respublikamızın müstəqilliyinə zəmin formalaşdırmaq üçün uzaqgörənliklə fəaliyyət göstərmişdir.

Hər bir dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə və qorunub saxlanılması istiqamətində mürəkkəb ictimai-siyasi proseslərin mərkəzində məhz lider və şəxsiyyət amili dayanır. Azərbaycanın milli inkişaf modelinin banisi ulu öndər Heydər Əliyev təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir. Müstəqilliyinin ilk illərində hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi sınaqlarla üzləşən Azərbaycan Respublikası məhz ulu öndərin əsasını qoyduğu mütərəqqi islahatlar nəticəsində cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsini və təkmilləşdirilməsini davamlı prosesə çevirmişdir.

Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycanla yaşayır, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev müdriklik simvolu idi. Ulu Öndərin ideyaları xalqımızın həyat yolunu işıqlandırır. Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Ölkəmizin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanır. Ömrünün qalan hissəsini həqiqətən də xalqına həsr edən, zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyəti qədirbilən xalqımız heç zaman unutmayacaq.

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir. Ulu Öndərin Azərbaycana rəhbərliyi ölkəmizin əbədi müstəqilliyi üçün möhkəm və sarsılmaz iqtisadi zəmin yaratdı. Elə bir iqtisadi zəmin ki, Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkəsinə çevirdi. Öz müstəqilliyi ilə dostlarımızı sevindirən, rəqiblərimizi çəkindirən, düşmənlərimizi məyus edən bugünkü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Dövlət başçısı cənab İlham Əliyev isə bu əsəri hər keçən gün daha da zənginləşdirir və gücləndirir. Artıq hər kəs bilir və inanır ki, müstəqilliyimiz və azadlığımız əbədidir!

Ötən 20 ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyev siyasəti yaşayır və cəmiyyətimizin həyatında, dünyada baş verən proseslərə, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq təkmilləşdirilir, modernləşdirilir və uğurla davam etdirilir.

Ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Bu gün Heydər Əliyevin strategiyası və ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev ideyasının davamı və daha da inkişafıdır. Bu siyasətin məğzində Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalinin maddi rifah halının daha da yaxşılaşması durur. Azərbaycan və xalqımız var olduqca Heydər Əliyev əməlləri və ideyaları yaşayacaq və qorunub saxlanılacaq.

Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə milli həmrəylik, vətəndaş birliyi möhkəm əsaslarla təmin olunur. Azərbaycanda siyasi münasibətlərin inkişafı, iqtidar-müxalifət dialoqunun sağlam əsaslarla davam etməsi möhtəşəm Zəfərin qazanılmasında mühüm amil oldu. Belə ki, Vətən müharibəsində bütün vətəndaşlarımız və siyasi partiyalar Ali Baş Komandanımızın və ordumuzun ətrafında sıx birləşdi. Hazırda da bu birlik mövcuddur və gələcək inkişafımızda müstəsna rol oynayır.

2020-ci ili Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazan cənab İlham Əliyev hər bir azərbaycanlıya yeni bir həyat bəxş etdi. Onun "Dəmir Yumruğ"u ilə düşmənin belinin qırılması müstəqil Azərbaycan dövlətinə yeni bir nəfəs verdi. Azərbaycan xalqı layiq olduğu ləyaqətli həyatı əldə etmişdir. Bütün xalq əmindir ki, biz cənab İlham Əliyevin rəhbərliyi Ulu Öndər Heydər Əliyevin yolu ilə gedərək gələcəkdə hələ çox uğurlara imza atacağıq!

Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindəki Qələbənin də ali təşkilatçısı və qalib sərkərdəsidir. Prezident Vətən müharibəsində çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Dövlət rəhbəri İlham Əliyev müqəddəs vəzifəni, Ata vəsiyyətini yerinə yetirərək Qarabağı işğaldan azad etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin 20 il ərzində bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə müzəffər ordumuzun yaratdığı və yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan azad edən müzəffər Sərkərdə oldu. Artıq Ulu Öndərin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub.

Beləliklə, ulu öndərin qurduğu dövlət də, onun ən layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti də ölkəmizlə və xalqımızla həmahəng şəkildə daim inkişafdadır. Azərbaycan xalqı özünün sadiq və uzaqgörən rəhbərinin başçılığı ilə işıqlı gələcəyə doğru müzəffər yürüşünü uğurla davam etdirir.

Heydər Əliyev irsinin uğurla davam etdirilməsində, qələbələr qazanmasında Mehriban xanım Əliyevanın da böyük fədakarlığı, layiqli xidmətləri vardır. Mehriban Əliyevanın dahi şəxsiyyətin adını daşıyan fondun rəhbəri kimi ölkə və dünya miqyasında həyata keçirdiyi aksiyalar, sosial layihələr Heydər Əliyevin əbədiyaşar ruhuna ən böyük ehtiram nümunələridir. Birinci vitse-prezident öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmışdır.

Azərbaycanın beynəlxalq miqyasda daha yüksək imiclə tanınması, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Artıq Azərbaycan milli-mənəvi dəyərləri ilə beynəlxalq aləmdə sivil bir ölkə kimi tanınır, müstəqil dövlətimizin dünyaya hərtərəfli inteqrasiyası gündən-günə sürətlənir. Bu prosesdə Azərbaycanın mənəvi dəyərlərinin qorunması və təbliği önəmli bir fəaliyyət olaraq aktuallığını artırır. Ümummilli liderin zəngin dövlətçilik ənənələrinin davamçısı kimi Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz bu prosesin ağırlığını öz üzərinə götürərək xalqımızın yüksək mədəni dəyərlərinin, dövlətimizin humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimində fəal və önəmli rol oynayır.

Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər xalqımızın rəğbətini qazanmaqla yanaşı, xaricdə də daim yüksək qiymətləndirilir. Onun fəaliyyət dairəsi o qədər hüdudsuz və o qədər parlaqdır ki, gördüyü işləri təsnifatlandırmaq olduqca çətindir. Amma hansı sahəyə üz tutmağından asılı olmayaraq, Mehriban xanım bütün işləri ilə dövlət siyasətini tamamlayır, ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezident İlham Əliyevin titanik fəaliyyətinə dəstək verir.

Eyni zamanda ulu öndərin xalqa xidmət amalları 20 illik fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilir. Heydər Əliyev Fondu davamlı olaraq xeyriyyə aksiyaları ilə yanaşı, Azərbaycan mədəniyyətinin, musiqisinin, tarixinin, bir sözlə, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliği istiqaməsində misilsiz işlər görür. Humanizm, tolerantlıq, multikultural dəyərlərin möhkəmləndirilməsi sahəsində görülən işlər və həyata keçirilən siyasətin nəticəsi olaraq bu gün Azərbaycan xalqların, dinlərin, mədəniyyətlərin nümayəndələrinin dinc, təhlükəsiz, sülh şəraitində yanaşı yaşadığı nümunəvi tolerant ölkədir.

Azərbaycan dövlətinin sükanı arxasında dayanan möhtərəm Prezidentimiz cənab İlham Əliyev dahi Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi, layiqli davamçısıdır. Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəyişməzdir, dönməzdir. Çünki bu yol ölkəni inkişafa aparan yeganə düzgün yoldur. Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevə inanır və onun siyasi kursunu və şəxsiyyətini dəstəkləyir.

Məmnunluq və qürur hissi ilə ulu öndərin özündən sonrakı varisə bəslədiyi böyük ümidlərin necə uğurla doğrulduğunun xoşbəxt şahidləriyik. Etibarlı əllərdə olan Azərbaycan dinamik sosial-iqtisadi inkişafı, əmin-amanlıq diyarı, ictimai-siyasi sabitlik adası olması, mədəniyyət mərkəzinə çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə dünyaya günəş kimi doğur. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu böyük bacarıqla, müdrik uzaqgörənliklə davam etdirir.  

Bu gün, bu böyük şəxsiyyətin qoyub getdiyi irsə müraciət edəndə görürük ki, o vaxt bizim üçün çıxılmaz sayılan məsələləri necə də müdriklik və uzaqgörənliklə həll etmişdir. Odur ki, nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var - demək Heydər Əliyev də tarixdə qalacaqdır.

"Azərbaycan mənim ürəyimdir, nəfəsimdir", - deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoymuşdur. Heydər Əliyev şəxsiyyətinin və siyasi fəaliyyətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, adının bəşər tarixində əbədi iz qoymuş dövlət xadimləri ilə bir sırada çəkilməsi hər birimiz üçün hədsiz qürur və iftixar mənbəyidir.

Vətənə və xalqa həsr olunmuş ömür bitmir. Ümummilli liderimizin söylədiyi kimi: "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"

Aydın QASIMOV,

hüquq elmləri doktoru,

professor.