Beynəlxalq simpozium
Diaspora

Beynəlxalq simpozium

Ankara

Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Mədəniyyətlərarası Şəbəkə Dərnəyi və Qazi Universitetinin Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycandan məcburi köç" adlı beynəlxalq simpozium keçirilib.

Tədbirdə  Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev, TADİV-in sədri Aygün Attar,  siyasi elmlər doktoru, professor Hicran Hüseynova, deputat Naqif Həmzəyev, Ankara millət vəkili Zeynep Yıldız, Sakarya millət vəkili Çiğdem Ərdoğan, Harvard Universitetinin Qara dəniz tədqiqatlarının rəhbəri Sergey Konoplyov, Qazi Universitetinin Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin rəhbəri, professor Bülent Aksoy, Qazi Universitetinin rektoru Musa Yıldız, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Şamil Ayrım,  media təmsilçiləri, diplomatlar, QHT nümayəndələri, tarix, hüquq, beynəlxalq münasibətlər və sosiologiya sahələrində çalışan alimlər və Qazi Universitetinin tələbələri iştirak ediblər.

Simpozium "Beynəlxalq hüquq və miqrasiya", "Köçdən əvvəlki şərtlər və Qərbi Azərbaycandan köç", "Məcburi köç və onun sosial təsirləri", "Köçdən sonrakı uyğunlaşma və gələcək" başlıqlı sessiyalarla davam edib.

Tədbirdə Qərbi Azərbaycan türklərinə qarşı məcburi köçün səbəbləri və nəticələri mütəxəssis alimlər tərəfindən geniş müzakirə edilib. Simpozium iştirakçıları, Qərbi Azərbaycanda yerli əhalinin öz evlərinə qaytarılması, onların hüquqlarının təmin olunması və deportasiya olunmuş azərbaycanlılara təzminat ödənilməsi  ilə bağlı tarixi ədalətin bərpasına çağırıblar.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın XX əsrdə mərhələlərlə davam edən deportasiyası, bu ərazidəki tarixi abidələrimizin mənimsənilməsi, mümkün olmadıqda isə dağıdılması, yer adlarının dəyişdirilməsi ilə müşayiət olunub. 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, xalqımızın Ermənistan ərazisindəki mədəni irsi də vandalizmə məruz qalıb.  Natiqlər xalqımızın əzəli torpaqları olan Qərbi Azərbaycan ərazilərində min illərlə yaratdığı böyük mədəniyyət və mədəni irs nümunələri haqqında danışıblar. Onlar ermənilərin böyük güclərin dəstəyi ilə bir əsrdə 4 dəfə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın  deportasiya edilməsini və onların öz yurd yerlərindən qovulmasını tarixi ədalətsizlik adlandırıblar. Qeyd olunub ki, 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya zamanı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıb,  90-a yaxın kənddə azərbaycanlılar çoxluq təşkil edib. Çox  təəssüf ki, onların hamısı sonuncu nəfərinə qədər ata-baba yurdlarından qovulublar. 200-dən çox azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insan bədən xəsarəti alıb, 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Bu gün həmin ziyanın məbləği 700 milyard ABŞ dolları həcmindədir. Tədbirin sonunda XX əsrin faciəli hadisələrinə, o cümlədən indiki Ermənistan ərazisində azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması  ilə bağlı bəyanat açıqlanıb. Bəyanatda qeyd olunub ki, Cənubi Qafqaz ərazisində Ermənistan dövlətinin yaradılması prosesi çar Rusiyasının işğalı ilə başlayıb: "Ermənilər Rusiyanın dəstəyi ilə dövlət qurublar, Qərbi Azərbaycanın etnik xəritəsinin dəyişdirilməsi məqsədi ilə   Cənubi Qafqaza Osmanlı imperiyası və İrandan minlərlə etnik erməni gətirilib. Artıq XX əsrin birinci onilliyində Qərbi Azərbaycanda müsəlmanların kütləvi qırğınları törədilib və əhaliyə divan tutulub". Sənəddə həmçinin Sovet İttifaqı dövründə də Qərbi Azərbaycandan yerli əhalinin zorla qovulması istiqamətində atılan sistemli addımlara da diqqət yetirilib. "1948-1953-cü və 1988-1991-ci illərdə azərbaycanlıların deportasiyasının iki dalğası olub. Yüz minlərlə insan öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Ermənilər türklərsiz monoetnik dövlət yarada biliblər".

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.