Xankəndi şəhərində üçrəngli bayrağımızın ucaldılması suverenliyimizin bərpasının təntənəsidir
Sosial həyat

Xankəndi şəhərində üçrəngli bayrağımızın ucaldılması suverenliyimizin bərpasının təntənəsidir

Oktyabrın 15-də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılanır.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatında bildirilir ki, bu fikirlər Nazirlikdə və struktur qurumlarda dövlət başçısının 20 illik zəfər yoluna həsr olunan tədbirlərdə vurğulanıb.

Ölkə Prezidentinin çıxışında qeyd etdiyi kimi, Xankəndidə Azərbaycanın gerbi, bayrağı altında olmaq böyük xoşbəxtlik və tarixi hadisədir. Bununla bağlı ədliyyə işçiləri öz ürək sözlərini bölüşərək qatı separatizm yuvasından azad edilmiş qədim şəhərlərimizdə milli qürur mənbəyimiz olan bayrağımızı qaldıraraq xalqımıza növbəti sevinc və zəfər hissini yaşatdığına görə dövlət başçısına sonsuz minnətdarlıqlarını ifadə ediblər.

Bildirilib ki, bu müqəddəs missiyanın ümummilli liderin 100 illiyini qeyd etdiyimiz "Heydər Əliyev İli"ndə, Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin prezident seçilməsinin iyirminci ildönümündə həyata keçirilməsi xüsusilə əlamətdardır.

İlk gündən xalqımızın dərin rəğbətini qazanan ölkə başçısı uzaqgörən və müdrik addımları ilə ötən 20 il ərzində müstəqil güclü Azərbaycan dövlətinin hərtərəfli davamlı tərəqqisini təmin etməklə, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməklə müasir tariximizin qızıl səhifələrini yazıb. Bu illər ərzində elə bir sahə olmayıb ki, cənab Prezidentin rəhbərliyi ilə hərtərəfli islahatlar aparılmasın və inkişaf əldə edilməsin.

Çıxış edənlər dövlətimizin başçısının Azərbaycanı dünyada ən islahatçı ölkəyə, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla etibarlı tərəfdaşa çevirdiyini, bənzərsiz diplomatik məharəti ilə respublikamızın beynəlxalq nüfuzunun və imicinin günbəgün yüksəldiyini vurğulayıb, ölkə Prezidentinin ən sadiq silahdaşı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın hərtərəfli tərəqqisinə fəal dəstəyini və mühüm töhfəsini qeyd ediblər.

Ölkə başçısının rəhbərliyi ilə ötən dövrdə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə mütərəqqi, müasir çağırışlara uyğun islahatlar aparıldığı bildirilib. Əlamətdar tarixi günlə bağlı ədliyyə nazirinin mediada Azərbaycan və rus dillərində məqaləsi dərc olunub, nazirliyin sosial media hesablarında, elektron məlumat lövhələrində maarifləndirici məlumatlar, foto və video slaydlar nümayiş etdirilib.

Tədbirlərdə doğma Vətəni, milləti qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksələn Prezident İlham Əliyevin ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin yeganə təminatçısı olduğu qeyd olunaraq müzəffər xalqımızın dövlət başçısının rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacağına əminlik ifadə olunub.

“Respublika”.