Duzlu, məzəli, cəsarətli, satirik gülüşlü Mirzə Cəlil
Mədəniyyət

Duzlu, məzəli, cəsarətli, satirik gülüşlü Mirzə Cəlil

Böyük ədibin anadan olmasından 155 il ötür

"Bir dəfə bir ingilisdən soruşmuşlar ki, sən V.Şekspirdən keçərsən, yoxsa Hindistandan? Həmin şəxs tərəddüd etmədən demişdir: "Hindistandan keçərəm, amma Şekspirdən yox! İngilis xalqı Hindistansız yaşaya bilər, amma Şekspirsiz yox! Çünki bu dahi ingilis bizim xalqın böyük mənəvi dünyasıdır. Onun ədəbi abidəsidir.

Əgər buna bənzər sualla hər hansı azərbaycanlıya müraciət etsək ki, Mirzə Cəlil sənin üçün nədir? O da tərəddüd etmədən deyər ki, Mirzə Cəlil bizim üçün duzlu, məzəli, iti ağıllı, cəsarətli, tərbiyəedici, ayıldıcı satirik gülüşlü və gözəl ədəbi irslə bir Azərbaycan dünyasıdır".

Bəli, "Azərbaycan mətbuatının şəfəqləri" ensiklopedik toplusundan götürülmüş bu fikirlərdə böyük həqiqət var. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, milli mətbuatına yeni ab-hava, yeni nəfəs gətirib, dünyada əvəzi olmayan "Molla Nəsrəddin" ədəbi məktəbinin əsasını qoyub.

Ədəbiyyat və ictimai fikir tariximizdə Molla Nəsrəddin adı ilə özünü əbədiləşdirmiş və bu adla bütün Şərq aləmində, hətta Rusiyanın dərinliklərində məskunlaşmış müsəlman-türk obalarında böyük şöhrət qazanmış Mirzə Cəlil misilsiz tarixi uğurlara imza atmışdır. "Molla Nəsrəddin" jurnalı müsəlman dünyasının böyük şöhrət qazanıb yayılan, oxunan və misilsiz təsir qüvvəsinə malik bir mətbuat orqanı idi. Cəlil Məmmədquluzadə Azərbaycanın mədəni inkişafı, Yaxın Şərqin və bütün islam ölkələrinin ictimai fikir tarixində misilsiz inqilab yaradan "Molla Nəsrəddin" jurnalını nəşr etməyə başlayanda artıq bitkin və silahlı bir siyasi, ictimai mübarizə çevrilmişdi.

"Molla Nəsrəddin"in ilk sayı 1906-cı il aprelin 7-də çıxmış və cəmiyyətdə böyük əks-səda doğurmuşdu. Onun ilk nömrəsi təkcə Azərbaycanda deyil, Qafqazda, habelə İran, Türkiyə, Orta Asiya və Rusiyada da maraqla qarşılanmışdı.

XX əsrdə M.F.Axundzadə Azərbaycan mühiti üçün Qərb və Şərq mədəniyyətinin, o sıradan ədəbi-bədii düşüncə tərzlərinin sintezinə nail olan fenomenal bir şəxsiyyət, hər iki tərəfin müxtəlifliyini özündə ehtiva edən mütəfəkkir idi. Ötən əsrin əvvəllərində ictimai-mədəni xidmət arenasına çıxan "Füyuzat" və "Molla Nəsrəddin" ədəbi məktəbləri isə öz mənbəyini həmin fenomendən alan və ədəbi-mədəni intibah tariximiz üçün paralel istiqamətli (romantik və satirik istiqamət) işıq seli-axını rolu oynayan, habelə milli mədəniyyət nümunəsi və Azərbaycanda dünya standartlarına cavab verən bədii sənət yaddaşıdır.

Cəlil Məmmədquluzadənin ədəbi-bədii yaradıcılığı xalqımızın ictimai fikir dünyasının çox dəyərli varidatıdır. İstər ictimai-siyasi məqalələri, duzlu, şirin hekayələri, istərsə də dramaturgiyası bu varidatın əvəzsiz inciləridir. Və məhz bu incilər sonrakı illərdə dünyagörüşümüzün genişlənməsində mühüm rol oynamışdır.

Cəlil Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan şəhərində anadan olmuş, ilk təhsilini şəhər məktəbində almış, 1882-1887-ci illərdə Qori Müəllimlər Seminariyasında oxumuşdur. Seminariyanı bitirdikdən sonra o, bir müddət İrəvan quberniyasının Uluxanlı, Baş Noraşen və Nehrəm kəndlərində dərs demiş, 1898-1901-ci illərdə Naxçıvan və İrəvanda inzibati idarələrdə məmur vəzifəsində çalışmışdır. 1903-cü ildə Tiflisə gələn Mirzə Cəlil məşhur şərqşünas və publisist, "Şərqi-Rus" qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtinski ilə tanış olmuş, 1904-cü ildə həmin qəzetdə işləməyə başlamışdı. 1920-1921-ci illərdə Təbrizdə yaşadığı müddətdə "Molla Nəsrəddin" jurnalının daha 8 nömrəsini nəşr etdirmiş, 1921-ci ildə Bakıya qayıtdıqdan sonra da sevimli işilə məşğul olmuşdu.

Ömrünün sonlarında mənəvi təzyiqlərə məruz qalan Mirzə Cəlil hətta "burjua yazıçısı" adlandırılmışdı.

Yaradıcılığa "Çay dəstgahı" adlı birpərdəli alleqorik mənzum pyeslə başlayan ədibin ilk irihəcmli əsəri "Danabaş kəndinin əhvalatları" povestidir (1894-cü il). Əsrin əvvəllərində "Poçt qutusu", "Kişmiş oyunu", "Usta Zeynal", "İranda hürriyyət", "Qurbanəli bəy", "Quzu" və s. adlı hekayələr yazan yazıçı bir sıra povestlərin də müəllifidir. "Danabaş kəndinin əhvalatları" povestində XIX əsrin 90-cı illərində Azərbaycan kəndində baş verən hadisələr ümumiləşdirilmiş şəkildə, realist qələmlə təsvir olunur.

Mirzə Cəlil "Çay dəstgahı" və "Kişmiş oyunu" əsərlərindən sonra dramaturgiya sahəsində yaradıcılığını davam etdirmiş, "Ölülər", "Anamın kitabı", "Kamança", "Danabaş kəndinin məktəbi", "Lal", "Dəli yığıncağı" kimi dram əsərlərini yaratmışdı.

Cəlil Məmmədquluzadə 1902-ci ildən ömrünün sonunadək publisistika sahəsində də fəal çalışmış və jurnalist kimi də tanınmışdı. Gülməli, qəmli felyetonlar, sujetli oçerklər, işgüzar məktub və sual-cavab şəklində qurulmuş yazılardan ibarət publisist əsərləri yazıçıya az şöhrət gətirməmişdi. Yeni dövrün Azərbaycan Molla Nəsrəddini kimi tanınan Mirzə Cəlil həcmcə xırda, mənaca böyük olan bu yazılarında da "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir" amalını əsas götürmüşdü. O, xalqın dərdlərindən yazır, biganə "ziyalı"ları tənqid edir, məktəblərdə ana dilinin öyrədilməsi məsələsinin zəruriliyini göstərirdi. Ana dili məsələsinə böyük əhəmiyyət verən sənətkar "Xatiratım" adlı əsərində iftixarla yazırdı: "Yazıda böyük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq". Ədibin yaradıcılığında Cənubi Azərbaycanla bağlı məsələlərə də geniş yer verilib.

Rusiyada baş vermiş fevral və oktyabr çevrilişləri fonunda 1917-ci il noyabrın 27-də yazılmış və "Molla Nəsrəddin" jurnalında dərc edilmiş "Azərbaycan" məqaləsi ədibin çoxsaylı publisist yazıları içərisində xüsusi yer tutur. "Ax unudulmuş Vətən, ax yazıq Vətən!" sözləri ilə başlanan məqalədə müəllif yazırdı: "Dünyalar titrədi, aləmlər mayallaq aşdı... Millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bərpa etməyə üz qoydular. Bəs sən haradasan, ay biçarə Vətən?!". O, bu sözlərlə millətin qeyrət damarını tutmaqla həmvətənlərini oyanmağa, birləşməyə, vətən mülkünü qurmağa çağırırdı.

Mirzə Cəlil xalqımızın ədəbi abidəsidir. 155 il bundan öncə dünyaya gələn, qələmilə xalqına xidmət edən kiçik əsərlərin böyük müəllifinin yaratdığı abidə isə əbədidir...

Zümrüd QURBANQIZI,

"Respublika".