Daha bir Zəfər salnaməsi
Siyasət

Daha bir Zəfər salnaməsi

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün nəticəsi olaraq 4 kəndimizin qaytarılmasına nail olduq.

Yeni dövrə Zəfərlə qədəm qoyan xalqımız tarixi anlara şahidlik edir. Xüsusilə Vətən müharibəsində əldə etdiyimiz qalibiyyətin ardınca qüdrətli Azərbaycan dövləti yeni uğurlara imza atır. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi nəticəsində ərazi bütövlyümüzün tam bərpası 30 ilə yaxın davam edən doğma yurd həsrətini sona çatdırdı. Ardınca ötən ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirləri nəticəsində qüdrətli Azərbaycan dövləti öz suverenliyini tam bərpa etdi. Separatizmin kökü ölkəmizdə birdəfəlik kəsildi.

Vətən müharibəsindəki Zəfərimizə qədər insanlarda belə bir təsəvvür yaranmışdı ki, Qarabağ düyününün açılması üçün hələ uzun illər lazım gələcək. Lakin Azərbaycan xalqının qələbə əzmi, Prezident İlham Əliyevin liderliyi ilə  dövlətimizin apardığı uğurlu siyasət torpaqlarımızın tezliklə azad edilməsinə, ədalətin bərpa olmasına gətirib çıxardı. Xüsusi qeyd edilməlidir ki, qeyri-anklav kəndlərimizin geri qaytarılması məsələsi məhz 2020-ci ildən bu yana daim diqqət mərkəzində saxlanılırdı. Bir güllə belə atılmadan əldə etdiyimiz Zəfər məhz  "nəyi necə, nə vaxt etmək" lazım olduğunu bilən Ali Baş Komandan İlham Əliyevin ardıcıl, sistemli və düşünülmüş siyasətinin nəticəsi kimi tarixə qızıl hərflərlə yazıldı.

Xatırladım ki, ötən müddət ərzində anti-Azərbaycan dairələri daim gərginlik yaratmaqla bu prosesə kölgə salmağa çalışırdılar. Məhz dörd kəndin azad edilməsi müxtəlif qüvvələrin regionda suni qarşıdurma yaratma cəhdlərinin iflası deməkdir.  Eynilə 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirlərində olduğu kimi, bu dəfə də Azərbaycanın regional lider dövlət olması öz təsdiqini tapır. Bu, bir daha sübut edir ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olmağa qadirdir.

Elçin MIRZƏBƏYLİ,

politoloq.