İqlim dəyişmələri: böhranın qarşısı necə alınacaq?!
Ekologiya

İqlim dəyişmələri: böhranın qarşısı necə alınacaq?!

"...Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırırıq...". Bu fikirləri Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuata bəyanatında bildirib. Baş katib isə öz bəyanatında Azərbaycanda keçiriləcək növbəti COP görüşünü çox səbirsizliklə gözlədiyini deyib: "İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada - Azərbaycanda görürük".

Bu ilin noyabrında Bakıda daha bir möhtəşəm tədbir keçiriləcək. COP-un 29-cu toplantısına dünyanın müxtəlif ölkələrindən 80 minədək müsafir gələcək. Konfransda iqlim dəyişmələri və onun fəsadları ilə mübarizə yolları, dünyanın gələcək taleyi ilə bağlı məsələlər müzakirə olunacaq. Bir sözlə, dünyanın diqqəti yenidən Bakıda olacaq...

2023-cü il dekabrın 30-da Nazirlər Kabineti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Bakı şəhərinin Baş Planını təsdiq edib. Baş Plan 2040-cı ilədək olan dövrü əhatə edir və 4 prioritet hədəfə əsaslanır ki, onlardan biri də ətraf mühit və yaşıl ərazilərdir. Onu qeyd edək ki, bu gün Bakının da ətraf mühitinin əhəmiyyətli dərəcədə çirklənməsi keçmiş sənaye dövrünün mirasıdır. Bu baxımdan şəhərin Baş Planında göl və torpaqların rekultivasiyası ilə bağlı növbəti 20 ildə ekoloji reabilitasiya üçün prioritet istiqamətlər müəyyən edilib. "Hibrid yaşıl dəhlizlər" Baş Planın əsas konseptual sütunlarıdır və müxtəlif funksiyaları özündə birləşdirir. Şəhərdə havanın keyfiyyətinin və mikroiqlimin yaxşılaşdırılması, piyadalar üçün küçə mühitinin yüksəldilməsi, şəhərin müxtəlif hissələrini birləşdirərək piyada gəzintinin və velosiped istifadəsinin təşviq edilməsi, yaşıllıqların genişləndirilməsi və əlavə "yaşıl" istirahət zonalarının yaradılması funksiyaları daxildir. Baş Planın bu prioritet hədəfinə çatmaq Bakının daha çox parklar, bağlar şəhərinə çevrilməsini təmin edəcək. Bu isə ekoloji baxımdan çox vacib məsələdir.

Bu gün Bakıya rayonlardan böyük axın var və bu baxımdan şəhər çox yüklənir, ancaq digər iri şəhərlərimiz olan Gəncə və Sumqayıta da axın güclüdür, çünki hər üç şəhərdə inkişaf sürətlə gedir, insanlar da öz tələbatlarını ödəmək üçün bu şəhərlərə üz tuturlar. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Sumqayıt şəhəri ilə bağlı danışarkən deyib: "Sumqayıt şəhəri. Sovet vaxtında hesab olunurdu ki, ən ekoloji cəhətdən çirklənmiş şəhərdir. Doğrudan da o vaxt Sumqayıtdan o tərəfə, şimal istiqamətinə gedən hər maşında oturanlar bu zəhərli iydən şüşələri bağlayırdılar. İndi Sumqayıt öz sənaye potensialını qoruyub, amma artıq ekoloji cəhətdən çox təmiz şəhərdir. Hətta deyərdim ki, Bakıdan da təmiz şəhərdir. Amma, eyni zamanda Sumqayıtda elə sənaye müəssisələri, texnoparklar və digər obyektlər yaradılıb ki, Sumqayıt bu gün də Cənubi Qafqazın Bakıdan sonra ikinci ən böyük sənaye şəhəridir".

Bu isə onu göstərir ki, Azərbaycanda sənaye müəssisələri tikilib işə salınarkən ekoloji təmizlik, ətraf mühitin qorunması məsələsi daim diqqət mərkəzində saxlanılır. Gəncə isə Avropa İttifaqının yaşıl şəhərlər layihəsinə daxil edilib.

Bakı, onun ekoloji vəziyyətinin sabitləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində Xəzər xüsusi yer tutur. Xəzər qədim tarixə malikdir. Bu tarix onun əhəmiyyətini aydın göstərsə də, dəniz XIX əsrin ortalarından başlayaraq neft istehsalı ilə bağlı daha çox diqqəti cəlb edib.

Dünya praktikasında ilk dəfə 1798-1830-cu illərdə dənizdə, Xəzərin buxtasında qazılmış quyulardan neft çıxarılıb. Bundan sonra Avropanın bölgədəki neft sahələrinə marağı artıb. 1873-cü ildə Robert Nobel Abşeron, Xəzər neft yataqlarının istifadəsinə və ağ neft fabrikinin tikintisinə, qardaşları Lüdviq və Alfredlə birlikdə 25 min rubl sərf etmişdir. Həmin qardaşlar 1879-cu ildə neft şirkəti yaratmış, L.Nobelin sifarişi ilə dünyada ilk neft gəmisi tikilib istifadəyə verilmişdir. Xəzər neftinə daha sonra Roltşildlər də maraq göstərmiş, fəaliyyət dairəsinə görə 2-ci yerə çıxmışlar.

İlk dəfə 1949-cu ildə sənaye üsulu ilə neftin istehsal edilməsinə də Xəzər dənizində başlanılmış, sovet dövründə Xəzər nefti Rusiyanın güclü gəlir mənbəyi olmuşdur. XX əsrin 70-ci illərində Xəzərin tədqiqi ilə məşğul olan görkəmli azərbaycanlı coğrafiyaşünas alim Q.M.Gül yazırdı ki, Xəzərin sərvətləri, müxtəlif və rəngarəngdir. Dünya durduqca Xəzər bəşəriyyətə xidmət edə, ona bol ruzi verə bilər. Bunun üçün onun təbii sərvətlərindən, iqtisadi imkanlarından ağıl və zəka ilə zamanın tələblərinə uyğun, səmərəli istifadə yolları müəyyən olunmalıdır. Regionda beş müstəqil dövlətin mövcudluğu onların xarici siyasətində "Xəzərdən yeni istifadəni" meydana çıxarmış və bu, beynəlxalq əhəmiyyətli mövzuya çevrilmişdir. Xəzərin müasir problemləri arasında onun ekoloji vəziyyəti ilə yanaşı, səviyyəsinin dəyişməsi və statusu məsələsi mühüm yer tutur.

Xəzər dənizində ekoloji problemlərin vaxtında aşkar olunması və aradan qaldırılması məqsədilə dövlətimiz tərəfindən çox işlər görülür. Sözsüz ki, Xəzərin suyunun səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən biri ona tökülən çaylarda, iqlim dəyişməsi nəticəsində suyun azalmasıdır. İnanırıq ki, Bakıda dünyanın beyin mərkəzlərinin təmsilçilərinin, ekoloq alimlərin, mütəxəssislərin iştirakı ilə keçirilən COP29 bəşəriyyəti narahat edən məsələlərin həlli üçün yollar arayıb axtaracaq, Xəzərin də dərdinə əlac tapılacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".