Qlobal problemlərin müzakirəsi Bakıda keçiriləcək
Ekologiya

Qlobal problemlərin müzakirəsi Bakıda keçiriləcək

COP29 BMT çərçivəsində keçirilən ən böyük tədbirlərdən biridir. Sözügedən beynəlxalq tədbir Azərbaycan üçün böyük siyasi əhəmiyyət daşıyır. Qeyd edək ki, ölkəmiz dünya miqyasında keçirilən bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib.

COP29-un respublikamızda keçirilməsi ölkəmizə olan yüksək etimaddan xəbər verir. Qeyd edək ki, COP29-a ev sahibliyimiz təkcə ekoloji aspektdən yox, 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının reallaşması baxımından da dəyərləndirilməlidir.

Məhz buna görə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji problemlərə qarşı apardığı mübarizədəki müstəsna rolunu  ifadə edir. Odur ki, tədbirin məhz Bakıda keçirilməsi xalqımız üçün qürurvericidir.

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın iqtisadi, siyasi və humanitar mərkəzi hesab olunur. Dövlətimiz beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malikdir. Təsadüfi deyil ki, cari ildə Azərbaycan daha bir mötəbər tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Ölkəmizin COP29-a ev sahibliyini bu ilin ən mühüm hadisəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi xarakterizə edilə bilər. Rəsmi Bakı müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün nümunəyə çevrilib. Bununla yanaşı, Azərbaycan daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli addımlar atdığını bir daha təsdiqləyir.

Dünyada enerji istehlakına tələbat artır ki, bu da sahənin təchizatı modelinin təkmilləşdirilməsini və dayanıqlılığını tələb edir. Enerji təchizatı zəncirində karbon emissiyasının təsirinin azaldılması və iqlim dəyişmələrinə səbəb olan faktorların qarşısının alınması vacibdir. Dünyanın müxtəlif ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının həcmi artır və bu prosesin yaxın gələcəkdə daha da sürətlənəcəyi proqnozlaşdırılır.

COP29 tədbirinin mövzusu ekoloji məsələlər olsa da imkanlarının geniş olması və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradacaq.  Məlumat üçün bildirək ki, ilk COP toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. COP-un keçirilməsində məqsəd dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi, 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. Hər il bununla bağlı bir tədbir keçirilir. Tədbiri təşkil edən ölkələr BMT-nin beş regional qrupu arasında rotasiya qaydasında müəyyən olunur. Hər regional qrup üzvlərindən birini konfransı təşkil edəcək namizəd kimi konsensus qaydasında irəli sürməlidir.

Hazırda qlobal enerji probleminə qarşı mübarizə geniş vüsət alıb ki, bu da həmin resurslara artan tələbatın davamlı şəkildə ödənilməsini zərurətə çevirib. Dünya Enerji Şurası tərəfindən irəli sürülən "Enerji trilemması" konsepsiyasında enerji təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik arasında tarazlığın yaradılması kimi mühüm məsələlər öz əksini tapıb. Planetdə iqlim dəyişmələrinin təsiri ilə yaranan dağıdıcı risklərin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması məqsədilə qarşıdakı 30 il ərzində qlobal enerji sistemində dərin və ardıcıl transformasiyaların baş verməsi gözlənilir. 2030-cu ilədək qlobal istiləşməni aradan qaldırmaq üçün illik 5,7 trilyon ABŞ dolları məbləğində sərmayə lazımdır. 1,5°C qlobal istiləşmə strategiyasına müvafiq olaraq 2030-cu ilədək xeyli sayda əlavə iş yerinin yaradılması nəzərdə tutulub. Bu baxımdan, "Yaşıl enerji"nin əhəmiyyəti bir daha öz təsdiqini tapır. Çünki bərpaolunan enerjidən istifadə enerji qiymətləri, enerji təhlükəsizliyi və iqlim böhranı ilə bağlı məsələlərin həllinə öz müsbət təsirini göstərəcək. Bərpaolunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin enerji keçidinin rifah indeksinə görə 1,5°C strategiyası qlobal rifaha da mühüm töhfə olacaq. Sözügedən indeks, bərpaolunan enerjiyə keçidə dair yol xəritələrinin səmərəliliyinin enerji siyasətilə sıx bağlılığı ilə xarakterizə edilir. Burada ölkədaxili və beynəlxalq tənzimləyici qərarların qəbulu da əhəmiyyətli rola malikdir.

Ölkə başçımızın dəfələrlə bildirdiyi kimi, gələcək "yaşıl" energetikanındır. Şübhəsiz mövcud dövrümüzdə iqlim dəyişməkıiyi məsələləri hər kəsi narahat edir. Məhz bu səbəbdəndir ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim dəyişmələri ilə bağlı bir sıra görüş və müzakirələr keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı, Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulaması ölkə başçımız tərəfindən bu təklifin məmnunluqla qəbul edilməsi dövlətimizin bəşəri təhlükələrin aradan qaldırılmasındakı səylərini bariz şəkildə göstərir.

Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransında (MSC2024) iştirak edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bir sıra açıqlamalarla yadda qaldı. Konfrans çərçivəsində "COPing Mechanism: Beynəlxalq İqlim Diplomatiyasının Perspektivləri" adlı paneldə iştirak edən Muxtar Babayev hər kəs üçün səmərəli bir gələcək qurmaq naminə iqlim fəaliyyətini genişləndirmək və birlikdə çalışmağın vacibliyini diqqətə çatdırdı.

Ümumiyyətlə, bu ilin noyabr ayında beynəlxalq ictimaiyyətin bütün diqqəti məhz Bakıya yönələcək. Azərbaycan daha bir nüfuzlu tədbirə ev sahibliyi etməsi ilə daha böyük nüfuz və etibar qazanacaq.

Nurlan ABDALOV,

"Respublika".