Qlobal çağırışlar, etibarlı tərəfdaşlıq
Ekologiya

Qlobal çağırışlar, etibarlı tərəfdaşlıq

Dünyanın yaşıl arzuları Azərbaycandan keçir,  zəngin təbii sərvətlərimiz bəşəriyyətə xidmət edir

Bahar işğaldan azad edilən ərazilərə başqa bir ovqatda gəlib,  bu yerlərdə çiçək yağışı başlayıb, hər tərəfi bürüyən ilahi rənglərin sehri adamı ovsunlayır.  Qələbə baharı  yurdu, torpağı,  ormanı,  dağı,  dərəni,  yurd yerlərini al- əlvan rəngə boyayıb, hər tərəfə sanki yamyaşıl, çiçəkli bir xalı sərilib.  Qarabağ və Şərqi Zəngəzurda torpağın altı da, üstü də sərvətlərlə zəngindir,  zirvəsi buludlara dəyən dağların qaş-qabağı açılıb, dəlisov dağ çayları zəfər himni kimi səslənir, qaranquşların, nəğməsi təbii simfoniyanı xatırladır, bir sözlə,  bu baharın təbəssümündən doymaq olmur. 

Mübaliğəsiz demək olar ki,  Azərbaycanın hər bir guşəsi gözəldir, ruha, hisslərə qol-qanad verir, baharın yaratdığı xoş ovqat, qələbə qüruru hər tərəfdə hiss olunur.  Əzəmətli görünüşü, sıldırım qayaları, quşqonmaz yarğanları, yaşıl ormanları,  şaqraq çayları ilə göy üzünə, yurd yerlərinə şəfəq salan, təbiətin nadir incisi,  tariximizin bir parçası, igidlər oylağı Qarabağın yaralarına məlhəm qoyulur, insan əllərinin qüdrəti ilə yurd yerimiz ev-ev böyüyür, məhəllələrdə gülüş səsləri eşidilir. Doğma ocağa qayıdan keçmiş məcburi köçkünlərin sevincinə axı nə çatar ki? Hüsnünə baxanda istər-istəməz pıçıldayırsan, dirçəlişin, oyanışın, möcüzən, baharın mübarək,  Qarabağ!

Dünyanın mizan-tərəzisinin pozulduğu bir məqamda,  tərəfkeşliyin,  xristian təəssübkeşliyinin,  himayədarlığın artdığı bir zamanda,  haqqın,  ədalətin gözünün bağlandığı dövrdə Ali Baş Komandanımız cox cəsarətli,  düşünülmüş, inanılmış qərar verdi,  havadarlarına arxalanan, yüz yerdə himayəçisi olan, hiyləgər və qəddar düşməni torpaqlarımızdan birdəfəlik  qovmaq üçün savaş başlandı. İgidlərin nərəsi yeri-göyü lərzəyə saldı, yarasını sarıyıb yenidən döyüş meydanına atılan oğulların qeyrəti, şücaəti ilə torpaqlarımıza təcavüz edən düşmən ordusu tar-mar edildi,  yerdən-yerə vuruldu, diz çökdürüldü, məğlub edildi.  Barıt qoxulu, şəhid qanı hopan  Qarabağı və Şərqi Zəngəzuru qaranlığa qərq edən qara buludlar dağıldı, bu yerlərə yenidən günəş doğdu, səssiz-səmirsiz qalan yurd yerlərinin həniri qayıtdı, bu torpaqlarda ayaq səslərimiz eşidildi, dualarımız səsləndi.  Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı,  ermənilərin viran qoyduğu təbiətin bərpası istiqamətində də əhəmiyyətli layihələr həyata keçirilir. Çaylara körpə balıqlar buraxılır, sıradan çıxarılan meşə zolaqlarında müxtəlif ağaclar əkilir, Cəbrayıl rayonu ərazisində ceyran sürüsü dolaşır,  Laçın və Kəlbəcər dağları dağ kəllərinə qucaq açıb.  Məcrasına sığmayan çaylar, əzəmətli palıd meşələri, baş-başa söykənən dağlar,  çəmənliklər,  laləli düzlər, göz işlədikcə uzanıb gedən irəmələr, təbii rənglərin ecazkar yaraşığı Qarabağda və Şərqi Zəngəzurda möhtəşəm, insanı heyrətləndirən bir lövhə yaradır. 

Ötən il Prezident,  Qalib Ali Baş Komandan İlham Əliyev Xocalı rayonunun Çanaqçı və Sığnaq kəndlərinə baş çəkdi, təbiətin əsrarəngiz mənzərələrini seyr etdi, yurdumuzun bu dilbər guşəsinə,  göz işlədikcə uzanıb gedən ərazilərə, ən əsası isə Xocalıya tərəf baxdı. Dövlətimizin başçısının həmin iki kəndə səfəri zamanı  Xocalını erməniləşdirmək istəyənlərə,  onu əldə saxlayacaqlarını vəd edən separatçılara, qərargahını orada yerləşdirən sülhməramlılara, Ermənistanın Qarabağdakı ordusunun qalıqlarına, Xankəndidə və ətraf ərazilərdə gizlənən daşnaklara, xunta rejimi, onların havadarlarına və digərlərinə açıq şəkildə mesaj verildi ki, biz gəlirik, bu gün Çanaqçıdayıq, sabah Xocalıda,  Xankəndidə,  Ağdərədə, Əsgəranda olacağıq,  qarşımızı isə heç bir qüvvə ala bilməyəcək,  çünki  biz öz torpaqlarımızdayıq, haqq və hüquq bizim tərəfimizdədir.  Sentyabr ayında bu möhtəşəm qayıdış baş verdi, düşmən torpaqlarımızdan birdəfəlik qovuldu, ordusu təslim oldu, silahları yerə qoydular və bu cənnətməkandan  rədd oldular. Rəsmi Bakının İrəvana təklif etdiyi 5 prinsipdən ibarət  sülh paketi beynəlxalq aləmdə dəstək qazanırsa,  Azərbaycanın yaratdığı geosiyasi reallıqlar bu gün beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunursa,  bu həqiqəti artıq Ermənistan rəhbərləri də qəbul edirsə,  demək  Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz bir çox hədəflərə çatmışıq.  Azərbaycan qalib ölkə kimi şərtləri diktə edir, onun qəti və etibarlı mövqeyi dünyada nəzərə alınır, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir,  dünyəvi təşəbbüslərə qoşulur.

Yaşıl dünya naminə təşəbbüslərin ən fəal iştirakçısına çevrilən ölkəmizin təbii sərvətlərinin bol neft-qaz istehsalçısı olmasına rəğmən Azərbaycan dünyanın yaşıl arzularına da biganə qalmır,  əsas təşəbbüskarlardan birinə çevrilir.  Eyni zamanda, Azərbaycan "yaşıl enerji"nin dəstəklənməsi istiqamətində mövqeyini daha da gücləndirir. Rəsmi statistikaya əsasən  bu ilin yanvar-fevral aylarında Azərbaycanda günəş enerjisinin istehsalı 6 dəfə artıb və 50,2 MVt-dən çox günəş enerjisi istehsal olunub.  Bu artımlar 2030-cu ilin hədəflərinə nail olunması baxımından vacibdir. Yəni Azərbaycan 2030-cu ilədək ümumi istehlakın 30 faizini "yaşıl enerji" hesabına ödəmək niyyətindədir.

Digər tərəfdən mütəxəssislər hesab edirlər ki, Azərbaycanda  "yaşıl enerji" də ixrac imkanları yaranacaq. 2027-ci ildən Azərbaycanın Avropa İttifaqı ölkələrinə öz "yaşıl enerji"sini çıxaracağı gözlənilir.  "Yaşıl enerji" ixracının şaxələndirilməsi və enerji ixracı strukturunun keyfiyyətcə dəyişməsi vacib bir addımdır.  Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlər davam etdirilir. Digər bölgələrimizdə də alternativ mənbələrdən əldə edilən enerji istehlakının artırılması prioritet olaraq qalır.  Azərbaycan bütövlükdə ətraf mühitin qorunması və "yaşıl iqtisadiyyat"ın dəstəklənməsi istiqamətində mövqelərini daha da möhkəmləndirir. Bu il COP29-a ev sahibliyi edəcək Azərbaycan "yaşıl zona"nın yaradılmasını dəstəkləyən ölkələrdəndir.  Dünyada maraqların üst-üstə düşməsinə  görə COP-dan daha əhəmiyyətli beynəlxalq məkan yoxdur. Azərbaycanın belə bir prosesin mərkəzində yer alması ölkəmizin energetika,  yaşıl enerji,  dekarbonizasiya sahələrində atdığı addımlara verilən dəyərdir.  Bu,  eyni zamanda  dünyaya verəcəyimiz töhfəyə olan inamdan qaynaqlanır. COP29-un Azərbaycan üzrə baş icraçı direktoru,  Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ölkəmizdə alternativ enerji mənbələrindən istifadə məsələsinə toxunaraq qeyd edib ki, biz 2027-ci ilədək iki qiqavat əlavə külək və günəş enerjisini sistemə inteqrasiya etməyi nəzərdə tuturuq.  Bunun əhəmiyyətli hissəsi Qarabağdan gələcək və bu ölkədə xüsusilə hidroenerji layihələri həyata keçirilir. Bizim çox bəyəndiyimiz layihələrdən biri də BP tərəfindən Qarabağdan cənubda,  Cəbrayılda həyata keçirilir.  Həmin region Azərbaycanda günəş enerjisi baxımından yalnız Naxçıvandan geri qalır.  BP-nin orada tikəcəyi günəş elektrik stansiyası 240 meqavatlıqdır.  Bu,  Abşeronun "qara qızıl"ının və qazının emal olunduğu "Səngəçal" terminalının dekarbonizasiyası üçün kifayət edəcək.  "Yaşıl enerji" ilə "qara qızıl"ın birləşməsi dünyaya örnək layihə olacaq.

Yeri gəlmişkən qeyd edək ki, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanın yaşıl enerji siyasətinin dünyaya çatdırılması bir çox xarici şirkətlərin ölkəmizə marağını artırır.  Rəsmi məlumata görə xarici şirkətlərlə 5,9 QVt gücündə bərpaolunan enerji layihələri, həmçinin qardaş Türkiyə şirkətləri ilə Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının bərpası üzrə müqavilələr imzalanıb.  Naxçıvanda "yaşıl enerji" layihələrinin reallaşdırılması və ixracı məsələlərinə diqqət artırılıb.  Muxtar Respublikanın "yaşıl enerji zonası"na çevrilməsi ilə bağlı işlərə başlanılıb və xarici şirkətlərlə 150 MVt gücündə günəş enerji layihələrinin tikintisi ilə bağlı müqavilələr imzalanıb. Həmçinin Şərurda 3 MVt gücündə günəş elektrik stansiyası istifadəyə verilib. Azərbaycanın ilk sənayə miqyaslı və xarici investisiyalı yaşıl enerji stansiyasının açılışı  ən yaddaqalan hadisədir.  BƏƏ-nin "Masdar" şirkəti ilə  birlikdə MDB və Xəzər regionunun ən böyük - 240 MVt gücündəki "Qaradağ" Günəş Elektrik Stansiyası istismara verilib.  Bundan əlavə, 760 MVt gücündə günəş və 240 MVt gücündə külək enerjisi layihələrinin icrası məqsədilə İnvestisiya müqavilələri imzalanıb.  Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji zonası"nın yaradılması istiqamətində işlər davam etdirilir və bu ərazilərdə qısa müddət ərzində 52 MVt gücündə kiçik su elektrik stansiyaları istifadəyə verilib. 

Artıq Mərkəzi Asiya ölkələri Azərbaycandan keçəcək Yaşıl Enerji Dəhlizlərinə maraq göstərir.  Azərbaycan BƏƏ-nin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də ilk dəfə olaraq pavilyonla təmsil olunub və ölkənin "yaşıl enerji" siyasəti dünyaya təqdim edilib.  Tədbirdə Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi barədə qərar qəbul olunub. Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın "Qlobal Geotermal Alyans"a üzv seçilməsi,  ölkə üzrə "Aşağı Karbonlu Hidrogen İqtisadiyyatı Bazar Araşdırması" hesabatının və Elektromobillik üzrə Milli Planın hazırlanması yeni istiqamətlərdə inkişafın təməlini təşkil edir.  2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi "yaşıl enerji" sektorunun inkişafına və qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə öz töhfəsini verəcək,  ev sahibliyi edəcəyimiz yerli və beynəlxalq tədbirlərin sayını artıracaq. Hazırda dünya ölkələri iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq və ətraf mühiti qorumaq məqsədilə "yaşıl enerji" sayılan bərpaolunan enerji mənbələrindən istifadə edir.  Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatına görə,  dünyada bərpaolunan enerji mənbələrinin qoyuluş gücü 3 min meqavata yaxınlaşır.  Həmin hesabatdan görünür ki,  ötən il istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 faizdən çoxunu bərpaolunan enerji mənbələri təşkil edib.  Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 min meqavat həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 min, günəş enerjisi potensialı 23 min,  bioenerji potensialı 380,  dağ çayları üzrə potensial isə 520 meqavat həcmindədir. Respublikamızın müxtəlif ərazilərində ümumi gücü 66 meqavat təşkil edən külək,  40 meqavat olan günəş,  38 meqavat bioenerji elektrik stansiyaları,  həmçinin 32 meqavat gücündə kiçik su elektrik stansiyaları istismar olunur.  2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25, 8 mlrd.  kilovat-saat olub ki,  bunun 1,3 mlrd kilovat-saatı su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payına düşür.  Prezident İlham Əliyevin təsdiq etdiyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda  bu sahədə dövlət siyasətinin əsas məqsəd və  vəzifələri göstərilib,  effektivlik üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar,  istehlak olunan enerjinin hesablanması,  istehsalı, saxlanması,  ötürülməsi,  paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Bərpaolunan enerji haqqında qanun layihəsinin təsdiqi Azərbaycanda bu sahənin inkişafı istiqamətində atılmış ən vacib addımdır.  Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi "yaşıl enerji" sektorunun inkişafına və qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verəcək, ev sahibliyi edəcəyimiz yerli və beynəlxalq tədbirlərin sayı artacaq.  Bir sözlə, dünyanın qlobal yaşıl arzuları Azərbaycandan keçir, zəngin təbii sərvətlərimiz bəşəriyyətə xidmət edir.

Salman ALIOĞLU,

"Respublika".