Giresunda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib
Diaspora

Giresunda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

8 iyun Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Giresunda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Türkiyənin Giresun şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, türk dünyasının görkəmli dövlət xadimlərindən biri olan Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə yerli hakimiyyət rəsmiləri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələri, Giresun Universitetinin müəllim-tələbə heyəti və soydaşlarımız iştirak ediblər.

Öncə Giresun şəhərinin mərkəzində “Heydər Əliyev Uşaq Parkı”nın rəsmi açılış  mərasimi keçirilib. Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbir iştirakçılarını salamlayan Giresun Azərbaycanlılar Dərnəyinin sədri Elgün Məmmədov bu parkın açılışının Azərbaycan-Türkiyə qardaşlığının saysız-hesabsız nümunələrindən biri kimi tarixə düşəcəyini bildirib.

Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev xatırladıb ki, bu il həm dahi şəxsiyyət Heydər Əliyevin, həm də Türkiyə Cumhuriyyətinin 100 illiyi kimi iki əlamətdar tarix qeyd edilir. “Heydər Əliyevin təbirincə desək, biz “bir millət iki dövlət” olaraq əbədiyyən yaşayacağıq, türkün gücünü, birliyini bütün dünyaya göstərəcəyik. Heydər Əliyevin adını daşıyan parkın yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Belə addımlar Türkiyə, Azərbaycan və digər türk dövlətlərini bir-birinə daha da yaxınlaşdırır. Biz milli ənənələrimizi yaşatmalıyıq və yaşatmağa borcluyuq.

Tədbirdə çıxış edənlər ölkəmizin və türk dünyasının qüdrətli liderlərindən biri olan Heydər Əliyevin Azərbaycan xalqının tarixində və taleyində oynadığı mühüm roldan danışıblar, türk dövlətləri arasında iqtisadi, sosial, ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, intensivləşdirilməsi istiqamətindəki xidmətlərinə nəzər salıblar.

“Respublika”.