DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ HƏRBİ KOMANDANLIĞI YƏMƏNƏ YENİ ZƏRBƏLƏRİN MƏQSƏDİNİ AÇIQLAYIB

ABŞ hərbçiləri Yəməndə “Ənsarallah” hərəkatının  hərbi komandanlığına tabe olan radiolakasiya stansiyasına hücumlar təşkil ediblər. Bu barədə “Röyters” agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına istinadən məlumat yayıb.

“Zərbələr “Carney” esminesləri tərəfindən hücum raketlərindən istifadə edilərək həyata keçirilib və husilərin ticarət gəmiləri də daxil olmaqla dəniz gəmilərinə hücum etmək qabiliyyətini aşağı salmaq üçün yanvarın 12-də həyata keçirilən zərbələrin davamı olub”, - deyə açıqlamada qeyd olunur.

Bundan əvvəl yeni raket zərbələri ilə bağlı məlumatı “Röyters” agentliyinə Amerika administrasiyasındakı mənbə təsdiqləyib.

Eyni zamanda, Böyük Britaniya nümayəndələri husi qüvvələrinə qarşı yeni zərbələr zamanı iştirak edib-etmədikləri barədə məlumat verməyiblər.

Xatırladaq ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Yəmənə endirilən zərbələri məqsədəuyğun və zəruri hesab edib.

AVROPA ÖLKƏLƏRİ RUSİYAYA QARŞI NÜVƏ QÜVVƏLƏRİ YARADA BİLƏR

Avropadakı NATO ölkələri Rusiyaya qarşı mübarizədə şans qazanmaq üçün ümumi nüvə qüvvələri yaratmalı olacaqlar. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu fikri ABŞ prezidenti olmuş Ronald Reyqanın keçmiş müşaviri Daq Bendou “American Conservative” jurnalı üçün yazdığı məqalədə qeyd edib.

Ekspertin sözlərinə görə, öz kütləvi qırğın silahlarının olması avropalılara qüdrətli dövlətə qarşı şans verə bilər.

Mütəxəssis Paris və Londonun artıq nüvə arsenalına malik olduqlarına, lakin onların “Baltikyanı dövlətlər naminə” silahdan istifadə etməyəcəklərinə diqqət çəkib.

Daq Bendou əmindir ki, Avropa dövlətlərinin Avropa İttifaqı və ya NATO tərəfindən idarə olunacaq kollektiv nüvə qüvvələrinə ehtiyacı var.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev uzaqmənzilli raketlər arzusunda olan Kiyevi Qərb silahlarının Rusiya ərazisinə hücumlarına qarşı xəbərdar edərək, bunun rəsmi Moskvanın nüvə silahından istifadə etməsinə səbəb olacağını bildirmişdi.

SERBİYA BAŞ NAZİRİ SEÇKİLƏRLƏ BAĞLI İTTİHAMLARI RƏDD EDİB

Serbiyanın baş naziri Ana Brnabiç müxalifətin ötən ay keçirilmiş parlament və yerli özünüidarəetmə orqanlarına seçkilərdə saxtakarlıq ittihamlarını rədd edərək, yeni hökumətin Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə baş nazir “Politico” qəzeti üçün köşə yazısında bildirib.

Baş nazirin sözlərinə əsasən, Serbiyada növbədənkənar seçkilər müxalifətin tələbi ilə keçirilib, lakin məhz elə onlar səsvermə günündən əvvəl beynəlxalq müşahidəçilərə nəticələri tanımayacaqları barədə birbaşa məlumat veriblər.

Eyni zamanda, Ana Brnabiç son illərdə Serbiya hökumətinin seçki vəziyyətini yaxşılaşdırmaq üçün qəbul etdiyi bir sıra islahatları sadalayıb və müşahidəçilərin səsvermənin nəticələri ilə bağlı heç bir əhəmiyyətli xəbərdarlığının olmadığını vurğulayıb.

“Yeni hökumət üçün birmənalı prioritet olan Aİ-yə inteqrasiya üzrə işi davam etdirmək üçün əsas vacib olan məsələ yeni hökumətin səmərəli şəkildə formalaşdırılmasıdır”, - deyə siyasətçi məqaləsində qeyd edib.

İSVEÇ Aİ-NİN ƏN ÇOX MƏHBUSU OLAN ÖLKƏSİNƏ ÇEVRİLƏ BİLƏR

İsveç həbsxanalarda yerlərin sayını artırmaq və cinayətlərə görə cəzaları sərtləşdirmək üzərində işləyir, ölkə 10 ildən sonra Avropa İttifaqında (Aİ) adambaşına düşən məhbusların sayına görə lider ola bilər. “TASS” agentliyinin xəbərinə görə, bu barədə “Sveriges Radio” məlumat yayıb.

Bildirilir ki, Cəzaçəkmə Müəssisələri İradəsinin açıqlamasına görə, 10 ildən sonra yerli həbsxanaların “sakinlərinin” sayı 35 minə çatacaq. Bu, parlamentdə partiyalararası anlaşmada qeyd olunduğu kimi, cinayət əməllərinə görə cəzaların sərtləşdirilməsi halında baş verəcək. Hazırda isə İsveçdə cəmi 6 min məhbus var.

Məlumata əsasən, İsveç hökuməti həbsxanalarda və müvəqqəti saxlama təcridxanalarında yerlərin sayının artırılması məsələsini nəzərdən keçirir. Planlara görə, onlar 27 min nəfərlik olacaq ki, bu da gələcəkdə idarənin qarşısında duran problemləri həll etmək üçün kifayət etməlidir.

Xatırladaq ki, daha əvvəl İsveçin ədliyyə naziri Qunnar Strömmer həbsxanalardakı yer məhdudluğu məsələsinin həlli məqsədilə məhbuslar üçün digər ölkələrin həbsxanalarında icarəyə yer götürülməsinin nəzərdən keçirildiyini açıqlamışdı.

TÜRKİYƏ ORDUSUNUN ŞƏHİD OLAN HƏRBÇİLƏRİNİN SAYI 9 NƏFƏRƏ ÇATIB

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

Bununla yanaşı, bildirilir ki, bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Son məlumata görə, zərərsizləşdirilən terrorçuların sayı 32 nəfərə çatıb.

Məlumata əsasən, daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 8 əsgər şəhid olub, 5 hərbi qulluqçu yaralanıb.

YAPONİYADAKI ZƏLZƏLƏ SAHİL ZOLAĞINI CİDDİ ŞƏKİLDƏ DƏYİŞİB

Yaponiyada yanvarın 1-də baş verən 7,6 bal gücündə  zəlzələ nəticəsində quru ərazinin əhəmiyyətli şəkildə qalxması müşahidə olunur və bəzi yerlərdə dəniz sahildən 250 metr aralanıb. Bu barədə “Trend” agentliyi xəbər verib.

Bildirilir ki, peyk məlumatlarının təhlili sahəsində fransalı müstəqil ekspert Nahel Belgerze təbii fəlakətdən əvvəl və sonra həmin ərazinin kosmosdan çəkilmiş fotolarını araşdırıb.

Məlumata görə, sahil ərazilər əsasən Yaponiyanın Hönsü adasının mərkəzi hissəsindəki Noto yarımadasında qalxıb. Baş verən hadisə nəticəsində bəzi körpülərin su ilə əlaqəsi kəsilib və qayıqlar üçün əlçatmaz olub.

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin “ALOS-2” təkmilləşdirilmiş müşahidə peyki də zəlzələ nəticəsində sahil zolağının yüksəldiyini təsdiqləyib. Yaponiyanın Geoməkan Məlumatları İdarəsinin məlumatına görə, peyk şəkilləri sahil xəttinin bir neçə rayonda dənizə tərəf sürüşdüyünü göstərir.

NASA-NIN SƏSDƏN SÜRƏTLİ TƏYYARƏSİ TƏQDİM OLUNUB

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi  və “Lockheed Martin” şirkəti səsdən sürətli “X-59 Questst” təyyarəsini rəsmi olaraq təqdim edib. “Report” agentliyinin məlumatına görə, təqdimat mərasimi sosial şəbəkələr vasitəsilə yayımlanıb.

Məlumata görə, yeni təyyarə Kaliforniyanın Palmdeyl şəhərində keçirilən təqdimatda nümayiş etdirilib.

Sözügedən təyyarə “Lockheed Martin” şirkəti tərəfindən hazırlanmış eksperimental reaktiv təyyarədir. Sələfi ilə müqayisədə onun əsas xüsusiyyəti səs bumunun əhəmiyyətli dərəcədə aşağı həcmidir.

Digər təyyarələr səsdən yüksək sürətə çatdıqda yüksək, partlayışa bənzər uğultu yayırlar. NASA-ya görə, bunun əvəzinə, “X-59” yalnız səs sürətinə çatdıqda sakit səs çıxaracaq.

Uçuşu daha sakit etmək üçün mühəndislər ona bənzər təyyarələrin dizaynını çox dəyişdirməli olublar. Məsələn, burun hissəsi əhəmiyyətli dərəcədə uzadılıb, buna görə kabinə “X-59”un “burnundan” uzaqlaşdırılıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.