ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

"Meta"dan qeyri-adi yenilik

"Facebook", "Instagram", "WhatsApp" kimi nüfuzlu sosial şəbəkələrin sahibi olan "Meta" şirkəti süni intellektdən istifadə edərək insan beynindən gələn siqnalları analiz edib, onları şəkillərə çevirməyin yolunu tapıb.

Türkiyə mətbuatının yaydığı xəbərə əsasən şirkət bunu maqnitoensefaloqrafiya, yəni beynin neyron fəaliyyətinin yaratdığı maqnit sahələrini ölçməklə bacarıb. Qeyd edək ki, Maqnitoensefaloqrafiya adlı bu sistem insan beynini real vaxt rejimində izləyir. Beləliklə də süni intellekt insanın gördüyü vizual görüntünü beynindən gələn siqnallar vasitəsilə şəkillərə çevirir. Hələlik bu texnologiya bizlərə inanılmaz olaraq görünsə də, gələcəkdə bütün sahələrdə, istifadə edilə bilər.

Qeyd edək ki, "Meta" CEO-su Mark Zukerberq və həyat yoldaşı Priscila Çan daha əvvəl sağlamlığa yönəlmiş bir açıqlama ilə diqqət çəkmişdilər. Belə ki, illər əvvəl Mark Zukerberq və xanımının əsasını qoyduğu "The Chan Zukerberg Initiative" adlı fond uzun müddətdir ki, sağlamlıqla əlaqəli problemlərin həlli yolunda ciddi addımlar atır və bir çox araşdırmalara milyardlarla dollar sərmayə qoyur.

Dünyanın ən böyük külək turbini hazırlanır

Çin elektrik problemini kökdən həll etmək məqsədilə dünyada bir ilkə imza atıb. Belə ki, Çinin "Ming Yang" enerji şirkəti 22 MVt gücündə, dünyanın ən böyük külək turbininin inşasına başlayıb.

Şirkətdən verilən məlumata görə, turbinin rotor diametrinin 310 metrdən çox olacağı nəzərdə tutulur. Metrik sistem əsasında bu nəhəng ölçünü təsəvvür etmək çətindir. Lakin müqayisə üçün qeyd edə bilərik ki, sözügedən qurğu Parisdəki Eyfel qülləsi kimi hündür olacaq. Ümumiyyətlə, son dövrlərdə dəniz külək enerjisi sənayesi inanılmaz dərəcədə inkişaf edir. Elə bu layihə də dəniz külək enerjisi sənayesinin inkişaf etməsinin daha bir sübutudur.

Məlumat üçün qeyd edək ki, hazırda külək enerji stansiyalarında daha çox enerji əldə edə bilmək üçün nəhəng külək turbinlərindən istifadə olunur. Hazırda dünyadakı ən böyük külək turbini "Goldwind" şirkətinin "GWH252-16MW" turbinidir. Belə ki, bu turbinin rotor diametri 252 metr və süpürmə sahəsi təxminən 50.000 kvadratmetrdir. "Ming Yang" şirkətinin inşa etməkdə olduğu turbini isə 22 MVt gücə, 310 metrdən çox rotor diametrinə və ən azı 75477 kvadratmetr süpürmə sahəsinə sahib olacaq.

Qeyd edək ki, şirkət hazırda layihəyə başlasa da, onu 2025-ci ildə bitirməyi planlaşdırır. Yəni ən az iki il "Goldwind" şirkətinin "GWH252-16MW" külək turbini dünyanın ən nəhəngi hesab olunacaq.

Qola taxıla bilən smartfon

"Motorola" şirkəti bu yaxınlarda keçirilən Lenovo İnnovasiya və Texnologiya Konfransında qeyri-adi dizaynı ilə seçilən yeni smartfonunu təqdim edib. Belə ki, elastik korpusa və qatlana bilən ekrana malik smartfon qola taxılması ilə fərqlənir.

"Flexible Band" adlı smartfon istifadəçinin ehtiyaclarına uyğun olaraq qatlana bilən FHD+ ekran panelinə sahibdir. Standart telefon rejiminə malik cihazın 6,9 düymlük ekranı digər smartfonlar kimi Android proqramlarını göstərir. Qurğu həm stolüstü saat kimi istifadə edilə, həm də birbaşa biləyə taxıla bilir. Bununla belə smartfonun nə dərəcədə erqonomik düzəldiləcəyi hələ aydın deyil. Ona görə də çox güman ki, bu, sadəcə bir konsept olaraq qalacaq.

Konfransda "Motorola" şirkətinin sözcüsü sözügedən konsept telefona əlavə olaraq istifadəçilərə şəxsi üslublarını smartfona köçürməyə imkan verən generativ süni intellekt modeli də inkişaf etdirəcəklərini açıqlayıb. Qeyd edək ki, tədbir boyunca smartfonun görüntüləri xaricində heç bir texniki məlumat verilməyib.

"Lexus" elektromobilini təqdim edib

Ana şirkəti Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota" olan "Lexus", "Tesla" şirkətinin "Model 3"-ə rəqib olaraq hazırladığı yeni "LF-ZC" adlı elektromobilini təqdim edib. Görünən odur ki, lüks avtomobil brendi "Lexus" bazara yeni və iddialı elektromobil ilə daxil olmağa hazırlaşır.

Qeyd edək ki, sözügedən avtomobil konseptinin istehsal versiyası hələ 2026-cı ildə satışa çıxarılacaq. Yeni elektomobil "Tesla" şirkətinin daha əvvəl elan etdiyi "gigacast modul şassi", "steer-by-wire" texnologiyası, prizmatik akkumulyator və çox aşağı sürtünmə əmsalına sahib olacaq. O cümlədən "Lexus" iddia edir ki, yeni elektromobil "Prius" kimi gözyaşı dizaynı ilə də fərqlənəcək.

Analitiklərə görə, "Lexus" brendinin yeni elektromobili 1000 kilometr mənzil vəd edəcək. Qeyd edək ki, konsept modelin təkər bazası "Tesla"nın "Model 3"dən daha çox olacaq. Bundan əlavə, elektromobilin uzunluğu 4750, eni 1880, hündürlüyü isə 1390 millimetrdir. Məlumata görə, həmçinin "steer-by-wire" texnologiyası sayəsində elektomobilin interyeri də geniş olacaq.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".