Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Stresdən uzaq olmaq istəyirsinizsə

Stresin potensial təhlükəsi ilə üzləşməyən çox az adam tapılar. Onun orqanizmimizə vurduğu zərərlərlə bağlı müəyyən qədər məlumatlıyıq. Stresin təsiri ilə  infeksiya, depressiyaya və bir çox təhlükəli xəstəliklərə məruz qalırıq. ABŞ-ın Pittsburq Universitetinin  alimləri bu problemlə üzləşməmək üçün çıxış yolu tapıblar. Elm adamları müəyyən ediblər ki, xeyriyyəçiliklə məşğul olmaq  insanlarda  emosional vəziyyəti yaxşılaşdıraraq stresin səviyyəsini azaldır.

Tədqiqatçılar  başqalarına kömək edən insanların beynini MRT (Maqnit-Rezonans Tomoqrafiya) müayinəsi ediblər. Nəticədə məlum olub ki, yaxşılıq edən insanların beynində mənfi emosiyalar və qorxuya cavabdeh olan hissənin aktivliyi azalır. Bunun nəticəsində isə  orqanizmdə stresin səviyyəsi aşağı düşür. Araşdırmanın nəticələri göstərir ki,  ətrafdakılara yardım edən insan əslində özünə yardım etmiş olur. Ancaq bütün bunlara baxmayaraq, alimlər həmçinin qeyd edir ki, uzun müddət ərzində ağır xəstə olan yaxınına qulluq etmək əksinə orqanizmdə stresin səviyyəsini yüksəldir və sağlamlığa ziyan vurur.

Ömrümüzün qısalma səbəbi onlar ola bilər

Yeni bir araşdırma zamanı dinozavrların insan həyatına təsiri üzə çıxıb. Belə ki, bir çox sürünən və amfibiya növləri ilə müqayisədə məməlilərin qocalma sürətində əhəmiyyətli dərəcədə  uyğunsuzluq olduğu aşkar olunub. Elm adamları bu uyğunsuzluğun insanların yaranmasından təxminən 66 milyon il əvvəl yaşamış və  nəsli kəsilmiş dinozavrlarla əlaqəli olduğunu irəli sürüblər.

İngiltərənin Birminqem Universitetinin mikrobioloqu Joao Pedro de Maqalyaes məməlilər, sürünənlər və suda-quruda yaşayanlar arasındakı bu fərqi "dar uzunömürlülük" fərziyyəsini irəli sürüb. Bu fərziyyənin mahiyyəti ondan ibarətdir ki, məməlilərin məhdud ömrü onilliklər əvvəl onların təkamülünün kritik dövründə dinozavrların hökmranlığı ilə əlaqəlidir. Hesab edilir ki, dinozavrların dövründə  məməlilər sağ qalmaq üçün sürətlə çoxalmağa ehtiyac duyublar.

Alimlərin fikrincə, uzun ömür üçün cavabdeh olan genlər təkamül prosesi zamanı arxa plana keçib. Bu fərziyyə göstərir ki, 100 milyon illik "təkamül təzyiqi" nəticədə insanların qocalma sürətinə təsir edib. Belə ehtimal edilir ki, dinozavrların dövründə  qədim əcdadlarımız ultrabənövşəyi radiasiyanın vurduğu zərərin bərpasına cavabdeh olan  müəyyən fermentləri itiriblər. Maqalyaes  məməlilərdə ultrabənövşəyi işığı azaldan üç fermentdən ən azı birinin olmadığını düşünür.  Ancaq bunun onların ömrünün qısalması ilə bağlı olub-olmaması hələ aydın deyil. Yırtıcılardan qorunmaq üçün məməlilərin daha çox gecə həyat tərzinə keçməsi səbəbindən bu qabiliyyəti itirməsi ehtimal edilir.

Yalan danışanda burnumuz uzanır

"Yalan danışma, burnun uzanar" ifadəsini  yəqin ki, uşaq vaxtı çox eşitmisiniz. Valideynlərimizin bizləri yalan danışmaqdan çəkindirmək üçün söylədikləri bu ifadənin həqiqətə uyğun olmasına dair hətta  "Buratino", "Pinokio" adlı  filmlər də var. Bəs bu ifadənin həqiqətən doğru olduğunu bilirdinizmi?     

Çikaqolu elm adamları  aşkar ediblər ki, insan yalan danışarkən burundan katexolamin adlı maddə ifraz olunmağa başlayır ki, bu maddə burnun içindəki toxumaların şişməsi ilə onun böyüməsinə  səbəb olur.

Xüsusi kameralar vasitəsilə qan dövranını müşahidə edən tədqiqatçılar, yalan danışan adamın qan təzyiqinin artdığını müəyyənləşdiriblər. Məlum olub ki, qan təzyiqinin artması da burnu genişləndirir. Deməli, yalan danışan adamın burnu həqiqətən də böyüyür. Buna psixologiyada  "Pinokio effekti" deyilir. Bundan əlavə, Qranada Universitetinin tədqiqatçıları daha bir maraqlı faktı ortaya çıxarıblar. Alimlər müəyyən ediblər ki, zehni səy göstərdikdə (çətin tapşırıqları yerinə yetirərkən, konkret hadisə ilə bağlı sorğu-sual edildikdə və ya yalan danışarkən) qadınlar və kişilər eyni dərəcədə temperaturun dəyişməsi ilə üzləşirlər. Yalan danışdığımız zaman burnumuzun ətrafındakı temperatur yüksəlir.

Bapbalaca boyu var…

Kolibrilər dünyanın ən kiçik və geriyə uça bilən yeganə quşlarıdır. Görünüşlərinə görə ən zəif məxluq təsəvvürü yaradan bu quşların nəyə qadir olduqlarını bilirsinizmi?

Milçək quşu kimi də tanınan kolibrilər daha çox Kanada və Cənubi Amerikada yaşayır və 330-dan çox növü məlumdur. Havadan asılı qalıb qanadlarını çox sürətli çalaraq dayanmaları ilə də  tanınan bu quşların ən böyük növünün uzunluğu cəmi 22, ən kiçiyinin 6 santimetrdir. Ən balaca kolibrinin ağırlığı isə  2 qramdır. Növündən asılı olaraq saniyədə 15-80 dəfə qanad çala bilən bu quşlar  uzun dimdiyə malikdir. Havadan asılı qalmaları ilə yanaşı, geriyə doğru və şaquli olaraq uçmağı bacaran kolibrilər, çiçəklənən nektarını incə dimdikləri ilə çəkərkən sabit mövqedə qala bilirlər.

Kolibrilər parıltılı lələklərə malik olduqları üçün Günəş şüaları altında  müxtəlif  rəng çalarlarını əks etdirdiyindən qiymətli daş-qaşı xatırladırlar. Onlar qırmızı çiçəklərlə yanaşı, bir çox çiçəklərə maraq göstərirlər. Bu möcüzəvi quşlar yuvalarını otlardan hörür. Onların yuvası qoz böyüklüyündə, yumurtaları isə  noxud boyda olur. Əgər hər hansı yırtıcı kolibrinin yuvasına yaxınlaşarsa, cəld havaya qalxıb dimdiyini ox kimi onun gözünə sancır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".