Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453, № 12, maddə 731; 2004, № 10, maddə 760; 2005, № 4, maddə 280, № 10, maddələr 871, 872; 2006, № 10, maddə 846, № 11, maddə 927; 2007, № 8, maddə 756, № 11, maddələr 1073, 1081; 2008, № 3, maddə 155, № 10, maddə 882; 2009, № 2, maddə 48, № 6, maddə 399; 2010, № 3, maddə 171, № 4, maddə 273, № 12, maddə 1057; 2011, № 1, maddə 13, № 2, maddə 71; 2013, № 5, maddə 462; 2015, № 5, maddə 489, № 10, maddə 1090; 2016, № 2 (I kitab), maddə 187; 2017, № 3, maddə 342, № 7, maddə 1249; 2018, № 12 (I kitab), maddə 2474; 2021, № 8, maddə 902; 2022, № 8, maddə 830; 2023, № 2, maddə 178) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü maddədə “müdavimləri” sözü “kursantları” sözü ilə, 76-cı maddənin birinci hissəsinin beşinci abzasında “müdavimlər” sözü “kursantlar” sözü ilə, 84-cü maddənin birinci hissəsinin birinci abzasında “müdavimlərinə” sözü “kursantlarına” sözü ilə və 112-ci maddədə “müdavimlərin” sözü “kursantların” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda I-I Fəsil əlavə edilsin:

I-I Fəsil

DAXİLİ İŞLƏR ORQANLARI ÜÇÜN KADR HAZIRLIĞI

10-2. Daxili işlər orqanlarının orta, böyük və ali rəis heyəti vəzifələri üçün orta ixtisas və ali hüquq təhsilli kadrların hazırlanması, habelə daxili işlər orqanlarının əməkdaşlarının əlavə təhsili müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçirilir.

10-3. Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (18 yaşına çatmayan kursantlar istisna olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb edilirlər.

10-4. Daxili işlər orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində əlavə təhsilə cəlb edilməsi daxili işlər orqanlarının müvafiq ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçirilir.

10-5. Tam orta təhsil və ya orta ixtisas təhsili əsasında müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsinin ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat verilir. 18 yaşına çatmayan şəxslərlə müqavilə onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır. Bu şəxslərin təhsil müəssisəsinə qəbulu müqavilə bağlanıldıqdan sonra təhsil müəssisəsi rəhbərinin əmri ilə rəsmiləşdirilir.

10-6. Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə bu Əsasnamənin 10-5-ci maddəsində qeyd edilən şəxslərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.

10-7. Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

10-8. Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.”.

3. 11-ci maddənin ikinci hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.

4. 33-cü maddənin birinci hissəsinin 3-cü bəndinin yeddinci abzasında “şöbəsinə” sözü “təhsilalma formasına” sözləri ilə əvəz edilsin.

5. 57-ci maddənin birinci hissəsinin 3-cü bəndində “şöbələrini” sözü “təhsilalma formasını” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 24 oktyabr 2023-cü il.