Mükəmməl Mürəkkəb Memarlıq
Maraqlı

Mükəmməl Mürəkkəb Memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Elm dünyası" muzeyi 

1986 -cı ildə Kanadanın Vankuver şəhərinin ən mənzərəli yerində Exspo sərgisinin keçirilməsi üçün "Elm dünyası" adlı muzey inşa olunub. Nəhəng kürə şəklində dizayn edilən muzey binası memarlar Riçard Bakminster Fuller, Bruno Freski və Boak Aleksander tərəfindən layihələndirilib.

Şüşə və metaldan hazırlanan dünyanın ən füsunkar sərgi salonlarından biri olan "Elm dünyası" muzeyi yerləşdiyi şəhərin mənzərəsi ilə ahəng təşkil edir. Adanın ortasında tikilən kompleks axşam saatlarında xüsusi işıqlandırma sayəsində daha ecazkar görünür. Muzeyin ən məşhur və diqqətçəkən eksponatlarının yerləşdiyi pavilyon "Evrika" adlanır. Burada ziyarətçilər işıq, səs, su və enerji kimi təbiət hadisələri ilə tanış olurlar. Ekspozisiyada bütün eksponatlar interaktivdir, bu səbəbdən də onlara toxunmaq və hətta təcrübələr aparmaq da mümkündür. Bundan başqa, muzeydə daha üç sərgi pavilyonu var - "İllüziyalar", "Bizim dünya" və "Bədənin fəaliyyəti". Binanın axırıncı mərtəbəsində isə kinoteatr və istirahət guşəsi yerləşir.

"Wat Samphran" və ya Əjdaha məbədi 

Buddizm arxitekturası üslubunda inşa olunan "Wat Samphran" və ya Əjdaha məbədi Taylandın paytaxtı Banqkokdan 40 kilometr məsafədə yerləşir. 1985-ci ildə tikilən çəhrayı silindrik bina digər məbədlərdən daha az tanınsa da, özünəməxsus gözəlliyi ilə seçilir. Uzaqdan dini məkandan daha çox Disneylendin nağıl qülləsinə bənzəyir.

Buddanın həyatını simvolizə edən və nəhəng mifik əjdaha ilə əhatə olunan binanın hündürlüyü 80 metrdir. 17 mərtəbədən ibarət qüllənin damında əjdahanın baş hissəsi yerləşir. Buddist rahiblərin ibadət və meditasiya yeri kimi nəzərdə tutulan binanın yalnız ilk 10 mərtəbəsi açıqdır. Binada lift olsa da, ondan istifadə etmək qadağandır. Bu səbəbdən də ziyarətçilər və burada yaşayan rahiblər yuxarıya qalxmaq üçün pilləkənlərdən istifadə edirlər. Məbədin ətrafında olan bir neçə əlavə tikilinin hər birinin öz əhəmiyyəti var.

Rusiya Mis Şirkətinin baş qərargahı 

Rusiya Mis Şirkətinin baş qərargahı 2020-ci ildə Yekaterinburq şəhərində inşa olunub. Dünyaca məşhur memar Norman Fosterin Rusiyada həyata keçirdiyi ilk layihə "Foster+Partners" memarlıq bürosu tərəfindən hazırlanıb. Mübahisələrə səbəb olan və şəhərin arxitekturası ilə ziddiyyət təşkil edən bina yerli əhali arasında "ananas" adlandırılıb.

Hündürlüyü 87 metrdən çox olan qərargahın fasadı çəhrayı qızılı rəngdə olan paslanmayan poladdan hazırlanıb. Dörd tərəfi qızılı şüşədən ibarət binanın üst hissəsi isə metal panellərlə örtülüb. Mis şirkəti dünyada ilk memarlıq abidəsidir ki, burada monolit ağ betondan istifadə edilib. Məhz bu material sayəsində bina çox zərif görünür. Günün istənilən vaxtında sözün əsl mənasında parıldayan bina xüsusi işıqlandırma sistemi ilə təchiz olunub. Layihəni hazırlayan memar binanın yerləşdiyi ərazini, pəncərələrin konfiqurasiyasını və hətta LED lampaların düzülüşünü də dəqiqliklə hesablayıb.

On beş mərtəbədən ibarət olan binanın ilk və son mərtəbələrində böyük konfrans zalı, digərlərində isə iş otaqları yerləşir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".