VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

3 dekabr

  • Qərbi Azərbaycan İcması Fransız-alman Arte kanalında yayımlanan reportajla bağlı bəyanat yayıb.

4 dekabr

  • Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
  • Prezident İlham Əliyev "Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dubayda COP28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib.

5 dekabr

  • Azərbaycan Prezidentinin dekolonizasiya ilə bağlı Bakıda keçirilən konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb.
  • Prezident İlham Əliyev "Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
  • Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş olub.
  • Qərbi Azərbaycan İcması tərəfindən "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda Bakı şəhərində təşkil edilən beynəlxalq konfrans keçirilib.

6 dekabr

  • Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda çıxış edib.

Regionda müsbət dəyişikliklərin təşəbbüskarı Azərbaycandır

Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla evsahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun təzahürüdür. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada nüfuzunun artması onun beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq əlaqələrinin qurulmasını təmin edib. Dekabrın 6-da 30 ölkənin nüfuzlu, tanınmış beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi məsələləri müzakirə edilib. Forumda regional və qlobal məsələlərlə bağlı danışılıb, açıq müzakirələr aparılıb. Prezident İlham Əliyev bir çox rəsmilərin suallarını cavablandırıb.

Qürur və iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu mühüm nailiyyət ölkə başçısının uzaqgörən liderliyi sayəsində mümkün olub. Prezident İlham Əliyevin səyi ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər edildi. Bu qətiyyətli Qələbə Qarabağın 30 illik işğalına son qoydu. Qarşıda mühüm vəzifə dayanır. İnfrastruktur layihələri ilə yanaşı, əsas vəzifə məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynı qəbul edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova zəng edərək ona ad günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb.

7 dekabr

  • Prezidenti İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Sərəncam imzalayıb.

Növbədənkənar Prezident seçkiləri yeni reallıqların təntənəsi olacaq

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bunun nəticəsidir ki, müasir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Fevralda keçiriləcək seçkilərin qürurverici amillərindən biri məhz 30 il əvvəl yurd yerlərindən didərgin salınan soydaşlarımızın bir hissəsinin daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səsvermə hüququndan istifadə edəcəyidir. Beləliklə, ilk dəfə olaraq postsovet məkanında torpaqlarını işğaldan azad edən bir dövlətin bütün ərazilərində seçki prosesi reallaşacaq. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi yeni bir nümunə olacaq.

Bütün bunların fonunda əminliklə qeyd edə bilərik ki, 2024-cü ildə keçiriləcək Prezident seçkiləri Azərbaycan xalqının qürur və sevinc hissi ilə xatırlayacağı bir hadisə kimi tarixə düşəcək. Suveren ərazilərimizdə dalğalanan üçrəngli bayrağımızın altında vahid şəkildə birləşən xalqımız bundan sonra da uzun illər nailiyyətlərə, zəfərlərə şahidlik edəcək.

  • Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.

Sülhə doğru atılan mühüm addımlar

Azərbaycan daim insan hüquqları və humanizmi təbliğ edən siyasət yürüdür. Regionda sülhün və sabitliyin təmin edilməsi üçün hər vəchlə çalışır. Bunun nəticəsidir ki, 7 dekabrda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

Açıqlamada deyilir: "Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir". Humanizm dəyərlərini əsas tutaraq və xoşməramlı addım kimi, Azərbaycan Respublikası 32 erməni hərbçini, Ermənistan Respublikası isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edib.

Beynəlxalq ictimaiyyət isə Azərbaycan və Ermənistan liderlərini barışıq yolunda atılan cəsarətli addımlara görə alqışlayıb. Türkiyə, Almaniya, ABŞ, Avropa İttifaqı kimi bir çox ölkə və beynəlxalq qurumlar siyasi dialoqda irəliləyişi təqdir edib. Ölkələr arasında birbaşa danışıqlar vasitəsilə hərbçilərin qarşılıqlı dəyişdirilməsi təşəbbüsü Prezident İlham Əliyevə aiddir. Bu, Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiq qalmasının, o cümlədən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti nümunəsidir. Aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə edilib. Sülhə gedən yol çox vaxt keçmiş çəkişmələrin qaranlığına qərq olsa da, eyni zamanda ortaq arzular daha yaxşı sabah üçün ona işıq salır.

Hər kəs istəyir ki, razılıq əldə edilsin, regionda sabitlik hökm sürsün. Xüsusən də əsrlərdir toqquşmalar məkanı olmuş Cənubi Qafqaz əhalisi diplomatiyanın və sözlərin gücünü tanklardan, silahlardan, raketlərdən daha üstün tutur. Artıq inkişafa, sabitliyə doğru yol açmaq üçün əla fürsət var. Sülh sazişini imzalamağa hazırlaşanlar da bu nüansları nəzərə almalıdırlar. Sülh potensialı Azərbaycan və Ermənistan xalqları üçün daha parlaq gələcək vəd edir. Bu səbəblə də Ermənistan bu tarixi məsuliyyəti dərk etməli, buna uyğun qərar verməlidir.

  • Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Lord Offordla görüşüb.
  • Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.

8 dekabr

  • Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib.
  • Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini təyin edib.
  • ABŞ Dövlət Departamenti Ceyms O'Braynın Azərbaycan Prezidenti ilə görüşünü müsbət və konstruktiv hesab edib.
  • Türkiyəyə göndərilən humanitar yardım Kahramanmaraşa çatıb.

9 dekabr

  • Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsi yayımlanıb.
  • Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
  • Azərbaycan Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.
  • Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

“Respublika”.