VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

24 mart

  • Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxış edib.
  • Çin Azərbaycanda günəş elektrik stansiyası üçün panellər tədarük edib.

25 mart

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

26 mart

  • Çin Kommunist Partiyasının rəsmi nəşri "Global Times" qəzeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə müsahibə əsasında "Dostluğun qızıl standartı" adlı məqalə dərc edib.
  • Qərbi Azərbaycan İcması Toivo Klaarın anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayıb.

27 mart

  • Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcəyini güman etməyin sadəlövhlük olduğunu bildirib.
  • XİN Rasmussenin rəhbərlik etdiyi "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrupun hesabatında yer alan iddiaları qətiyyətlə pisləyib.
  • Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlama verib.

Ermənistan "hərraca çıxarılır"

Kollektiv Qərb Cənubi Qafqaza müdaxilə etməyə cəhd göstərir. Gələn həftə Brüsseldə planlaşdırılan Aİ-Ermənistan-ABŞ müştərək görüşü də buna bir işarədir. Qatı Pan-Avropa nümayəndələri dünyada heç bir prosesin məhz onların vasitəçiliyi olmadan baş verməsini istəmirlər.

Ermənistan hakimiyyəti isə bölgəyə "üçüncü şəxs"i buraxmaqla vaxt qazanmağa və qeyri-müəyyən, "kilsə duaları" ilə yaşayan hökuməti ayaqda saxlamağa cəhd edir. Baş nazir Nikol Paşinyan son zamanlar Qərbin xüsusi xidmət orqanlarının gec-tez çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı ilə bağlı ona ötürülən məlumatlar fonunda kritik bəyanatlar verir. Görünür, Qərblə əlaqələrini yaxşılaşdırmaqla öz kreslosunu möhkəmləndirmək istəyir. Bir daşla iki quş vurmağı hədəfləyən İrəvan hökumətinin sonda özünün "ova" çevrilməsi ssenarisi bugünkü reallıqda daha ağlabatan görünür.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə aprelin 5-də Brüsseldə keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı danışarkən bildirib ki, bu tədbir açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır: "Konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan qarşılıqlı etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və "təsir dairələri" yaradır".

  • Fransanın "Le Figaro" qəzetində "Dağlıq Qarabağın yox olması, qeyri-mümkün fransız vədinin xronikası" sərlövhəli məqalə dərc edilib.

Rəsmi Paris məğlubiyyətlə barışa bilmir

Fransanın "Le Figaro" nəşri ölkəmizə qarşı növbəti qərəzli məqaləsi ilə gündəmə gəldi.

Maraqlıdır ki, yazıda prezident Emmanuel Makronun uğursuz siyasi gedişləri qeyd olunsa da, postmüharibə dövründəki qərəzin pərdəarxası məqamları, məkrli niyyətlər bir daha ifşa edilib.

Kollektiv Qərb istər 30 ilə yaxın işğal dönəmində, istərsə də 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri zamanı daim "xaç qardaşlığı" prinsipini əsas götürüb. Onlar üçün Ermənistanın "sərhədlərinin müqəddəsliyi" hər şeydən vacibdir. Qüdrətli Azərbaycan dövlətinin haqq işinə kölgə salmaq üçün birləşən qüvvələrin ən böyük amalı da elə budur. Lakin qərəzin gücü bizim qətiyyətimizi aşa bilməz. Məhz "Le Figaro" nəşri istəməsə də, bunu bir daha təsdiqləyir. Məqalədə bildirilir ki, 2022-ci ilin oktyabrında Makron haylara "yardım" etməyi Roma Papası ilə də müzakirə etmək istəyib və özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib. Bununla yanaşı, nəşr Ermənistanın ən "cana yaxın" dostunun məhz Fransanın olduğunu qeyd edir. Qəzet yazır ki, Makron hayların taleyinə biganə yanaşmayan yeganə liderdir.

Lakin həqiqət budur ki, Makron rejiminin timsalında bütün erməni havadarları Azərbaycanın qətiyyətli mövqeyi qarşısında boyun əydi. Məhz cənab Makron siyasi müstəvidə Azərbaycan liderinə - İlham Əliyevə məğlub oldu.

28 mart

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix" telekanalına müsahibə verib.

Azərbaycan-Çin siyasi-iqtisadi əlaqələri uğurla inkişaf edir

Azərbaycan hökumətinin ikitərəfli siyasi-iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və iqtisadi inkişafı ilə hər zaman diqqət mərkəzindədir.

Təbii ki, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi dövlət müstəqilliyinin bərpasından sonra, yəni 1991-ci ildən başlayıb. Həmin il dekabrın 27-də Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci il aprelin 2-də ölkələr arasında diplomatik münasibətlər qurulub. Çinin Bakıdakı səfirliyi 1992-ci ildə, Azərbaycanın Pekindəki səfirliyi isə 1993-cü ildə fəaliyyətə başlayıb. Yüksək səviyyəli səfərlər 1994-cü ildə Prezident Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri ilə başlayıb. Dövlət başçısı İlham Əliyev isə Çinə 2 dəfə (2005, 2015) rəsmi səfər etməklə yanaşı, bir neçə dəfə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün bu ölkədə olub. Çinin diplomatik heyəti xarici işlər naziri səviyyəsində Azərbaycanda 4 dəfə (1996, 2004, 2010 və 2019) səfərdə olub.

Çinin "Phoenix" telekanalına müsahibə verən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən birinin Azərbaycan olduğunu deyib. Həmçinin bildirib ki, bu layihə marşrut boyu yerləşən ölkələrin ümumi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı möhkəmləndirib, həmçinin sivilizasiyalararası dialoqu təşviq edib və bunun sayəsində beynəlxalq ictimaiyyət qədim Çin sivilizasiyasından bəhrələnib: "Biz bu layihəni marşrut boyu ölkələrə firavanlıq gətirə biləcək əməkdaşlıq, tərəfdaşlıq və qarşılıqlı firavanlıq kimi görürük. Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir", - deyə H.Hacıyev bildirib.

29 mart

  • Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

30 mart

  • Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

“Respublika”.