Azərbaycan tarixinin şanlı salnaməsi
Tarix

Azərbaycan tarixinin şanlı salnaməsi

27 sentyabr tarixi Azərbaycanda Anım Günüdür. Xalqımız Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır.

Təqvimin bu günü İkinci Qarabağ müharibəsinin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. 2020-ci il 10 noyabr tarixində imzalanmış Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73% ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. 1 dekabr tarixində Laçın rayonu Azərbaycana qaytarıldı. Nəhayət, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da, üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Ölkəmiz öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları alt-üst etdi və torpaqlarına sahib çıxdı. Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi, Dəyişdirilmiş toponimlərə doğma, əsl adını geri qazandırdı və bu proses davamlı xarakter daşıyır.

Rəsmi İrəvan Lələtəpə və Tovuz döyüşlərindən nəticə çıxarmadı. Azərbaycan bu döyüşlər zamanı işğalla barışmayacağını kəskinliklə nümayiş etdirsə də düşmən təxribatlar törətməyə davam edirdi. 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Hərbi qulluqçular, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.

Rəsmi İrəvanın ifrat millətçilik siyasətinin təzahürləri zaman-zaman ortada olduğu halda, dünya monoetnik dövlətə çevrilmək siyasəti ilə hərəkət edən Ermənistanın Azərbaycanın iqtisadiyyatına, mədəni irsinə vurduğu miqyasagəlməz zərəri, 150 minə yaxın azərbaycanlının deportasiyasını, 300 minə yaxın insanı öz yurd-yuvalarından didərgin salmasını, şəhərləri, kəndləri dağıtmasını, günahsız insanları qətlə yetirməsini görmürdü. 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində dəhşətli soyqırımı həyata keçirdi. Soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. "Demokratik" dünya öz qəti qərarları, təsirli addımları ilə bu qara ləkəni təmizləməli olduğu halda, yalnız quru bəyanatlarla kifayətləndi.

Həmçinin münaqişənin həlli üçün yaradılan bütün platformalar, formatlar əslində formal xarakter daşıdı. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. ATƏT-in keçmiş Minsk Qrupu həmsədrlərinin qoltuğundakı portfeldə real həll modeli daşınmadı, onların bölgəyə hər gəliş-gedişi quruca ümiddən başqa heç nə vermədi. Dünyanın Ermənistana gücümü çatmadı? Həqiqət bu deyildi, həqiqət o idi ki, dünya dövlətləri sözdə haqlının, əməldə isə təcavüzkarın yanında dayanırdı.

 İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edildi. Siyahıya baxsaq, söhbətin necə bir vandallıqdan getdiyi aydın olar: Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri var idi. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qaldı və ermənilər tərəfindən dağıdıldı. Bu vandalizmə görə məsuliyyət var idi, amma heç bir beynəlxalq təşkilat, dövlət Ermənistandan bunun hesabatını istəmədi.

Tərəfləri sülhə çağıran bəyanatlar yenə də gözdən pərdə asmaqdır, işğalçı ilə işğala məruz qalana, günahkarla günahsıza eyni münasibət tərəflər arasında gərginliyin aradan qaldırılmasına deyil, əksinə, davam etməsinə əsas verir.  Daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan isə həm müharibədən sonra imzalanmış üçtərəfli Bəyanata, həm Avropa İttifaqı səviyyəsində aparılan son danışıqların məzmununa xələl gətirəcək heç bir addım atmır. Ona görə ki, Azərbaycan yalnız sülh, dinc yanaşı yaşamaq, bölgədə əməkdaşlıq mühiti yaratmaq istəyir. Ermənistan isə hələ də təcavüzkar əməllərini davam etdirir, üçtərəfli Bəyanatın şərtlərini pozmağa çalışır. Amma unudur ki, Azərbaycan "böyük Ermənistan" ideyasını tarixin zibilliyinə atıb. Unudur ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarında əzəli cənnət Qarabağın, Şərqi Zəngəzurun möhkəm təməlini atıb. Bu təməli təxribatlar əsla sarsıda bilməz.

Ermənistanın davranışları nə olur-olsun, şəhidlərinin qanı ilə qazandığı böyük Zəfərini qoruyub saxlamaq üçün Azərbaycanın mükəmməl planı həmişə var. Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

 

Fərid MUSTAFAYEV,

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu.