Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı
Ekologiya

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

Respublika Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində 11 obyektin fəaliyyət göstərdiyi qeyri-yaşayış binasında içməli sudan sayğacdankənar istifadə halları aşkarlanıb. Obyektin müqaviləsi və sayğacı olsa da sahibkar magistral yoldakı siyirtmə quyusuna müdaxilə edib, magistral xətdən su götürüb. Həmin binada yerləşən iaşə müəssisələri, mağazalar və xidmət obyektləri qeyri-qanuni çəkilmiş xətdən istifadə edib.

Biləcəri qəsəbəsi "Yeni massiv" adlanan ərazidə tikilmiş fərdi yaşayış evlərində də içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Belə ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxs yaxınlıqdan keçən magistral su kəmərinə qanunsuz qoşulma verib. Su kəmərini ərazidəki dəmir yolu xəttinin altından keçirərək 500 metr uzunluğunda su xətti çəkib. Qanunsuz çəkilmiş xətdən fərdi yaşayış evləri su ilə təmin olunub.

Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumu olan "Azərsu" Açıq Səhmdar Cəmiyyəti üzrə 14220, Binəqədi rayonunda isə 2733 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt isə araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.