DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİLDƏ QURU ƏMƏLiYYATI ILƏ BAĞLI FİKİR AYRILIĞI YARANIB

İsrailin hərbi rəhbərliyi arasında Qəzza zolağında quru əməliyyatının olub-olmaması ilə bağlı fikir ayrılığı yaranıb. Bu barədə ABŞ-ın “The New York Times” qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, nəşrin mənbələrindən bəziləri əməliyyatın yubanmasını danışıqlar aparan tərəflərə əsirləri azad etmək üçün daha çox vaxt vermək niyyəti ilə əlaqələndirirlər. Bəziləri də Qəzzanın ələ keçirilməsinin İsrail Müdafiə Qüvvələrini çətin şəhər döyüşünə, bəziləri isə “Hizbullah” terror təşkilatının iştirakı ilə daha böyük bir savaşa cəlb edə biləcəyindən ehtiyatlanır.

Eyni zamanda, bunun böyük, yoxsa lokal əməliyyat olacağı, Qəzzanın ələ keçiriləcəyi təqdirdə kimin idarə edəcəyi ilə bağlı müzakirələr də gedir.

“Hərbi rəhbərlik artıq ələ keçirmə planını tərtib edərək başa çatdırıb, lakin baş nazir Benyamin Netanyahu onu imzalamaqdan imtina edərək yüksək rütbəli zabitləri qəzəbləndirib. Həmçinin baş nazir 7 oktyabr hücumundan sonra formalaşdırdığı hərbi kabinet üzvlərinin yekdil razılığını istəyir”, - deyə nəşr bildirib.

URSULA FON DER LYAYEN: HƏMAS FƏLƏSTİN XALQINA ZİYAN VURUR

HƏMAS hərəkatı Qəzza zolağında humanitar böhrana səbəb olmaqla yanaşı, terror fəaliyyəti ilə Fələstin xalqına ziyan vurur. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen bəyan edib.

AK sədri bildirib ki, Komissiya üçün Qəzzadakı humanitar böhranla mübarizə səylərini intensivləşdirməyə davam etmək önəmlidir.

Bununla yanaşı, Ursula fon der Lyayen yardımın Qəzzaya maneəsiz və sürətlə çatmasının vacib olduğunu vurğulayıb və əlavə edib ki, 56 ton həcmində olan ilk iki humanitar yardım artıq Qəzzaya çatdırılıb.

Qəzza əhalisinə daha çox yardım göstərməyin vacib olduğunu dilə gətirən, AK sədri növbəti iki yardımın olacağını da diqqətə çatdırıb. O, həmin yardımın tezliklə çatdırılmasının planlaşdırıldığını qeyd edib.

Eyni zamanda, xanım siyasətçi qeyd edib ki, Qəzzaya əlavə 50 milyon avroluq humanitar yardımın göndərilməsi üzrə işlər sürətlə irəliləyir. O, xatırladıb ki, Qəzzaya planlaşdırılan humanitar yardım artıq 75 milyon avroya qədər artırılıb.

İRAN ŞƏT ÜZVLƏRİNƏ BİRGƏ FOND YARATMAĞI TƏKLİF EDİB

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin müasir texnologiyalar sahəsində layihələri maliyyələşdirmək üçün birgə fond yaradılmasını təklif edib.

“Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Mohber ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının geniş tərkibdə iclasında bildirib.

“Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr müasir texnologiyaların inkişafı və yayılmasına diqqət yetirməlidirlər. Bu baxımdan İran təşkilatımızın ölkələrində müvafiq layihələri maliyyələşdirmək üçün yeni texnologiyaların inkişafı üçün birgə fond yaratmağı təklif edir”, - deyə vitse-prezident əlavə edib.

Məlumata əsasən, iclasda Məhəmməd Mohberlə yanaşı, Rusiyanın baş naziri Mixail Mişustin, Qazaxıstan, Çin, Tacikistan və Özbəkistanın hökumət başçıları, Hindistan və Pakistanın xarici işlər nazirləri iştirak ediblər.

“İSLAMİ CİHAD” HƏRƏKATININ KOMANDİRLƏRİNDƏN BİRİ ÖLDÜRÜLÜB

İsrail ordusunun İordan çayının qərb sahilindəki əməliyyatları zamanı 4 fələstinli həlak olub. Bu barədə Fələstinin “Wafa” agentliyinin məlumatında qeyd olunur.

Eyni zamanda, hücum zamanı azı 12 nəfərin yaralandığı da vurğulanır. Cenin şəhərində baş verən atışmada öldürülən şəxslərin arasında Fələstinin “İslami Cihad” hərəkatının yerli qruplarından birinin komandiri Ayser Mohammad Al-Amerin də olduğu bildirilir.

Bununla yanaşı, İsrail mediasının yazdığına görə, İsrail Müdafiə Qüvvələri məlumatı rəsmi şəkildə təsdiqləyib.

Verilən xəbərə görə, HƏMAS Cenin şəhərindəki atışmada Cava əl-Turki adlı qrup üzvünün də öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağından İsrailə kütləvi şəkildə raket hücumları həyata keçirilib. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olaraq mülki şəxsləri və hərbçiləri qətlə yetiriblər.

COZEF BAYDENDƏN İRANA BİRBAŞA XƏBƏRDARLIQ

ABŞ prezidenti Cozef Bayden İranın ali dini lideri ayətullah Əli Xameneiyə dövlət başçısı üçün nadir olan şəxsi müraciətində Tehranı Yaxın Şərqdə ABŞ əsgərlərinə hücumlara qarşı xəbərdarlıq edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Ağ Ev rəsmisi bu müraciətin dəqiq necə verildiyini və başqa təfərrüatları açıqlamayıb. Baydenin xəbərdarlığının yalnız bölgədəki ABŞ qoşunlarına qarşı hücumlara şamil edilib, yoxsa İsraili birbaşa İranın potensial müdaxiləsindən qorumaq üçün də tətbiq edilib-edilmədiyi açıqlanmır.

Qeyd edək ki, cümə axşamı İranın xarici işlər naziri İsrail və ABŞ-a qarşı üstüörtülü təhdidlərlə çıxış edib. Bu həftənin əvvəlində ABŞ artıq Tehrana xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar ordusuna hücumlar davam edərsə, biganə qalmayacaq.

Eyni zamanda, verilən xəbərə görə, Pentaqon, mövcud Amerika kontingentinə əlavə olaraq, daha 900-ə yaxın ABŞ əsgərinin Yaxın Şərqə göndərildiyini açıqlayıb.

LUKAŞENKO: YAXIN ŞƏRQDƏ ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ BAŞLAYA BİLƏR

Üçüncü Dünya müharibəsi tezliklə başlaya bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Prezidentin sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsinin başlaması qaçılmaz olacaq.

Belarus lideri qeyd edib ki, əgər ABŞ və İsrail qüvvələri İranla vuruşmağa başlayarlarsa, bu zaman mütləq şəkildə cavab alacaqlar. O, vurğulayıb ki, HƏMAS-ın İran istehsalı silahlardan istifadə etməsi, hələ İranın münaqişədə iştirakı anlamına gəlmir.

Dövlət başçısı əlavə edib ki, bu, sadəcə silah ticarətidir və qanunidir.

ÇİN VƏ RUSİYA RAKETLƏRİ ABŞ-IN YENİ RADARLARINA TƏHLÜKƏ YARADIR

ABŞ üfüqdən yuxarı radar sistemləri qurmağı planlaşdırır. Plana görə, onlar Rusiya və Çinin uzaqmənzilli qanadlı raketlərini vaxtından əvvəl aşkar edə biləcəklər. Bununla belə, bildirilir ki, Vaşinqton artıq bu sahədə problemlərlə üzləşib. “Weapons and Strategy” portalının xəbərinə görə, bu barədə Yorktaun İnstitutunun Təhlükəsizlik Siyasəti Mərkəzinin baş elmi işçisi Stiven Brayan məlumat verib. Onun sözlərinə görə, ABŞ Çin və Rusiya raketlərini necə vuracağını bilmir. Hazırda tərtibatçılar dəqiq bir plan qurmayıblar.

Ümumilikdə mütəxəssislər dörd ədəd üfüqdən yuxarı radar sistemləri düzəldərək onları quraşdıracaqlar. Əlavə iki sistem Kanadaya təhvil veriləcək. “Weapons and Strategy” portalı xəbər verib ki, iki ölkəyə belə stansiyaların yerləşdirilməsi bir neçə il çəkəcək.

Stiven Brayanın sözlərinə görə, problem ondan ibarətdir ki, hava məkanına daxil olan qanadlı raketlərin aşkarlanması ilə bağlı Vaşinqtonun ciddi problemləri var. O, həmçinin qeyd edib ki, ABŞ hava məkanına daxil olan və alçaqdan uçan qanadlı raketləri məhv etmək proqramına malik deyil.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.