DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ TÜRKİYƏYƏ “F-35” QIRICILARI İLƏ BAĞLI ŞƏRTİNİ AÇIQLAYIB

Türkiyənin “F-35” qırıcılarının istehsalı proqramına qaytarılması məsələsi hazırda müzakirə olunmur. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bəyan edib.

Eyni zamanda, məlumata görə, Pentaqonun sözçüsü Türkiyənin “F-35” proqramına qaytarılmasını mümkün hesab edən ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatını şərh edib. “Dövlət Departamentindəki həmkarlarımızın açıqlamalarını görmüşəm. Nə qədər ki Türkiyənin “S-400”ləri var, o məsələ müzakirə olunmayacaq”, - deyə Patrik Rayder vurğulayıb.

Xatırladaq ki, yanvarın 30-da Viktoriya Nuland bildirmişdi ki, ABŞ Türkiyəni “F-35” proqramında məmnuniyyətlə görmək istəyir, lakin Ankara bunun üçün Rusiyadan aldığı “S-400” raket kompleksləri məsələsini həll etməlidir.

RƏSMİ KREML: RUSİYA NATO TƏLİMLƏRİNİ TƏHDİD HESAB EDİR

Rusiya öz sərhədləri yaxınlığında NATO-nun irimiqyaslı təlimlər keçirməsini özü üçün təhdid hesab edir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Biz bunu təhdid kimi qəbul edirik. Bu, qarşıdurmadır. NATO ABŞ-ın idarəetməsi altında qarşıdurma vasitəsi kimi formalaşıb”, - deyə Kreml rəsmisi bəyan edib.

Bununla yanaşı, Dmitri Peskov Rusiyanın müvafiq tədbirlər gördüyünü də diqqətə çatdırıb.

Dmitri Peskovun sözlərinə gö

rə, həzırda NATO-nun öz hərbi infrastrukturunu Rusiya sərhədlərinə doğru hərəkət etdirdiyi aydın şəkildə müşahidə olunur.

Məlumat üçün qeyd edək ki, NATO Rusiya sərhədi yaxınlığında hərbi təlimlərə başlayıb. Bu, NATO-nun “soyuq müharibə” dövründən sonrakı ən böyük təlimi hesab edilir. May ayının sonuna qədər davam edəcək “Steadfast Defender 2024” təlimlərində 90 min hərbçinin iştirak edəcəyi bildirilir. Təlimlərdə NATO-ya üzv dövlətlərlə yanaşı, ittifaqa üzvlüyə namizəd İsveç də iştirak edəcək. Təlimlərin Norveçdən Rumıniyaya qədər Avropa ərazisini əhatə etməsi nəzərdə tutulub.

BRİTANİYA TƏYYARƏDAŞIYAN GƏMİSİNİ QIRMIZI DƏNİZƏ GÖNDƏRƏ BİLƏR

Böyük Britaniya Yəmənin husilərdən ibarət “Ənsarallah” hərəkatı ilə döyüşmək üçün iki təyyarədaşıyan gəmisindən birini Qırmızı dənizə göndərməyi nəzərdən keçirir. “Report” agentliyinin məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi “Daily Telegraph” qəzetinə müsahibəsində bəyan edib.

Müdafiə nazirinin sözlərinə görə, Böyük Britaniyanın təyyarədaşıyan gəmisi döyüş patrul bölgəsində Amerikanın “Dwight D.Eisenhower” aviadaşıyıcısını əvəz edə bilər.

Nazir vurğulayıb ki, ABŞ təyyarədaşıyan gəmisi bölgədə çox qala bilməz. Buna görə də İngiltərənin təyyarədaşıyan gəmisinin lazım gəlsə, Amerikanın əvəzinə döyüş patrullarını davam etdirə bilməsi lazımdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” esminesinin Yəmənin şimalında hakim olan “Ənsarallah” hərəkatından olan husilər tərəfindən atılan gəmi əleyhinə qanadlı raketi vurduğu bildirilib.

NORVEÇ 30 İLİN ƏN GÜCLÜ QASIRĞASINA HAZIRLAŞIR

Norveçin hakimiyyət orqanları ölkə sakinlərini evlərini tərk etməməyə və son 30 ilin ən güclü qasırğasının yaxınlaşması ilə əlaqədar maksimum ehtiyatlı olmağa çağırıb. “Trend” agentliyinin məlumatına görə, “İnqunn” adlanan qasırğanın fevralın 2-də şimala doğru hərəkət etməzdən əvvəl Norveçin mərkəzini vuracağı gözlənilir.

Bildirilir ki, krallığın səlahiyyətli orqanları Tronheym bölgəsi və Lofoten adaları üçün “qırmızı” təhlükə səviyyəsi elan edib.

Verilən xəbərə əsasən, Norveç polisi sahildə sürəti saatda 125-180 kilometrə çatan güclü küləklərin müşahidə olunacağı barədə xəbərdarlıq edib. Bu səbəbdən aviakompaniyalar və bərə şirkətləri işdə fasilələr yaranacağını proqnozlaşdırırlar. Məlumata görə, ölkənin adaları arasında nəqliyyat əlaqəsini təmin edən bir sıra bərə operatorları reyslərini artıq dayandırıb. Bundan əlavə, hakimiyyət bəzi məktəblərin, eləcə də ölkənin dağlıq rayonlarında yolların, tunellərin və körpülərin bağlanmasına göstəriş verib.

VENESUELAYA QARŞI SANKSİYALAR BƏRPA OLUNUR

ABŞ Venesuelaya qarşı neft, qaz və qızıl hasilatı sektorlarında sanksiyaları aprelin 18-də bərpa edəcək. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi tərəfindən Venesuelanın neft-qaz sektorunda əməliyyatlara icazə verən ümumi lisenziya 2024-cü il aprelin 18-i tarixindən sonra uzadılmayacaq. Eyni zamanda, Birləşmiş Ştatlar Venesuelanın dövlət qızıl mədən şirkəti “Minerven” ilə əməliyyatlara icazə verən ümumi lisenziyanı da ləğv edir.

Bəyanatda vurğulanır ki, Venesuelaya qarşı sanksiyaların yumşaldılmasının ləğvi barədə qərar bu ölkə rəhbərliyinin müxalifətlə razılaşmalara əməl etməməsi səbəbindən verilib.

Qeyd edək ki, ABŞ və müttəfiqləri Venesuelaya birtərəfli qaydada 900-dən çox müxtəlif məhdudiyyət qoyub. Bəzi məlumatlara görə, Amerikanın neft-qaz sənayesinə qarşı sanksiyaları səbəbindən Venesuela 232 milyard dollardan çox vəsait itirib, ölkəyə məxsus təxminən 30 milyard dollar Qərb banklarında dondurulub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.