Fransanın dövlət böhranı və Cənubi Qafqaza təsiretmə niyyəti
Dünya xəbərləri

Fransanın dövlət böhranı və Cənubi Qafqaza təsiretmə niyyəti

Fransa tarixində cinayətlərlə dolu səhifələr çoxdur. Beynəlxalq münaqişələrin həllində başlıca hakim rolunu oynamaq istəyən rəsmi Paris ölkəsi tarixində törədilən silsilə cinayətlərdən hələ də nəticə çıxarmayıb. Fransa haqq-ədalətə qarşı davranış və çıxışları ilə ölkənin müasir tarixində yeni cinayətlərin də müəllifinə çevrilir. Fransanın təcavüzkarlıq siyasətini əks etdirən siyahı çox uzundur. İndi müstəmləkəçilik siyasətindən əl çəkməyən bu dövlət postmüharibə dövründə özünü Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə sırımağa çalışır. Lakin Fransanın öz daxilindəki çəkişmələrdən, problemlərdən "xəbəri" yoxdur. Belə ki, son illər ölkədə baş verən aksiyaların sayı-hesabı bilinmir. Fransızlar pensiya islahatlarının təkmilləşdirilməsi tələbini irəli sürsə də, hakimiyyət xalqın istəklərini gözardı edir. Bundan başqa, Fransa Afrikadakı nüfuzunu da itirib. Niger və Qabondakı aksiyalar buna əyani sübutdur. Bu kimi problemləri həll etmək əvəzinə, Fransa Cənubi Qafqaza təsir etməyə cəhd edir. Belə ki, rəsmi Paris humanitar yardım adı ilə yenidən ölkəmizin daxili işlərinə qarışıb. Fransa, guya Xankəndidə yaşayan erməni əsilli vətəndaşların "aclıqdan" xilas edilməsində canfəşanlıq edib. Fransanın humanitar yardım təxribat kolonuna Paris şəhərinin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın başçılıq etmələri bir daha təsdiqləyir ki, bu ölkənin dövlət rəsmiləri sanki öz vəzifələrinin nədən ibarət olduğunu unudub və "aciz ermənilərin" həyat tərzi ilə məşğul olurlar.

Bu barədə millət vəkili Cavid Osmanov bildirib ki, Fransa hər zaman Azərbaycana qarşı o siyasəti yürüdüb ki, Azərbaycan işğalla barışsın və beləliklə də onlar öz istəklərinə çatsınlar: "Biz artıq tarixə qovuşmuş və təqaüdə göndərilmiş ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Fransanın bu fəaliyyətini yaxından görürdük. 44 günlük Vətən müharibəsində Fransa dəfələrlə Azərbaycana təzyiq göstərmək istədi, amma bunu bacarmadı. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün təzyiqlərə sinə gərməyi bacardı, o cümlədən də Fransanın Azərbaycana qarşı təsir etmək niyyətini puça endirdi, iflasa uğratdı. Vətən müharibəsi bitəndən sonra da, biz şahidi olduq ki, Fransa açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir, ermənipərəst yanaşma sərgiləyir və zaman-zaman, hətta Ermənistandan daha çox erməni rolunu, funksiyasını yerinə yetirir. Fransanın özünün günbəgün nüfuzu itməkdədir. Qeyd etmək lazımdır ki, bugünkü hakimiyyət Fransanı ən utancverici bir məqama çatdırıb. Biz Afrikada onların nüfuzunun itirilməsinə, Nigerdəki, Qabondakı üsyanlara, oradan fransız diplomatik missiyasının, hərbçilərinin dərhal çıxarılması istiqamətində atılan addımlara şahidlik edirik. Fransanın özündə müxtəlif iğtişaşlar baş verir, burada sarı jiletlilərin aksiyaları, pensiya islahatları, islamofobiya ilə bağlı mitinqlər keçirilir.

Yəni müxtəlif istiqamətlərdə artıq Fransa xalqının səbrinin tamamilə tükəndiyini görürük. Eyni zamanda bütün bunlarla yanaşı, Fransa hakimiyyətinin bu üsyanlar, aksiyalar zamanı öz xalqına qarşı vəhşiliklər törətdiyinin də şahidi oluruq. Lakin Fransanın həm daxildə, həm Afrikada və həm də digər yerlərdə yürütdüyü kolonial siyasətin sonunun gəldiyi, o cümlədən bütövlükdə dünya siyasətində artıq hər hansı bir gücə sahib olmadıqları bir zamanda onlar Cənubi Qafqaza təsir göstərməyə cəhd edirlər. Fransa merinin ermənilərə "humanitar" yardım göndərmək niyyətini də gördük. Onlar hələ də Azərbaycan ərazilərində qalmış separatçı rejimə dəstək nümayiş etdirməyə çalışırlar. Əlbəttə ki, buna Laçın sərhəd-buraxılış məntəqəsində icazə verilmədi. Çünki Azərbaycanla belə dildə danışmaq, təzyiq yolu ilə təsir etmək mümkün deyil. Təbii ki, bunun da qarşısı beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə alındı.

Nüfuzunu itirən Fransa Cənubi Qafqaza təsir etmək imkanları axtarışındadır. Bu, mümkün olan bir şey deyil. Çünki artıq Azərbaycan yeni reallıq yaradıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın atdığı addımlar ədalətlidir və eyni zamanda da bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ölkəmizin bütün ərazilərində yalnız Azərbaycan qanunları işləyəcək. Fransa çalışır ki, Cənubi Qafqazda Ermənistan vasitəsilə, erməniləri bəhanə gətirərək təsir dairəsini genişləndirsin. Bir daha deyirəm ki, bu, iflasa uğrayacaq. Necə ki, bu günə kimi onların bütün atdığı addımlar iflasa uğrayıb, bundan sonra da belə olacaq. Azərbaycan öz qətiyyətli addımlarını atacaq və qarşıya qoyduğu bütün hədəflərin hər birinə çatacaq".

Nuranə DAXİLQIZI,

"Respublika".