Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

"Ginnesin Rekordlar Kitabı" necə yaranıb?

Hansı heyvan daha sürətli qaçır? Dünyanın ən soyuq yeri haradır? Bəs ən hündürə tullanan insan kimdir? Bu kimi maraqlı suallara cavab tapmaq üçün "Ginnesin Rekordlar Kitabı"na müraciət edirik. Bəs bu kitabı yazmaq kimin ağlına gəlib?

Dünyanın möcüzələri ilə yanaşı, onun rekord həddində olan hadisələri də yadda qalır. Rekordların bir araya toplanması ideyası isə 1955-ci ildə ağıla gəlib. Qeyri-adiliyi ilə yadda qalan həmin hadisələr bir yerə toplanaraq "Ginnesin Rekordlar Kitabı" (ing. The Guinness Book of Records) adlandırılıb. İnsanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələrin ümumiləşdirildiyi bu kitab ilk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunub. Düşünə bilərsiniz ki, pivə zavodu ilə "Ginnesin Rekordlar Kitabı"nın nə əlaqəsi ola bilər? Deyilənlərə görə, zavodun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxıb. Ov zamanı onların arasında "qızılı cüllüt", yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə yaranıb. Həmin vaxt bu barədə soraq kitabı olmadığından, kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Məhz bu səbəbdən də Hyu Biver belə bir "soraq" kitabını tərtib etdirməyi qərara alıb. İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi olan Norris və Ross Makuirter qardaşlarına tapşırıb. 1954-cü ildə kitabın ilk variantı hazırlanıb çap edilir və onun 1000 nüsxəsi pulsuz paylanır. Növbəti il avqust ayının 27-də isə kitab formasında 197 səhifəlik ilk nəşri çapdan çıxıb satılmağa başlanır. Deyilənlərə görə, Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları "Ginnesin Rekordlar Kitabı" tutub. 1956-cı ildə isə kitab ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılıb.

 

"Gəzən yarpaqlar" hər kəsi şoka saldı

Bu yaxınlarda elm aləmində həyəcan yaradan maraqlı bir kəşfə imza atılıb. Belə ki, almaniyalı alimlər "gəzən yarpaqlar" kimi də tanınan yarpağabənzər 7 yeni böcək növü aşkar ediblər.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, araşdırma zamanı tədqiqatçılar genetik analizdən istifadə ediblər. Almaniyanın Göttingen Universitetindən Sarah Bank-Aubin bildirib ki, bəzi növlər yalnız görünüşlərinə görə eyni sayılsa da, onların genetikasını araşdıraraq yeni növ böcəklərin tapılmasına nail olublar.

Bu yaxınlarda kəşf edilən növlərin əksəriyyəti Hindistanda tapılsa da, yarpaq böcəyi ailəsinin böyük qisminin Asiyada olduğu düşünülür. Elmi adı "Phylliidae" olan "gəzən yarpaq böcəkləri yarpağabənzər görünüşü ilə tanınır və təbiətdə mükəmməl şəkildə kamuflyaj edilə bilir. Belə həşəratlar adətən bitki şirəsi ilə qidalanır və daha çox tropik bölgələrdə olur. Təbiətin bəxş etdiyi müxtəlifliyin və harmoniyanın gözəl nümunəsi hesab edilən bu böcəklər kamuflyaj bacarıqları sayəsində ovçu və yırtıcılardan qoruna bilirlər.

 

Şərab içərkən qədəhlərimizi niyə toqquşdururuq?

Adətən özəl günlərdə, bayramlarda sevdiyimiz insanların əhatəsində olarkən şərab içdiyimiz zaman qədəhlərimizi toqquşdururuq. Bəs bir çox dünya xalqlarının mədəniyyətinə xas olan bu adətin necə yarandığını bilirsinizmi?

Bu adət antik dövrlərdən qalıb. Qədim zamanlarda insanlar düşmənlərini evlərinə qonaq çağırar, onlara zəhərli içki təqdim edərlərmiş. Evə gələn qonaq içkini içdikdən sonra ölərmiş. Bu cür öldürmək üsulu uzun illər davam etdiyindən insanlar başqasının əlindən şərab içməyə çəkinirlərmiş. Sonralar isə evə gələn qonağın ev sahibindən qorxmaması üçün qədəh toqquşdurmaq qaydası dəbə düşüb. Bu qaydaya əsasən şərabı süzən adam, qədəhləri toqquşdurduqdan sonra əvvəlcə öz qədəhini yuxarıya qadırıb, bir neçə qurtum içirdi. Bununla o, şərabın zəhərli olmadığını sübut edir və ətrafdakılara da içməyi təklif edirdi. Beləcə, bu cür şərab içmək tərzi artıq bir çox xalqların mədəniyyətində yer almağa başlamışdır. Unutmayın ki, şərabın insan orqanizminə müsbətdən çox mənfi təsiri vardır.

 

Bu dövrdə bəşəriyyət məhv olmaq üzrəymiş

Şərqi Çin Pedaqoji Universitetinin alimləri müəyyən ediblər ki, təxminən 900 min il əvvəl bəşəriyyət yox olmaq ərəfəsində olub. Belə ki, aparılan araşdırmalar nəticəsində 177 min il ərzində bəşəriyyətin ekstremal iqlim şəraitinə görə yox olmaq təhlükəsiylə üz-üzə olduğu ortaya çıxıb. Bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Elm adamları müəyyən ediblər ki, təqribən 930-813 min il əvvəl insanların sayı əhəmiyyətli dərəcədə azalaraq 100 mindən 1280-ə düşüb. Bunu 10 Afrika və 40 qeyri-Afrika populyasiyasından olan 3154-ə yaxın müasir insanın genetik analizinin köməyi ilə tapmaq mümkün olub. Alimlər spesifik genlərin təxmini yaranma tarixini onların variasiyalarının sayına görə təyin ediblər. Və bu genlərin görünmə tezliyi həmin dövrdə populyasiyanın artıb-azalmasından xəbər verir.

"Tədqiqatımızdan əldə edilən rəqəmlər hazırda nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin sayına uyğundur. Bizim bəxtimiz gətirib, lakin... biz təkamül biologiyasından bilirik ki, yeni növün yaranması kiçik təcrid olunmuş populyasiyalarda baş verə bilər", - deyə Roma Sapienza Universitetinin professoru və antropoloqu, tədqiqatın həmmüəllifi Giorgio Manzi qeyd edib.

Alimlər hesab edirlər ki, insanların sayının azalması o dövrdə Afrika və Avrasiyada hökm sürən kəskin soyuqlar, dəniz səthinin temperaturunun azalması və uzun sürən quraqlıqlarla əlaqəlidir. Tədqiqat müəllifləri güman edirlər ki, bu şərtlər yeni növün - Heydelberq adamının yaranmasına səbəb ola bilərdi. Bəzi alimlər onu müasir insanların, neandertalların və denisovalıların ortaq əcdadı hesab edirlər. Xatırladaq ki, bu yaxınlarda arxeoloqlar Çində hələ də naməlum olan insan növünə aid ola biləcək kəllə sümüyü tapıblar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".