Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Volkswagen ID"nin istehsalı ləğv edildi

Almaniyanın tanınmış avtomobil brendi "Volkswagen" elektrikli avtomobil bazarında istədiyi nəticəni əldə edə bilməyib. Məhz bu səbəbdən də  "Volkswagen ID" istehsalını ləğv edib.

Qeyd edək ki, şirkət tamamilə elektrikli ID seriyasının istehsalını Almaniyadakı əsas fabriki - "Wolfburg"da   davam etdirirdi. Lakin ötən günlərdə alman avtomobil nəhəngi "xərcləyəcəyimiz hər avro dəyərlidir" deyərək istehsalı bu fabrikdə dayandırıb.  Onu da bildirək ki, "Volkswagen ID" seriyası şirkətin elektrikli avtomobil bazarında ilk böyük layihəsi idi.

"Volkswagen"  ID istehsalını dayandırdıqdan sonra isə əsasən daxili yanma mühərrikli və hibrid "Golf" və "Tiguan" modellərinin istehsalını davam etdirəcək. Şirkətin meneceri Christian Vollmer bildirib ki: "Bunlar fabrikin səmərəli işləməsini təmin edəcək etibarlı modellərdir". Hətta Vollmer verilən qərardan sonra uzun müddət ərzində ilk dəfə bu il "Wolfburg" fabrikində istehsal olunan avtomobillərin sayının 500 mini ötəcəyini düşünür. Son dövrlərdə avropalı avtomobil nəhənglərinin elektrikli avtomobillərə marağı azalıb. Daha əvvəl 2030-cu ilə qədər tamamilə elektrikli avtomobillər istehsalına yönəlmək istəyən brendlər artıq ənənəvi seriyalarına fokuslanır.

"Starship"in orbital uçuş cəhdi uğurlu olub

İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starship" adlı kosmik gəmisi üçüncü orbital uçuş cəhdini reallaşdırıb. Qeyd edək ki, bundan öncəki iki orbital uçuş cəhdi keçən il baş tutmuşdu. Aprel ayında birinci orbital uçuş cəhdi uğursuz olmuşdu. Noyabr ayında keçirilən ikinci orbital uçuş cəhdi isə nisbətən uğurlu hesab edilmişdir. Lakin bu dəfə "SpaceX" sözügedən kosmik gəmisini  uğurlu şəkildə Yer kürəsinin orbitinə göndərə bilib.

Şirkətdən verilən məlumata görə, "Starship"i özündə birləşdirmiş "Super Heavy" adlı sürətləndirici raketin 33 ədəd Raptor mühərrikinin hamısı bu dəfə problemsiz çalışıb. Kosmik gəmi öz növbəsində startdan 2 dəqiqə 45 saniyə sonra "Super Heavy" raketinin ikinci pilləsindən ayrılaraq Yer kürəsi ətrafında uçuşa istiqamət alıb. Gözləntilərə əsasən, kosmik gəmi planetimizin orbitinin yarı hissəsini qət edərək Hind okeanına düşəcək.

"OpenAI" imzalı "Sora" istifadəyə veriləcək

Süni intellekt sahəsində daha bir yenilik istifadəçilərə təqdim ediləcək. Belə ki, ötən aylarda bütün diqqəti öz üzərinə çəkməyi bacaran "OpenAI" şirkətinin   süni intellekti "Sora" bu ilin sonuna qədər istifadəyə veriləcək. Hələ dəqiq tarix elan edilməsə də məlumata görə, şirkət bütün hazırlıqları artıq tamamlayıb.  "OpenAI" şirkətinin CEO-su Mira Murati tərəfindən edilən açıqlamaya görə, yaxın aylarda "Sora"nı istifadəyə verməyi düşünür. Qeyd edək ki, şirkətin yeni süni intellekt modeli "Sora" yazılanlardan 60 saniyəlik videolar hazırlaya bilir. Ötən aylarda  təqdim edilən "Sora" məhz bu səbəbdən  bütün diqqəti öz üzərinə cəlb edə bilmişdi. Şirkətdən verilən məlumata görə, müəyyən təhlükəsizlik risklərinə qarşı "Sora" ilk mərhələdə bəzi insanlar üçün əlçatan olacaq. Bundan əlavə, süni intellekt sisteminin sui-istifadəsinin qarşısını almaq üçün daha sonra ictimaiyyətə təqdim ediləcəyi bildirilib. Qeyd edək ki, insanların istəklərini fiziki reallıqla qarışdıran sistem hələ tam mükəmməl deyil. Ekspertlər şirkətə məxsus digər süni intellekt sistemləri kimi "Sora"nın da zamanla təkmilləşəcəyini söyləyirlər.

"WhatsApp"a daha bir funksiya gəlir

"WhatsApp" tərtibatçıları  biometrika və paroldan istifadə edərək yaxın zamanda messencerə tətbiqin bloklanması funksiyasını  əlavə etməyi planlaşdırırlar.

Məlumata görə, barmaq izi, üz cizgilərinin tanınması və ya paroldan istifadə edərək tətbiqin bloklanmasına imkan verən yenilik "WhatsApp"ın 2.24.6.20 "Android" versiyalarının bəzi beta-testerlərində artıq işləkdir. Qeyd olunub ki, əvvəllər tətbiqi yalnız biometrik parametrlərdən istifadə etməklə bloklamaq mümkün idi ki, bu da cihazlarında müvafiq sensorlar olmayan və ya digər qorunma üsullarına üstünlük verənlərin imkanlarını məhdudlaşdırırdı. Bundan əlavə, qışda barmaq izi kilidi qoyan istifadəçilər naməlum xəta səbəbindən "WhatsApp"a daxil ola və parol seçə  bilmirdilər.

Qeyd edək ki, hazırda yeni funksiya məhdud sayda tester üçün əlçatandır. Tətbiqin daha geniş auditoriyaya nə vaxt təqdim olunacağı barədə məlumat verilməyib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".