Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Qazaxıstan" mehmanxanası

Zailiski Alatau dağlarının qarlı zirvələrinə və bütün şəhərin panoramına möhtəşəm mənzərəsi ilə gözəllik qatan "Qazaxıstan" mehmanxanası Almatı şəhərində inşa olunub. SSRİ dövrünün ən hündür binalarından olan, yüksək bədii üslubu və orijinal memarlıq dizaynı ilə seçilən bu mehmanxana 1980-ci ildə Ç.Vəlixanov adına Qazax SSR Dövlət Mükafatına layiq görülüb.

Sovet modernizmi üslubunda dizayn edilən binanın hündürlüyü 102 metrdir. Seysmik aktiv zonada yerləşən "Qazaxıstan" mehmanxanası şəhərin ən çox zəlzələyə davamlı binalarından biridir. Monolit dəmir-betondan inşa edilən möhtəşəm bina 25 mərtəbədən ibarətdir. Mehmanxananın damında qızılı metal elementlərlə bəzədilmiş və simvolik məna kəsb edən "tac"ın üzərində xəbərdarlıq işıqları yerləşir.

Şəhərin və ümumilikdə bütün ölkənin

 memarlığında mühüm yeri olan, "Qazaxıstan" mehmanxanasının təsviri ölkənin bütün reklam stendərində, əskinas, açıqca, fotoşəkil və rəsmlərdə əks olunub.

 

"Odri İrmas" pavilyonu

Məşhur xeyriyyəçi Odri İrmasın adını daşıyan "Odri İrmas" pavilyonu ABŞ-ın Los-Anceles ştatında inşa olunub. Layihəsi Şohey Şigematsunun rəhbərlik etdiyi "OMA" memarlıq bürosunun Nyu-York ofisi tərəfindən hazırlanan pavilyon binası üçölçülü paraleloqram şəklində dizayn edilib.

Tarixi sinaqoq binasından qərbə, məktəb binasından isə şimala doğru əyilmiş vəziyyətdə inşa edilən kompleks "Wilshire" bulvarının cənub hissəsində yerləşir. Həndəsi formaları ilə seçilən pavilyonun ümumi sahəsi təqribən 5000 kvadratmetrdir. Şəhərin infrastrukturu ilə ahəng təşkil edən binanın fasadı qum rəngli və altıbucaqlı fiberqlas 1230 panellə üzlənib. Parlaq yaşıl şüşə və metal hörgü ilə bəzədilən "Odri İrmas" pavilyonunun mərkəzi panellərində düzbucaqlı pəncərələr quraşdırılıb. Pavilyonun interyerində istifadə edilən panellər isə Afrikada bitən açıq qırmızı rəngli "okume" ağacından hazırlanıb.

 

"Su qülləsi" yaşayış evi

"Aremis" şirkətinin maliyyə və insan resursları üzrə direktoru Patrik Metz 1996-cı ildə Belçikanın Steenokersiel şəhərində qeyri-adi yaşayış evi tikdirib. 30.000 avroya  satın aldığı su anbarını yenidən rekonstruksiya etmək qərarına gələn P.Metz evin layihəsini Brüsseldə yerləşən "Bham Design Studio"sunun memarı Mauro Brayhama həvalə edib. İkinci Dünya müharibəsi dövründə Belçikanın işğalı zamanı nasistlər tərəfindən tikilən abidənin ərazisində yerləşən qüllənin inşası 1,5 milyon avroya başa gəlib.

Su qülləsinin orijinallığını saxlayan memar binanın interyer dizaynında hər bir incə detalı xırdalığına qədər düşünüb. Təyyarələrin eniş zolağına yaxın ərazidə yerləşən qüllənin xarici divarlarında isə səs keçirməz materiallardan istifadə edib.

Beton tavanları olan binanın hündürlüyü 30 metrdir. Altı mərtəbədən ibarət qüllənin birinci mərtəbəsində anbar və geniş zal var. 3-cü mərtəbədə qonaq otağı və kiçik sanitar qovşağı, 4-cü mərtəbədə hamam, 5-ci mərtəbədə ev sahibinin yataq otağı yerləşir. Sonuncu mərtəbədə isə mətbəx, qonaq və yataq otağını birləşdirən studiya mövcuddur.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".