MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Rəqəmlərin də öz dili var...

Çoxlarımız rəqəmlərin sadəcə kəmiyyət göstəricisi olduğunu düşünürük. Əslində isə bu,  belə deyil.  Numeroloqların fikrincə, rəqəmlərin də öz dili var. Qədimdə insanlar ədədlər vasitəsilə  bir-biri ilə əlaqə saxlayırdılar. Keçmiş əlifbalarda hərflərin ədədi mənası var idi.

"1" - məqsədin rəqəmidir, əlifbanın ilk hərfi olan "A" ilə başlanan hər şeydə aqressivlik və ambisiya formasında təzahür edir. "2" - gündüz və gecə kimi əks anlayışların rəqəmidir. Tarazlıq və kontrast mənasında işlənir. Müsbət və mənfi keyfiyyətləri birləşdirərək tarazlıq yaradır. "3" - dəyişkənlik deməkdir, keçmişin, indinin və gələcəyin rəmzi olan üçbucağa işarə edir. "4" - sabitlik və möhkəmlik deməkdir. Riski və təhlükəni simvolizə edən "5" - rəqəmi isə  sabit olmadığından  bir tərəfdən inamsızlığı, digər tərəfdən isə  gözlənilməz xoşbəxtliyi ifadə edir. "6" - inam rəmzidir. O, göy qurşağının yeddi rəngini ifadə edərək təbiətlə harmoniyadadır. "7" - sirli və görünməz şeyləri öyrənməyi simvolizə edir. Yeddi əsas planet, həftənin yeddi günü, yeddi musiqi qamması deməkdir. "8" - rəqəmi  bölündükdə bərabər hissələrə ayrıldığı üçün tarazlıq rəmzi hesab edilir. "9" - isə elementar ədədlərin ən böyüyü olduğu üçün uğura işarə edir.

Niyə onlara uğur böcəyi deyirik?

Yəqin elə bir adam tapılmaz ki, uşaq ikən bir dəfə də olsun dilək tutub parabüzən uçurtmasın. İnsanlar arasında  bu böcəklərin uğur gətirdiyinə və onların bütün arzuları həyata keçirə bildiyinə inanılır. Elə bu səbəbdən parabüzənlərə həm də uğur böcəyi deyilir. Bəs onlara olan bu inam nədən qaynaqlanır?

Bəzilərimizin "Fatma bacı", bəzilərimizin isə "Uçdu baba" adlandırdığımız bu böcəklər bir çox dillərdə  Tanrı ilə əlaqələndirilir. İngilislər ona "Bakirənin quşu", almanlar "Məryəm ananın böcəyi", fransızlar "Tanrının canavarı", ruslar "Allahın inəyi" deyirlər. Məhz bu səbəbdən də insanlar  hər hansı dilək tutaraq onu uçurtduqda arzularının həyata keçəcəyinə inanırlar.

Baharın gəlişilə bağçaları bəzəyən parabüzənlər  bitkilərə zərər verən yarpaq bitkilərinin düşmənidir. Bir çox zərərverici həşəratlarla  qidalanan bu böcəklər əkinçilikdə  təbii bioloji silah kimi istifadə olunur. Hesablamalara görə, onlar həyatı boyunca təxminən 5.000 dənə bitki zərərvericilərini yeyə bilir. Qırmızı, sarı, çəhrayı, narıncı rəngdə olan bu həşəratların  hətta bəzi tropik ərazilərdə mavi, yaxud yaşıl çalarlılarına da rast gəlmək olar. Növündən asılı olaraq çoxlu xallara malik olan parabüzənlər parlaq rəngləri sayəsində və pis qoxu ifraz etməklə düşmənlərindən qorunurlar. İldə bir dəfə yumurtlayan bu böcəklər yarpaq çürüntülərinin altında qış yuxusuna gedirlər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, parabüzənlərin  qanad quruluşu robotlar, peyk və mikroskopik tibbi cihazlar, hətta çətirin bağlanma mexanizminin inkişafına ilham verə bilər.

Gülməli səbəblərdən baş verən müharibələr

Tarixən baş verən müharibələr əsasən torpaq, pul və hakimiyyət uğrunda olub. Lakin elələri də  var ki, çox mənasız,  gülünc səbəblərdən baş verib.

Məsələn, 1325-ci ildə İtaliyanın Boloniya və Modena şəhərləri arasında gedən müharibəyə səbəb adi bir vedrə olub. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçır. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri istəyirlər. Çünki həmin vedrə Boloniya şəhərinin mülkiyyəti idi. Amma modenalılar bu təklifə rədd cavabı verirlər. Nəticədə 22 il davam edən Boloniya-Modena müharibəsi baş verir. Minlərlə insanın həlak olduğu müharibənin sonunda Boloniya  vedrəni geri qaytara bilmir və məğlub olur.

1500-cü ildə Osmanlı imperiyası və Venesiya dövləti arasındakı müharibə isə  saqqal üstündə  başlayıb. Ticarət danışıqları üçün sultan II Bəyazidin qəbuluna gələn venesiyalı elçilər sultanın qəribə təklifi ilə qarşılaşırlar. Bəyazid Venesiyanın doğrudan da Türkiyə ilə sülh istədiyini sübut etmək üçün elçilərdən saqqala and içməyi tələb edir. Cavabında venesiyalılar həmişə saqqallarını qırxdıqlarını bildirirlər. Cavabdan qəzəblənən sultan "onda sizin şəhərin bütün sakinləri meymuna bənzəyir", - deyə çığırır. Özlərini təhqir olunmuş hesab edən venesiyalılar dərhal Osmanlıya müharibə elan edir. Lakin sultan onlardan üzr istəmir,  Venesiya ordusu və donanmasını darmadağın edir.

1830-cu ildə Əlcəzair və Fransa arasındakı müharibə isə şapalağa görə baş verir. Belə ki, 1827-ci ildə fransalı səfir Əlcəzair hökmdarından alınan borcları və borc faizini ödəməyi tələb edir. Bundan qəzəblənən hökmdar isə uzun mübahisələr edir və buna etirazını bildirir. Sonda hisslərini cilovlaya bilməyən əlcəzairli monarx səfirin alnına yavaşca şapalaq vurur. Səfir buna heç bir reaksiya verməsə də,  3 il sonra Əlcəzairi işğal etməyi planlaşdıran Fransa bəhanə kimi əvvəlki şapalağı  göstərir.

Ayaqqabı tərzi xarakterimizdən xəbər verir

El arasında belə bir deyim var: "Dost başa baxar, düşmən ayağa". Amerikalı elm adamlarının apardıqları araşdırmanın nəticələri göstərib ki, ayağa təkcə düşmən yox, dost da baxa bilər. Alimlərin gəldiyi qənaətə görə, insanın ayaqqabı tərzinə əsasən onun xasiyyətini öyrənmək olar.

Amerikanın Kanzas Universitetinin alimləri 63 tələbədən 208 cüt ayaqqabıya baxmasını və onların sahiblərinin xarakterini müəyyən etmələrini istəyiblər. Tələbələr ayaqqabı sahiblərinin xüsusiyyətləri barədə demək olar ki, 90 faiz doğru məlumat veriblər.

Psixoloqların fikrincə, idman stili, "krossofka" geyinən xanımlar və bəylər ünsiyyətcil və açıq fikirli olurlar. Onlar səyahət etməyi və dost tapmağı çox sevirlər. Dəyişikliklərə çətin alışırlar. Qarşılarına məqsəd qoyub ona doğru gedirlər. Səndəl geyinənlərin isə  yüngül xarakterli olduğu və tanımadıqları insanlarla belə asanlıqla ünsiyyət qura bildikləri güman edilir. Platforma  ayaqqabını romantik insanlar sevirlər. Onlar istənilən insanla kompromisə gedirlər. Bəzən əmr verməyi də xoşlayan bu insanlar diqqət mərkəzində olmaqdan zövq alırlar. "Mokasin" geyinməyə üstünlük verənlər isə yaxşı dost və sevgili olurlar. Özlərini təbii aparırlar. Ən çətin problemləri belə asanlıqla həll edirlər. Analitik düşüncə qabiliyyəti onlara düzgün nəticə çıxarmağa yardım edir. Xanımların dikdaban ayaqqabı geyinməsi onların özünəəminliyini ifadə edir. Belə qadınların həyata orijinal baxışları olur. Onlar ətrafdakılara rəhbərlik etməyi sevirlər. Əgər kişinin geyindiyi ayaqqabıda heç daban yoxdursa bu, onun ünsiyyətcil, həyatdan xoşbəxtliyi ala bilən insan olmasından xəbər verir. Ucu dördbucaq olan ayaqqabı sahibləri məqsədyönlü, fikirlərində qəti, çox prinsipial və özlərini sevən olur. Klassik qara ayaqqabı kübar insanların seçimidir. Belə insanlar öz düşündüklərini deməkdən çəkinmir, əməyə qiymət verirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".