Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Onlardan bu üsulla qorunun

Yaz mövsümünün gəlişi ilə ağcaqanadlar və milçəklər də yavaş-yavaş ortaya çıxmağa başlayır. İsti yay günlərində insanların qorxulu kabusuna çevrilən bu həşəratlardan kimyəvi dərmanlar, bahalı tətbiqlər olmadan qorunmaq mümkün deyil. Bəzən həmin vasitələr sağlamlıq üçün təhlükə yaradır. Lakin britaniyalı elm adamları onlardan qorunmağın çox asan və təbii yolunu tapıblar.

Təcrübə zamanı tədqiqatçılar sirkə, zeytun yağı və şampunu bərabər nisbətdə qarışdıraraq 150 millilitr miqdarında məhlul hazırlayıblar. Daha sonra isə həmin qarışığı geniş boşqabda görünən bir yerə qoyublar. Nəticədə cəmi beş dəqiqə ərzində sözügedən həşəratlar qarışığa toplanıb, sonra isə elə orada da məhv olublar. Alimlər həşəratları məhlulun tərkibindəki hansı maddənin cəlb etdiyini və onların tez bir zamanda nə üçün məhv olmasının müəmmalı olduğunu bildiriblər.

İnternetlə depressiya arasındakı əlaqə

Avstraliya, Böyük Britaniya, Malayziyadan olan beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, kompüter, noutbuk və smartfonlar yeniyetmələrin sosial qarşılıqlı əlaqəsinə mənfi təsir edərək onlarda depressiyaya səbəb olur.

Mütəxəssislərin fikrincə, burada əsas problemlərdən biri yeniyetmələrin internetdə keçirdikləri vaxtın rejimsiz olmasıdır. Onlar internetdən istifadə zamanı vaxt məhdudiyyətinin qoyulmasının vacib olduğunu söyləyirlər. Tədqiqatçılar valideynlərə övladlarını onlayn məkandan çıxarmaq üçün bir neçə yol təklif ediblər. Bunun üçün, ilk növbədə, yeniyetmələrə yuxu gigiyenasını öyrətmək və gecələr qadcetlərdən tamamilə imtina etmək məsləhət görülür. Onları smartfon və kompüterlərdən uzaq tutmaq üçün isə dərsdən sonra məhsuldar fəaliyyətə cəlb etmək tövsiyə edilir.

Qorxuları dəf edən yeni mexanizm

Amerikalı elm adamları qorxulardan xilas olmağın yolunu tapıblar. Belə ki, tədqiqatçılar güclü qorxudan sonra beyindəki bu hissin daimi formalaşmasına cavabdeh olan mexanizmi aşkar ediblər.

"Science" jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, təcrübə zamanı siçanlar müxtəlif şiddətdə elektrik şoklarına məruz qoyulub. İki həftə sonra həmin hadisənin baş verdiyi yerə qayıdan gəmiricilərdə həddindən artıq qorxu hissi müşahidə olunub. Bundan əlavə, onların digər mühitlərdə də qorxuya meyilli olduqları müəyyən edilib.

Araşdırma zamanı elm adamları beynin əhvali-ruhiyyə və narahatlığın formalaşmasına cavabdeh olan bölgəsini tədqiq ediblər. Məlum olub ki, güclü qorxu hissi beyində neyronları həyəcanlandıran kritik nörotransmitter glutamatı neyronların fəaliyyətini boğan qamma-aminobutirik turşuya (GABA) çevirir.

Genetik mühəndislik üsullarından istifadə edən tədqiqatçılar, heyvanlarda GABA istehsalına cavabdeh olan geni sıradan çıxarıblar. Nəticədə şiddətli qorxuya məruz qalmış siçanlarda bu hiss tədricən azalmağa başlayıb. Mütəxəssislər ümid edirlər ki, beyində aşkar edilən bu mexanizm müxtəlif növ qorxularla mübarizəyə, həmçinin effektiv dərmanların hazırlanmasına kömək edə bilər.

Oxumaq faydalıdır, yoxsa dinləmək?

G ünü-gündən inkişaf edən texnologiya həyatımıza nüfuz edərək indiyə qədər kitabla bağlı olan bəzi fikirlərin dəyişməsinə səbəb olub. Rəqəmsal formatın yaranması ədəbiyyat haqqında çoxəsrlik təsəvvürləri alt-üst edib. Belə ki, əvvəllər kitab oxumağın onu dinləməkdən daha effektiv olduğu deyilirdi. Lakin hazırda insanların çoxu kitab oxumaqla onu dinləmək arasında heç bir fərq görmür. Bəs hansı daha faydalıdır? Oxumaq, yoxsa dinləmək?

Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələ ilə bağlı araşdırma aparıblar. Araşdırmanın nəticələri göstərib ki, dinləmək insanı real vaxtda anlama bacarıqlarından istifadə etməyə məcbur edir. Alimlərin fikrincə, mütaliə edərkən insan vizual olaraq yüklənir. Onlar hesab edirlər ki, beyin şəkilləri və videoları mətndən daha asan qavrayır. Lakin məlumatın nə qədər tez unudulduğunu öyrənməyə çalışan elm adamları hər şeyin insanın fərdi keyfiyyətlərindən asılı olduğu qənaətinə gəliblər. Bu səbəbdən yenə də oxumağa üstünlük verilib. Kompüter əsrində kitabların məhv olacağı ilə bağlı proqnozlara baxmayaraq, alimlər elektron nəşrlərin kağız kitabları əvəz edə bilmədiyini düşünürlər. Onların fikrincə, hisslərin məcmusu, xışıltı, hətta kitabların qoxusu vacibdir. Elektron nəşrlərdə isə bu sehr yoxdur. Oxumaq beyni inkişaf etdirir, ona görə də kitabsevərlər təkcə geniş erudisiyaya deyil, həm də yaradıcı təfəkkürə malikdirlər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".