Qarşılıqlı etimada əsaslanan əlaqələr
Digər xəbərlər

Qarşılıqlı etimada əsaslanan əlaqələr

Azərbaycan və Tacikistan arasındakı münasibətlər qədim tarixə malikdir. Uzun müddətdir davam edən bu əlaqələr strateji əməkdaşlıq səviyyəsinə yüksələrək özünü mədəni, iqtisadi və ticari sahələrdə büruzə verir.

Rudəki, Sədi kimi tacik-fars ədəbiyyatının görkəmli klassikləri nəinki Tacikistanda, hətta Azərbaycanda da kifayət qədər nüfuz qazanmışlar. Dünya ədəbiyyatı xəzinəsinə misilsiz töhfələr vermiş böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli də tacik xalqı tərəfindən daim yüksək qiymətləndirilib. Bundan başqa, Tacikistanda təxminən 4 min nəfərə yaxın azərbaycanlı fəaliyyət göstərir. Onların bir hissəsi XX əsrin 20-30-cu illərində Mərkəzi Asiyaya, o cümlədən Tacikistana savadsızlığı ləğv etmək məqsədilə, digər qismi isə Stalin repressiyasının qurbanı kimi göndəriliblər.

Bir məqamı da xatırlatmaq yerinə düşər ki, hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə Azərbaycan-Tacikistan arasında iqtisadi və mədəni əlaqələrin formalaşması da həmin dövrə təsadüf edir. SSRİ dağıldıqdan sonra isə bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. Hazırda hər iki dövlət həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın sənaye kooperasiyası, nəqliyyat, xüsusilə ticari-iqtisadi sahədə daha da dərinləşməsi üçün yaxşı perspektivlər mövcuddur.

Bu il iyulun 7-də Tacikistan-Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib.

Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Zavkizoda Zavki Aminin rəhbərlik etdiyi nümayəndə heyəti komissiyanın 6-cı iclasında iştirak etmək məqsədilə Azərbaycana gəliblər. İclas çərçivəsində iki dövlət arasındakı qarşılıqlı əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi, beynəlxalq platformalarda səmərəli əməkdaşlığın aparıldığı bildirilib. Bundan başqa, müxtəlif sahələrdə mövcud olan işgüzar münasibətlərin daha da genişləndirilməsi perspektivləri, həmçinin iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə edilib. Daha sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokolu imzalanıb. İclas çərçivəsində ən diqqətçəkən məqamlardan biri də Azərbaycanın Tacikistanda alüminium zavodunun yenidən qurulmasına sərmayə yatıracağı barədə razılıq əldə olunması idi. Belə ki, razılaşmaya müvafiq olaraq dövlətimiz "Tacikistan Alüminium Şirkəti" ASC-nin yenidən qurulması üçün kapitalın cəlb edilməsində iştirak edəcək. Bununla yanaşı, Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium flüorid, Azərbaycandan isə alüminium oksidi Tacikistana ixrac olunacağı da razılaşma çərçivəsində planlaşdırılıb.

Xüsusi vurğulamaq lazımdır ki, iki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il aprelin 5-də Prezident Emoməli Rəhmonun dəvəti ilə Tacikistana səfərinin baş tutması Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə mühüm töhfə olmuşdur. Mətbuata bəyanatlarla çıxış edən dövlət başçıları Tacikistan və Azərbaycan arasındakı səmərəli qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması və qardaş xalqların rifahına xidmət edən sanballı nəticələrin əldə olunması barədə də fikirlər söyləyiblər. Qeyd edək ki, səmimi münasibətlərin formalaşmasında ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Azərbaycan-Tacikistan əlaqələri məhz ümummilli liderimiz tərəfindən qurulmuş və bu gün qarşılıqlı etimada əsaslanan xətt üzrə inkişaf edir. Ölkə başçımızın mətbuata bəyanatı zamanı söylədiyi fikirlər qarşılıqlı münasibətlərin inkişafından məmnunluğu ifadə edir: "Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var. Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Nümayəndə heyətlərinin üzvləri də öz aralarında fəal diskussiyalar aparacaqlar. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq. Biz birgə fəaliyyətimizin sonrakı proqramını müəyyən edəcəyik". Bütün bunlar belə deməyə əsas verir ki, bundan sonra da iki ölkə arasındakı münasibətlər daha da genişlənəcək, bu istiqamətdə mühüm addımlar atılacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".