DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYADAN “TAXIL SAZİŞİ”nin ARDINCA DAHA BİR KRİTİK QƏRAR

Rusiya növbəti kritik qərarı ilə diqqət mərkəzinə düşüb. Belə ki, Rusiya Qara dənizin şimal-qərbində gəmi nəqliyyatının təhlükəsizliyinə verdiyi zəmanətləri geri götürüb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “taxıl sazişi”nin dayandırılması ilə bağlı bəyanatında bildirilir.

Nazirliyin açıqlamasına əsasən, Qara Dəniz Humanitar Dəhlizi məhdudlaşdırılır, müvəqqəti təhlükəli ərazi rejimi bərpa olunur.

“İstanbul razılaşmalarının həyata keçirilməsində açıq təxribatların baş verdiyi bu şəraitdə “Qara dəniz təşəbbüsü”nün davam etdirilməsi mənasını itirir. Rəsmi Moskva yalnız Rusiya qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı konkret nəticələr əldə etdikdə sazişin bərpası məsələsini nəzərdən keçirməyə hazır olacaq”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 17-də bildirib ki, Rusiya “taxıl sazişi”nə xitam verib. Onun sözlərinə görə, taxıl müqaviləsinin Rusiyanın şərtləri ilə bağlı hissəsi yerinə yetirilən kimi Moskva dərhal Qara dəniz sazişlərinin icrasına qayıdacaq.

 

“G7”nin MALİYYƏ NAZİRLƏRİ UKRAYNAYA DƏSTƏK NÜMAYİŞ ETDİRİBLƏR

“G7” ölkələrinin maliyyə nazirləri Ukraynaya sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər. “Report”un “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki bildirib.

“Biz Ukraynanı dəstəkləməkdən çəkinməyəcəyimizi bir daha təsdiqlədik”, - deyə Suniçi Suzuki Hindistanda keçirilən “G7”nin iclasına sədrlik etdikdən sonra vurğulayıb.

Məlumata görə, Ukraynanın maliyyə naziri Sergey Marçenko görüşə virtual qoşulub.

“G7” ölkələrinin maliyyə nazirləri Rusiyaya qarşı iqtisadi sanksiyaların artırılması şəklində Moskvaya qarşı koordinasiyalı cavabı müzakirə ediblər.

Bununla yanaşı, siyasətçilər “G20” toplantısının gündəliyində olan transmilli korporasiyaları hədəf alan qlobal vergi islahatları məsələsini də gündəmə gətiriblər.

 

CON KİRBİ: ABŞ İRANLA NÜVƏ SAZİŞİ ÜZRƏ DANIŞIQLAR APARMIR

“Hazırda ABŞ İranla nüvə sazişi üzrə danışıqlar aparmır”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

“Əgər rəsmi Tehran nüvə gərginliyini azaltmaq üçün addımlar atmağa başlasa, bu, region, bizim və milli maraqlarımız üçün yaxşı hal olardı”, - deyə Con Kirbi bildirib.

Ağ Ev rəsmisinin sözlərinə görə, hazırda İranla nüvə sazişinə qayıtmaq ABŞ-ın prioritet məsələlərindən biri deyil.

Eyni zamanda, Con Kirbi əlavə edib ki, Vaşinqton Tehranla əlaqə saxlayır, lakin bu əlaqələr İranda saxlanılan amerikalıların ABŞ-a qaytarılması cəhdləri ilə bağlıdır.

 

DÜNYA PORTAĞAL ÇATIŞMAZLIĞI İLƏ ÜZLƏŞƏCƏK

İqtisadçılar və aqranomlar əmindirlər ki,  dünya son yarım əsrdə ilk və ən böyük olan portağal şirəsi çatışmazlığı ilə üzləşəcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, fakt budur ki, portağal şirəsi konsentratının 90 faizi dünyanın bir çox ölkələrinin içki doldurma fabriklərinə məhz Braziliyadan gəlir. Zavod şəraitində konsentrat şirəyə çevrilir.

Məlumata əsasən, Braziliyada bu il portağal məhsulu ilə bağlı ciddi problemlərin olacağı proqnozlaşdırılıb. Səbəblər pis hava və portağal əkinlərinə təsir edən bakterial infeksiyalardır. Narıncı rəngli ətirli meyvələrin ağaclardan həmişəkindən 40-60 faiz az dərilməsi gözlənilir.

Portağal məhsulunun uğursuzluğunu dünya bazarına sitrus meyvələrinin əsas ixracatçısı olan İspaniya və Meksika aqranomları da gözləyirlər. Portağal çatışmazlığı bu məhsulda qiymət “partlayışına” da səbəb olacaq.

 

BMT-nin BAŞ KATİBİ: 50-dən ÇOX ÖLKƏ DEFOLT HƏDDINƏ YAXINLAŞIR

Dünyada 50-dən çox dövlət borc öhdəliklərini yerinə yetirə bilmir və ya defolta yaxınlaşır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) forumunda çıxışı zamanı bəyan edib.

“Bir çox ölkələr maliyyə uçurumunun astanasındadır. 52 ölkə defolt həddindədir və ya buna yaxındır. Eyni zamanda, onların borc yükünü azaltmaq perspektivi yoxdur”, - deyə baş katib vurğulayıb.

Antoniu Quterreş qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri fondunda çatışmayan vəsaitin həcmi koronavirus pandemiyası başlayandan bəri 2,5 trilyon dollar artaraq 4,2 trilyon dollara çatıb.

Eyni zamanda, BMT-nin baş katibi ölkələri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərini artırmağa çağırıb.

“Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” 2015-ci ildə BMT üzvləri tərəfindən qəbul edilib. O, yoxsulluğun aradan qaldırılmasına, planetin resurslarının qorunmasına və bəşəriyyət üçün rifahın təmin edilməsinə yönəlmiş bir sıra məqsədləri ehtiva edir.

 

RUSİYA KRIM KÖRPÜSÜNƏ EDİLƏN HÜCUMLA BAĞLI BƏYANAT YAYIB

Rusiya Milli Anti-Terror Komitəsi Krım körpüsünə “terror hücumunun” pilotsuz dəniz aparatları ilə həyata keçirildiyini açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bununla yanaşı, komitədən verilən yazılı açıqlamada Krım körpüsünə hücumun iyulun 17-də yerli vaxtla saat 03:05-də edildiyi bildirilib.

Açıqlamada hücumun Ukraynanın xüsusi xidmət qüvvələri tərəfindən həyata keçirildiyi vurğulanıb.

Bununla yanaşı, açıqlamada hücumun “terror aktı” olaraq qiymətləndirildiyi və hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd olunub.

Hücum nəticəsində 2 nəfərin həyatını itirdiyi, bir uşağın yaralandığı və körpüdəki magistral yolun yararsız hala düşdüyü bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da rəsmi internet səhifəsində etdiyi paylaşımda Krım körpüsünə hücumun Ukrayna tərəfindən həyata keçirildiyini açıqlayıb.

 

YAPONİYADA İNSANLAR DELFİNLƏRİN HÜCUMUNA MƏRUZ QALIB

Yaponiyanın Mihama şəhərinin çimərliyində 4 nəfər delfinlərin hücumuna məruz qalaraq xəsarət alıb. “Report” agentliyinin məlumatına görə, bu barədə “BBC” xəbər yayıb.

Bildirilir ki, zərərçəkənlərdən birinin qabırğaları sınıb və əllərinə xəsarət yetirilib. Delfin ona sahildən bir neçə metr aralıda hücum edib. Sahil yaxınlığında üzən daha bir nəfəri də delfin dişləyib. Qeyd edilir ki, delfinlərin hücumu nəticəsində daha iki nəfər yaralanıb.

Ölkə polisinin məlumatına görə, bu il ərazidə artıq 6 belə hücum qeydə alınıb. Hətta şəhər çimərliyində istirahət edənlərə delfinlərə yaxınlaşmağın və onlara toxunmağın təhlükəli olduğu barədə xəbərdarlıq lövhələri quraşdırılıb.

Alimlər delfinlərin insanların onlara yaxın üzən zaman çox əsəbi olduğunu açıqlayıblar. Onların sözlərinə görə, bu, heyvanların adi davranışını pozur. Alimlər onu da bildirirlər ki, delfinlər insanlarla yanaşı, bəzən digər dəniz canlılarına da hücum edir, lakin onları dərhal öldürmür.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.