AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

Business Press News: İrakli Qaribaşvili - Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, həm də çox güclü strateji tərəfdaşımızdır

Gürcüstanın "Business Press News" xəbər saytı iki ölkə liderinin iştirakı ilə keçirilən mətbuat konfransı haqqında məlumat yayıb. Sözügedən yazıda deyilir ki: "Bizim əsas vəzifəmiz regionda sülhü və sabitliyi qorumaq, daha çox layihələr həyata keçirməkdir və inanırıq ki, biz belə isti dostluq və qardaşlıq şəraitində çoxlu layihələr həyata keçirəcəyik", - deyə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir qonaqpərvərliyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib, İlham Əliyevlə görüşdə müzakirə etdiyi məsələləri səsləndirib: "Sizinlə, Azərbaycanla, Azərbaycan xalqı ilə qardaşlığın, dostluğun bizim gürcülər üçün nə qədər vacib olduğunu bir daha vurğulamaq istərdim. Bizim çoxəsrlik dostluğumuz var. Bizim çox güclü tərəfdaşlığımız var. Azərbaycan təkcə bizim dostumuz və qonşumuz deyil, həm də uzun illər çox güclü strateji tərəfdaş, ticarət tərəfdaşıdır. Biz sizinlə birlikdə xalqlarımızı daha da birləşdirən, bir-birindən daha da asılı olan, əsrlər boyu davam edəcək çox mühüm tarixi əhəmiyyətə malik layihələr həyata keçirmişik. Biz artıq həyata keçirilmiş və uğurla fəaliyyət göstərən tarixi əhəmiyyət kəsb edən layihələri dəfələrlə qeyd etmişik.

Məlumdur ki, Gürcüstan da etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz bu fəaliyyətimizi davam etdiririk və dayanmırıq. Bildiyiniz kimi, biz Qara dənizin dibi ilə elektrik kabeli aparacağıq, Orta Dəhliz məsələsini inkişaf etdiririk. Yaşıl enerjini Avropaya nəql etmək üçün bizim nəhəng potensialımız mövcuddur, bunun çox böyük perspektivləri var. Bu, bir gələcəkdir. Hər iki ölkə bu sahəyə daha çox sərmayə qoyacaq. Biz bunu da müzakirə etdik.

Biz yeni iş yerləri açmalıyıq və xalqlarımızın firavanlığını təmin etməliyik. Biz bu sahədə eyni baxışa malikik. Ölkələrimiz arasında münasibətlərin daha sıx olmasını arzulayırıq".

Qeyd edək ki, aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Çıxışlar zamanı iki ölkə başçısı Azərbaycan-Gürcüstan arasındakı münasibətlərdən, əlaqələrdən və strateji əməkdaşlıqdan söz açıblar.

 

The Times of Israil: İsrail Azərbaycanla münasibətləri  dərinləşdirməkdə maraqlıdır

The Times of Israil xəbər saytı İsrail xarici işlər naziri Eli Kohenin təhlükəsizlik sahəsində birgə çağırışları müzakirə etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş haqqında məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, diplomat İsrailin neftə tələbatının 30%-dən çoxunu təmin edən Bakı ilə ikitərəfli əlaqələrin inkişafının sürətləndiriləcəyinə ümid etdiyini vurğulayıb. Xarici işlər naziri Eli Kohen çərşənbə günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdən sonra Eli Kohen açıqlamasında deyib ki, "ortaq strateji regional çağırışlarımız, xüsusən regional təhlükəsizlik və terrorizmlə mübarizə" mövzusunda danışıqlar baş tutub.

Məqalədə, həmçinin bildirilib ki, Eli Kohen səfərin məqsədini də açıqlayıb: "Bizim ümumi çağırışlarımız Bakıdakı yaxşı dostlarımızla birlikdə vahid və qətiyyətli cəbhə qurmağa davam etmək, həmçinin iqtisadiyyat, ticarət, müdafiə, energetika və innovasiya sahələrində əməkdaşlığı dərinləşdirməkdir". The Times of Israil xəbər saytı 44 günlük Vətən müharibəsində İsrailin Azərbaycana dəstəyini də vurğulayaraq qeyd edib ki, İsrail 2020-ci il İkinci Qarabağ münaqişəsi zamanı Azərbaycana silah tədarükünü artırmış və 6 həftəlik müharibədən Azərbaycan qalib ayrılmışdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2016-2020-ci illərdə İsrail Bakının əsas silah idxalının 69 faizini təmin edib.

 

Anadolu Agentliyi: Azərbaycanda 2023-cü ilin I rübündə 7944 hektar ərazi minalardan təmizlənib

Türkiyənin "Anadolu Agentliyi" Azərbaycanda 2023-cü ilin birinci rübündə əvvəllər Ermənistanın işğalı altında olan 7944 hektar ərazinin minalardan təmizləndiyini barədə məlumat yayımlayıb. Xəbərə görə, Ermənistanın işğalından azad edilən ərazilərdə 3878 mina və partlamamış hərbi sursat aşkar edilib.

Məlumatda ANAMA-nın rəhbəri Vüqar Süleymanovun Agentliyin 2023-cü ilin birinci rübündə fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, əhalinin təhlükəsiz və sabit məskunlaşması məqsədilə minatəmizləmə əməliyyatlarının vacibliyini vurğuladığı qeyd olunub.

 

 

 

"China.org.cn": Pekində Azərbaycan xalqının Ümummilli Liderinin anım mərasimi keçirilib

Çinin "China.org.cn" xəbər saytı Pekində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım mərasimi ilə bağlı xəbər yayımlayıb. Xəbərdə tədbirin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının (CPAFFC), Azərbaycanın Çindəki səfirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutduğu qeyd olunub. Yazıda, həmçinin anım mərasimində dövlət qurumlarının, beynəlxalq təşkilatların və KİV nümayəndələrin iştirak etdiyi bildirilib.

Tədbirdə çıxış edən CPAFFC-nin prezidenti Lin Sonqtian iki ölkə arasındakı dostluq əlaqələrinin tarixini xatırladıb: "Əsrlər boyu hər iki tərəf ticarət, tibb və memarlıq kimi sahələrdə tez-tez mübadilələr həyata keçirib və birlikdə irəliləyiş əldə edib".

Bundan başqa, məqalədə Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyevin mühüm rolu da vurğulanıb: "Heydər Əliyev Azərbaycan Prezidenti olduğu müddətdə Çinə uğurlu dövlət səfərləri qarşılıqlı münasibətlərin davamlı və sağlam inkişafına kömək etmək üçün çox böyük səylər və tarixi töhfələr verib". Xəbərdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun da çıxışı yer alıb.

 

 

"Franceinfo":  İranda qadınlara qarşı təzyiqlər artır

Fransanın "Franceinfo" nəşri İranda hökm sürən daxili qarışıqlıq barədə yazı dərc edib. Xəbərdə bildirilir ki, İranda hicabdan azad olmaq istəyən qadınlara qarşı repressiyalar güclənir. Nəqliyyat və mağazalarda geyimlərə nəzarət etmək üçün xüsusi polislər dayanır. Eyni zamanda, 24 saat ərzində ölkədə 150-dən çox ticarət obyekti mollalar tərəfindən sanksiyaya məruz qalıb, bəzi supermarketlər bağlanıb.

Yazıda o da vurğulanıb ki, Tehran, Kirman, Gilan, Mazandaran, İlam və bir sıra əyalətlərdə gecə boyunca etiraz aksiyaları davam edib. Nümayişlərdə "Diktatora ölüm!", "Xameneiyə ölüm!", "Uşaq öldürən hökumətə ölüm!", "Qız öldürən hökumətə ölüm!" və bu kimi şüarlar səsləndirilib. Həmçinin Kirman şəhərində Qasım Süleymaninin baneri etirazçılar tərəfindən yandırılıb. Onlar "İstər edam olsun, istər həbsxana, biz sona qədər dayanacağıq!" şüarı səsləndiriblər. O cümlədən, Tehranda yerləşən "Məkkə şəhidləri", "Pərdis Şərif", "Əbrar", Kirmanşah şəhərindəki "Peyğəmbər", Kərəcdə isə "Təhzib" məktəblərinə kimyəvi hücum olub.

"Respublika".