İndoneziyada keçirilən beynəlxalq forumda Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə məlumat verilib
Digər xəbərlər

İndoneziyada keçirilən beynəlxalq forumda Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə məlumat verilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Anvar Usmanın dəvəti ilə bu ölkənin Konstitusiya Məhkəməsinin 20 illiyinə həsr edilmiş "Demokratiyanın konstitusiya yurisdiksiyaları vasitəsilə möhkəmləndirilməsi: keçmiş, bu gün və gələcək" mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Cakartada səfərdə olub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumun açılışında İndoneziya Prezidenti Coko Vidodo videomüraciətlə çıxış edib.

İndoneziya, Türkiyə, Qazaxıstan, Əlcəzair, Tailand, Cənubi Afrika Respublikası, Anqola və digər ölkələrin Konstitusiya məhkəmələrinin nümayəndə heyətlərinin qatıldığı tədbirdə demokratik cəmiyyətin inkişafında Konstitusiya məhkəmələrinin rolu, konstitusiya ədalət mühakiməsi ilə hüquqi dövlətin inkişafı arasında qarşılıqlı əlaqələr, vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət üsulları və digər məsələlər barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Fərhad Abdullayev məruzəsində Azərbaycanda Konstitusiya Məhkəməsinin fəaliyyətinə toxunaraq, qəbul edilmiş bir sıra qərarlarda əks olunmuş hüquqi mövqeləri forum iştirakçılarının diqqətinə çatdırıb.

Səfər çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti xarici həmkarları ilə işgüzar görüşlər keçirib.