Tarix yazan mərd oğullar
Region

Tarix yazan mərd oğullar

Aran torpağı ilə Qarabağın qovuşuğunda yerləşən Ağcabədi rayonunun bir sıra kəndləri 44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələrinin raket atəşinə məruz qaldı. Dinc insanlar həlak oldu, onlarla ev dağıldı, əhaliyə ziyan dəydi. Ağcabədililər müharibə yaralarını sararaq cəbhədə döyüşən oğullarına mənən dayaq durdular. Cəbhədən gələn xoş xəbərlərlə yanaşı, üçrəngli bayrağımıza bükülən şəhid tabutları da gəlirdi, onlarla ailənin ocağına şəhid atəşi düşürdü. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən, canından keçən igid oğullardan  biri də Vüsal Zahir oğlu Şükürovdur.

Vüsal 1995-ci il noyabrın 14-də Ağcabədi rayonunun Şahmallar kəndində anadan olub. Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. Vüsal ailədə iki bacının bir qardaşı olub. Vətən müharibəsi başlayanda Vüsal Şükürov könüllü olaraq ordu sıralarına yazılıb, döyüşlərdə iştirak edib. Cəsur əsgərin döyüş yolu Füzulidən, Xocavənddən və Şuşadan keçib, qədim yurd yerlərimizin azadlığı uğrunda gedən savaşda şücaət göstərib, döyüş tapşırıqlarını fədakarlıqla yerinə yetirib. Vüsal Şuşa uğrunda gedən gərgin döyüşlər zamanı, noyabrın 8-də qəhrəmanlıqla həlak olub, ali məqama yüksəlib, adını şəhidlik zirvəsinə ucaldıb. Ağcabədi Qəhrəmanlar Parkında dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vüsal Şükürov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Şəhid Vüsal Şükürovun xatirəsinin yad edilməsi üçün anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Ağcabədi Rayon Təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, RİH-in başçısı aparatının məsul işçiləri, şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər. Məzarı başında unudulmaz vətən oğlunun ruhuna dualar oxunub, şəhidlərin adı ehtiramla yad edilib. Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində silahlı qüvvələrimizin qazandığı Zəfərdən, bu qələbədə igid Azərbaycan oğullarının misilsiz xidmətlərindən söz açıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının razılıqla qarşılandığını bildirib.

Torpaqlarımızı azad görmək istəyən, elə bu amal uğrunda da savaşaraq canından keçən vətən oğullarından biri Sahil Habil oğlu Hüseynovdur. Sahil 2001-ci il iyunun 12-də Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. Xocavənd kənd 1 saylı məktəbi bitirib. Azərbaycan ordusunun əsgəri  Sahil Tovuz döyüşlərinin də iştirakçısı olub, cəbhədə hünər göstərib, qorxmaz bir savaşçı kimi Vətənin keşiyində mərdliklə dayanıb. İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən gərgin döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olub.

Sahil Hüseynov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Məzarı başında şəhid Sahil Hüseynovun  anım mərasimi keçirilib.
Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin kollektivi, Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri, Xocavənd kənd tam orta məktəbinin müəllim və şagird kollektivi  və kənd sakinləri iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla yad edilib. Sonra şəhid ailəsinin təşəbbüsü və iş adamı, xeyriyyəçi Tahir Hüseynovun yardımı ilə Xocavənd kəndindən olan  şəhidlərin adlarının və şəkillərinin həkk olunduğu abidə-bulaq kompleksinin açılışı olub.  

Vətənə sipər oğulların igidliyi və milli ordunun hərbi qüdrəti  sayəsində  düşmən ağır məğlubiyyətə uğradıldı. Vətən müharibəsi başlayan gündən xüsusi təyinatlılar, könüllülər də daxil olmaqla ordu hissələri döyüşə atılaraq mifləşdirilmiş erməni ordusuna sarsıdıcı zərbə vuraraq düşməni məhv etdilər. Düşməni ağır məğlubiyyətə uğradan oğullarımızın bir çoxu yaralanıb, bir çoxu isə şəhid olub. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağcabədi rayonu Minəxorlu kənd sakini Tariyel Atayevdir. O, 1986-cı il sentyabrın 5-də Minəxorlu kəndində dünyaya göz açıb. Vətənpərvər bir insan kimi tanınıb. Təsadüfi deyil ki, Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq ordu sıralarına yazılıb. Taqım komandiri kimi minaatan batareyada döyüşə atılıb. Füzuli, Ağdərə, Xocavənd istiqamətində gedən qızğın döyüşlərdə minaatanlar qəhrəmanlıq və şücaət göstəriblər. Düşmən ordusuna ağır zərbələr vurublar. Tariyel 2020-ci ildə oktyabrın 11-də qəhrəmancasına həlak olub. Bu günlərdə Minəxorlu kəndində şəhid Tariyel Atayevin anım günü qeyd olunub.

Mərasimdə RİH başçısı aparatının məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları və digər şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Tariyel Atayevin qısa və şərəfli həyat yolundan söz açılıb, döyüşlərdə göstərdiyi igidliyin gələcək nəsillər üçün örnək olacağını bildiriblər. Şəhidin ailəsinə dövlət tərəfindən qayğı göstərilir. Taryel Atayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Daha sonra şəhidin ailəsi tərəfindən onun xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidənin açılışı olub. 

Vətən müharibəsində igidlik göstərən oğullardan biri də Samir Mikayıllıdır.

Samir Sabir oğlu Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. Xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı zabiti  kapitan, həmçinin Günnüt əməliyyatının iştirakçısı olan və Vətən müharibəsi döyüşlərində şücaəti dillər əzbərinə çevrilən Samir Mikayıllı həmin döyüşlər zamanı könüllü şəkildə Naxçıvan əlahiddə korpusundan Qarabağa gəlib. Füzuli, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daha sonra Şuşanın azadlığı uğrunda gedən gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Salmanbəyli kənd qəbiristanlığında dəfn olunub. Samir Mikayıllı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şuşa Fatehlərindən biri, şəhid Samir Mikayıllının anım günü qeyd olunub. Mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak etdilər.

Salman ALIOĞLU,

“Respublika”.