VEDİNİN YANI DAĞLAR
Region

VEDİNİN YANI DAĞLAR

O vaxt tanınmış yazıçımız Fərman Kərimzadə ilə yaxınlığımız yox idi. Fərmanın Vedidən olduğunu da bilmirdim. Günlərin birində yaxın qohumumun Vedi tərəflərdə əsgəri xidmətdə olan oğluna baş çəkmək üçün Ermənistana getmək məcburiyyətində qalmışdıq. Hərbi hissənin yerini bilmirdik, taksi ilə getməli idik. Amma ermənilər azərbaycanlı olduğumuz üçün maşın saxlamırdılar. Uzaqdan bizə göz qoyan cavan oğlan - soydaşımız bizi öz maşınına mindirdi: "Bunlar belə namərddirlər, Hərbi hissəyə gedərik, sonra hara lazım olsa, qulluğunuzdayam", - dedi.

Hərbi hissəyə getdik, aydın oldu ki, bir qədər bundan əvvəl əsgərin yerini dəyişərək başqa bir şəhərə aparıblar. Əli Bayramlıya (indiki Şirvan) qayıtmalı idik. Axşam qatarın gəlişini gözləməli olduq. Ərəstun əsl azərbaycanlı qonaqpərvərliyi göstərdi. Onun Vedinin mərkəzində son dərəcə səliqəli, abad evi, həyət-bacası var idi. Bir xeyli söhbət etdik, qohum-əqrəbasının adını - ünvanını soruşduq. Ünvan verib köçhaköç vaxtı bizi tapmasını xahiş etdik.

Bu hadisə 1980-ci illərin ortalarında baş verib. Aradan neçə onilliklər keçib. Son vaxtlar Telman Nəcəfovla Qərbi Azərbaycan, onun ata-baba yurdu Vedi barədə tez-tez söhbət edirik. Ölkədə Qərbi Azərbaycana qayıdışın gündəmin əsas mövzularından olması bizi qəlbən sevindirir. Telman respublikanın daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışıb, polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxıb. Atası Lətif Nəcəfov 1950-ci ildə Ermənistandan deportasiya olunub. Telman özü Vedini görməyib, amma atasından, yaşlı qohumlarından doğma diyar haqqında çox şey öyrənib. Deyir ki, Vedi ermənilərin məkrli siyasəti nəticəsində əvvəlcə iki hissəyə bölünüb, azərbaycanlılar yaşayan hissə "Qəmərli" adlandırılıb. Atam həmin kənddə kolxoz sədri işləyib. Günlərin birində əmr gəlib ki, Qəmərli camaatı Azərbaycana köçürüləcək. Hətta əvvəldən Azərbaycanda məskunlaşacaqları yerin adını da bildiriblər; Muğan ya Şirvan tərəflər... Atam qonşu kolxozun sədri ilə Saatlı rayonuna gələrək, ərazini qarış-qarış gəzirlər. Qəti olaraq bildirirlər ki, dağ adamları burada yaşaya bilməzlər, malyariya, digər xəstəliklər onları məhv edər". Sonra Kür boyunca yerləşən yaşayış yerlərini nəzərdən keçirirlər. Kürün yaxınlığından keçən Axtaçı-Güdəcüyür tərəflər nisbətən sərin havası ilə atamgili razı salır. Burada məskunlaşmaq qərarına gəlirlər.

Lətif Nəcəfov uzun illər Sabirabad rayonunun Axtaçı kəndində yaradılan Telman adına kolxozun sədri vəzifəsində çalışıb. Rayonun tanınmış təsərrüfat rəhbəri olmaqla bərabər, həm də yüksək hörmət-izzət sahibi idi. Telman deyir:

- Deportasiyanın ilk illərində bizim camaat çox əziyyət çəkib. Müharibədən çıxmış ölkədə bir tərəfdən də köçkünlük, maddi imkansızlıq əhalini aclıqla imtahana çəkib. İnsanlar gün ərzində bir ovuc qovrulmuş buğda ilə qarın doyururmuşlar. Qonşu kəndlərdən birində partiya təşkilatı katibi işləyən atam o dövrün bir neçə fəalı ilə Mərkəzi Komitənin birinci katibi Mir Cəfər Bağırovun qəbuluna yollanır. Əhalinin dözülməz vəziyyəti barədə birinci katibə ətraflı məlumat verirlər. Bağırov atamgili əmin edir ki, yaxın vaxtlarda tədbir görüləcək. Belə də olur. Bir gün kəndə səs yayılır ki, üç dənə qara maşın pambıqçı qadınların yanında dayanıb. Maşından düşən vəzifəli adamlar qadınlarla söhbət edib, hətta onların yeməkləri ilə maraqlanıblar. Aradan çox keçməmiş qaçqınlar yaşayan kəndlərə bir neçə ərzaq dolu maşın göndərilib. Siyahı əsasında əhaliyə un, qənd, yağ, çay, digər ərzaqlar paylanıb.

Tezliklə Mir Cəfər Bağırovun göstərişi ilə Lətif Nəcəfov Moskvaya, Ali Partiya Məktəbinə göndərilir. Təhsilini başa vurduqdan sonra təklif olunan rəhbər vəzifələrdən imtina edib və kənddə kolxoz sədri işləyir.

Mən Telmana 1980-ci illərdə Vedidə olduğumu bildirdim. Uzaqdan çılpaq dağlar görünürdü. Sən demə, dağların o üzü cənnət misallı yurd yerləri imiş. Hansı ki, sonralar əziz dostum Fərman Kərimzadə Vedi barədə son dərəcə maraqlı söhbətlər edir, öz məşhur qəhrəmanları Abbasqulu bəy Şadlinskidən, Kərbalayi İsmayıldan, Qəmlodan, qeyrilərindən söz açırdı. Fərman Əli Bayramlıya öz dayısı, bibisi uşaqlarını yoxlamağa gələndə bizə də qonaq olurdu. Böyük yazıçı nə vaxtsa Qərbi Azərbaycana, doğma yurd yerlərinə qayıdış gününün gəlib çıxacağına sidq-ürəkdən inanırdı.

Vedinin yanı dağlar

Ürəyi, canı dağlar...

Burda bir el var idi

Bəs indi hanı, dağlar?

O, el yenə də var və zaman o eli öz dədə-baba yurduna qovuşdurmaq amacındadır.

Tofiq HÜSEYN,

"Respublika".