Vətən üçün doğulmaq, vətən üçün yaşamaq vətən üçün ölmək şərəfdir. Belə insanların həyatda tək bir amalı, məqsədi var--Vətən, torpaq! Belə vətən fədailərindən biri də öz qəhrəmanlığı, yüksəldiyi şəhidlik zirvəsi ilə ürəkləri fəth eləmiş, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İmişli rayonunun Çahar kəndində doğulub boya-başa çatmış Səfərli Amil Nizami oğludur.
Şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksinin açılışı oldu. Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, kənd sakinləri və şəhidin yaxınları iştirak etdilər.
Amil Səfərli Vətən müharibəsində noyabrın 5-də Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Səfərli Amil Nizami oğlu ölümündən sonra "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Çıxış edənlər Amil və onun kimi oğullarımızın xatirələrinin heç bir zaman unudulmayacağını bildirdilər. Qeyd olundu ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Şəhidlərimizin, igid döyüşçülərimizin göstərdikləri şücaətlər qiymətləndirilir, orden və medallarla təltif olunurlar. Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.
Ərəstun ABDULOV,
“Respublika”.