Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Görəsən eyni dildə danışsaydıq, dünya necə olardı?

Tarix boyu dünyada bütün insanların eyni dildə danışdığı bir zaman olmayıb. Çox qədim zamanlarda belə danışılan dillər arasında müəyyən bənzərliklər olsa da, böyük fərqlər də olub. Heç düşünmüsünüzmü bir gün bütün dünyada insanlar eyni dildə danışa bilər? Əgər belə bir şey baş tutarsa, sizcə yaşam necə olar?

Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru, məşhur dilçi alim Noam Chomsky'nin sözlərinə görə: "Dünyada danışılan və ya danışılmaqda olan hər bir dil mütləq ondan əvvəlki başqa bir dilin törəməsidir. İstifadə edilən dillərin hansı dillərdən törəmiş olduğu dəqiq bilinmədiyi kimi, bir gün bütün insanların da eyni dildə danışdığı bir dövrün gələ biləcəyi də mümkün deyil.

Lakin bəzi dilçilər bu fikirlə razılaşmırlar. Zaman keçdikcə danışılan dillərin kəskin şəkildə azalmasını əsas gətirən ekspertlər, 2100-cü ilə qədər hazırda istifadə olunan dillərin yarıya qədər azalacağını proqnozlaşdırırlar. Bu nöqteyi-nəzərdən çox uzaq gələcəkdə bütün dünyada insanların eyni dildə danışması mümkün ola bilər. Xüsusilə qloballaşmanın təsirlərinin və internetin bütün dünyada aktiv ünsiyyətə təkan verməsi bu ssenarini daha da gücləndirir.

Ancaq diqqətdən kənar qalan başqa bir məqam daha var. Dillər əslində, mədəni kimliklərlə sıx bağlıdır. Dolayısı ilə mədəni və siyasi istiqamətdə atılan addımlar istifadə olunan dilləri qoruya və gücləndirə, eyni zamanda onları tamamilə yox olmağa da məhkum edə bilər.

Əgər gələcəkdə bütün dünyada yalnız bir dildə danışılarsa, bu, böyük bir dəyişikliyin başlanğıcı olacaq. Hamının biri-birilə eyni dildə danışaraq duyğularını asanlıqla ifadə edə bilməsi şəxsi və mədəni fərqlilikləri də xeyli azaldacaq. Nəticə etibarilə belə bir ssenari, fərqliliklər əvəzinə ortaq məqamların önə çıxdığı qlobal birliyə səbəb ola bilər.

 

Onların qanı bizə güc verə bilər

Yaponiyalı tədqiqatçılar qeyri-adi bir araşdırmaya imza atıblar. Belə ki, qış yuxusuna gedən ayıların qanından serum hazırlayan elm adamları, onun insanların əzələləri üçün inanılmaz faydalı olduğunu ortaya çıxarıblar. Lakin bunun səbəbi hələ ki naməlum olaraq qalır...

Məlumdur ki, ayılar qış yuxusuna gedərkən 5-7 ay ərzində yemədən, içmədən hərəkətsiz qalmalarına baxmayaraq, hər hansı bir zərər görmürlər. Lakin biz insanlar çox yox, sadəcə 3 həftə hərəkətsiz qalsaq, başımıza nələrin gələcəyini yəqin ki, deməyə gərək yoxdur. Bütün bu məlumatlardan yola çıxan alimlər uzun müddət qış yuxusuna gedən ayıların üzərində araşdırma aparıblar. Onların qanından xüsusi zərdab hazırlayan tədqiqatçılar, bunu insanlar üzərində sınaqdan keçiriblər. Nəticədə serum verilən insanların daha sağlam və güclü əzələyə sahib olduqları ortaya çıxıb. Qeyd edək ki, belə insanların ümumi sağlamlığında da müsbət dəyişikliklər qeydə alınıb.

Mütəxəssislər qış yuxusundan oyanan ayıların qanından hazırladıqları serumu insanın skelet əzələ hüceyrələrindən əldə edilən toxumaya əlavə ediblər. Hüceyrələrdəki proteinin miqdarının 24 saat ərzində artdığı təsbit edilib. Bundan əlavə, istifadə olunmayan əzələlərin zəifləməsində mühüm rol oynayan MuRF1 adlı zülalın istehsalının da azaldığı müəyyən edilib. Qış yuxusundan öncə eyni ayılardan alınan qanla hazırlanan zərdabda isə heç bir dəyişikliklər müşahidə olunmayıb. Lakin alimlər bunun səbəbinin nədən qaynaqlandığını öyrənmək üçün araşdırmalara ehtiyac olduğunu qeyd ediblər.

Əvvəllər də buna bənzər araşdırma aparan mütəxəssislər super serumun sirrini çözə bilməmişdilər.

 

Sarışın və qaraşınların mənşəyi ortaya çıxdı

Əgər sizlərə qara qaşı, qara gözləri ilə məşhur olan türklərin əslində sarışın, rəngli gözlü, sarışınlıqları ilə diqqətimizi cəlb edən avropalıların isə tündrəngli saçlara və gözlərə sahib olduğunu desək inanarsınızmı? Fikirləriniz qarışdı elə deyilmi? Bunu əslində biz deyil, elm söyləyir...

Estoniyanın Tartu və İtaliyanın Torino Universitetinin alimləri maraqlı bir araşdırma aparıblar. Araşdırma göstərir ki, avropalılar sarı saçlarını və rəngli gözlərini 10 min il öncə Anadoluda yaşayan Neolit dövrünün insanlarından miras alıblar. "Current Biology" jurnalında dərc edilən araşdırma çərçivəsində 50 mindən çox avropalı insanın genetik quruluşu öyrənilib. Bundan əlavə, müasir insanların fiziki sağlamlığı və xarici görünüşü ilə bağlı da bir çox xüsusiyyətlər ortaya çıxarılıb.

Tədqiqat, həmçinin hansı tarixi qrupların daha yüksək, yaxud daha aşağı ürək dərəcəsi, xolesterol və bədən kütləsi indeksinə (BMI) sahib olması ilə bağlı bəzi suallara da cavab axtarıb.

Araşdırma zamanı müasir avropalıların genetik quruluşunun böyük bir hissəsinin 10 min il ərzində avropalı ovçu, Anadoludan olan fermer, asiyalı köçəri və çobanların genetik qarışığı ilə formalaşması faktı üzə çıxıb. Alimlər bu qrupların hər birini xarakterizə edən genetik variantların uzun müddət ərzində bir-biri ilə qarışdığını söyləyirlər.

Aydınlaşdırılan digər mühüm məqam isə bir xüsusiyyətin təkcə qədim populyasiyada deyil, digər qruplarda da yer ala biləcəyidir.

 

 

 

Qarğalar haqqında bilmədiklərimiz

Yəqin çoxlarınıza məlumdur ki, qarğalar heyvan dostlarımızın içərisində ən ağıllılarından biri hesab edilir. Onlar haqda nə qədər məlumata sahibsiniz? Çox güman ki, onlarla bağlı verəcəyimiz məlumatların bəzilərinə təəccüblənəcək, bəzilərinə isə hətta güləcəksiniz.

Qarğa deyəndə ilk ağıla onların uzun ömür yaşaması gəlir. Çoxlarımız qarğaların 300 il yaşadığına inanırıq. Hətta insanlar arasında belə bir deyim də var: "Qarğa kimi 300 il yaşamaqdansa, qartal kimi 30 il yaşayaram". Onların 150-300 il yaşadığı deyilsə də, əslində bu, doğru deyil. Qarğalar, əslində bir insan ömrünün yarısı qədər də yaşamırlar. Onların ortalama ömürləri təxminən 40 ildir.

Aparılan tədqiqatlardan bəlli olur ki, qarğalar bizlərə hətta itlərdən daha sadiqdir. Həmçinin bu quşlar onlara edilən yaxşılığı unutmurlar. Yaxşılıq edəni daim təqib edərək onu qoruyurlar. Lakin qarğalar yaxşılıqları yaddan çıxarmadıqları kimi, onlara edilən pislikləri də unutmurlar. Aranızda onlara qarşı kobudluq edənlər varsa, tədbirli olmaqda fayda var...

İnsanabənzər beyin quruluşuna sahib olmaqla 60-a qədər sözü əzbərləyə bilən qarğalar, gördükləri üzləri də hər zaman xatırlayırlar. Ailə şəklində yaşayan bu quşlar, bir-birlərini çox yaxşı mühafizə edirlər. Hətta oyun oynamaqla da araları yaxşı olan qarğalar parlaq şeyləri o qədər çox sevirlər ki, hardansa bir şey oğurladıqları zaman götürdüklərinin əvəzinə yerinə parlaq bir hədiyyə qoyub gedirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".