DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

QARAQALPAQ MUXTAR RESPUBLIKASININ STATUSU ILƏ BAĞLI QƏRAR VERILIB

Özbəkistan parlamenti Qaraqalpaq Muxtar Respublikasının suveren statusunun saxlanılmasını dəstəkləyib. “APA”nın məlumatına görə, bununla bağlı müddəa Konstitusiya dəyişikliyi layihəsində əks olunub.

Bununla yanaşı, Konstitusiyaya dəyişikliklə bağlı ictimai müzakirələrin daha 10 gün uzadılaraq iyulun 15-nə qədər aparılmasına qərar verilib.

Məlumat üçün qeyd edək ki, təklif edilən yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin ölkə Konstitusiyasından çıxarılması təklif edilirdi.

Xatırladaq ki, sözügedən maddənin Konstitusiyadan çıxarılması təklifinə etiraz olaraq iyulun 1-də Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərində qanunsuz aksiyalar keçirilib. Aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb və mitinqin təşkilatçıları saxlanılıb.

 

NEFTİN QİYMƏTİ 380 DOLLARA ÇATA BİLƏR

Rusiya Qərbin sanksiyalarına cavab olaraq neft hasilatını kəskin azaldacağı təqdirdə dünya bazarlarında neftin qiyməti bir barrel üçün 380 dollara çata bilər. “Trend”in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Bildirilir ki, ABŞ-ın “JP Morgan Chase” bankının analitikləri hesab edirlər ki, Rusiya bu addımı ABŞ və Aİ tərəfindən Rusiya neftinə qiymət məhdudiyyətinin tətbiq olunması təqdirində ata bilər.

Eyni zamanda, analitikilərin proqnozlarına əsasən, Rusiya neft hasilatını sutka ərzində 3 milyon barrel azaldarsa, neftin qiyməti 190 dollara çata bilər.

Bank analitiklərinin fikrincə ən pis ssenaridə Rusiya neft hasilatını sutka ərzində 5 milyon barrel azalda bilər ki, bu da qiymətlərin bir barrel üçün 380 dollara çatmasına yol açacaq.

 

AVROPAYA MİQRASİYA AXINININ ARTACAĞI GÖZLƏNİLİR

Şimali Afrikadakı ağır iqtisadi vəziyyət səbəbindən Avropaya miqrasiya axını artacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsveçrənin ədliyyə və polis naziri Karin Keller-Sutter “Blick” qəzetində dərc olunan müsahibəsində bildirib.

Eyni zamanda, nazir üçüncü ölkələrdən İsveçrəyə artan miqrasiya haqqında məlumat verib. O deyib: “Avropaya miqrasiya təzyiqi, görünür, iqtisadi vəziyyətə, xüsusən də Şimali Afrikaya görə artmağa davam etməlidir. Biz böhranların bir-birini izlədiyi deyil, üst-üstə düşdüyü bir dövrdə yaşayırıq”.

Nazir həmçinin əlavə edib ki, payızda koronavirusa yoluxanların sayının artması, enerji böhranı təhlükəsi və təchizat zəncirlərinin kəsilməsi səbəbindən vacib malların idxalında çatışmazlıq vəziyyəti daha da çətinləşdirəcək.

 

FTB 4 MİLYARD DOLLAR OĞURLAYAN "KRİPTO KRALİÇASI"NI AXTARIR

Yeni kriptovalyuta hazırladığını söyləyərək dörd ildə 4 milyard dollar toplayan “Kripto kraliçası” ləqəbli Ruja İqnatova Federal Təhqiqatlar Bürosunun (FTB) “ən çox axtarılan 10 adam” siyahısına daxil edilib. “Teleqraf.com”un verdiyi xəbərə görə, 2017-ci ildə həbs qərarı çıxdıqdan sonra da pul yığmağa davam edən Ruja İqnatova 2014-2018-ci illər arasında Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstindən əlavə onlarca ölkədən minlərlə insanı aldadıb.

İqnatovanın kriptovalyutaların bütün dünyada sürətlə yayıldığı ilk illərdəki çaşqınlığı fürsətə çevirdiyi, eyni zamanda, əsasən piramida sxemi olan “OneCoin” adlı təşəbbüsünü böyüdüb. Bolqarıstan əsilli Rujaya FTB-nin onun həbsinə töhfə verəcək məlumat verənlərə 100 min dollar mükafat vəd olunub.

Bununla yanaşı, ekspertlərin fikrincə, İqnatovanı tapmaq o qədər də asan deyil, çünki o, qaçarkən özü ilə yüz milyonlarla dollar apara bilib. FTB hesab edir ki, İqnatova plastik əməliyyatla xarici görünüşünü dəyişib və hətta yeni şəxsiyyət sənədi əldə edib.

 

BAYDEN ÇİNDƏN İDXAL OLUNAN MƏHSULLARA RÜSUMLARI LƏĞV EDƏ BİLƏR

ABŞ prezidenti Cozef Bayden ölkədə inflyasiyanın yumşaldılması məqsədilə Çindən idxal olunan məhsullara tətbiq olunan gömrük rüsumlarının ləğv edilməsini planlaşdırır. “Trend” agentliyinin məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Qeyd olunur ki, rüsumların ləğvi geyim və məktəb ləvazimatları, elcə də bir sıra istehlak məhsullarına şamil edilə bilər.

ABŞ hökuməti yerli idxalatçılara tətbiq edilən rüsumların ləğvi ilə bağlı müraciət etmək mexanizmini də işə salmağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, Çindən ABŞ-a idxal olunan məhsullara sabiq prezident Donald Trampın rəhbərliyi dövründə rüsumlar tətbiq edilmişdi. Bunun cavabında Çin ABŞ məhsulları ilə bağlı adekvat addımlar atmışdı.

 

ALMANİYA PREZİDENTİ: UKRAYNANI DANIŞIQLARA MƏCBUR ETMƏYƏCƏYİK

“Biz Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyik. Bu, onun daxili işidir”. “Report”un  verdiyi xəbərə görə, bu barədə Almaniya prezidenti Frank-Valter Ştaynmayer “ZDF” telekanalına müsahibəsində bəyan edib.

Eyni zamanda, prezidentin sözlərinə görə, indi hər şey döyüş meydanındakı nəticədən asılıdır.

“Ukrayna yenidən suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini bərpa etməlidir. Biz Ukrayna üçün elə bir situasiya yaratmalıyıq ki, danışıqlara başlamazdan əvvəl onun əlində şərtlər irəli sürə biləcək nəyisə olsun”, - deyə dövlət başçısı vurğulayıb.

Bununla yanaşı, prezident Ukraynadakı vəziyyətin Almaniya üçün nəticələrinə toxunaraq deyib: “Ola bilər ki, bizi hələ çətin illər gözləyir”.

 

Aİ VƏ İRAN ARASINDA  DANIŞIQLARIN NÖVBƏTİ RAUNDU KEÇİRİLƏCƏK

Hazırda Avropa İttifaqı və İran arasında müzakirələrin növbəti raundunun yeri və vaxtı ilə bağlı danışıqlar aparılır. “APA”nın məlumatına görə, bunu İranın nüvə müzakirələrində nümayəndə heyətinin başçısı Əli Baqiri jurnalistlərə açıqlamasında bildirib.

İran rəsmisinin sözlərinə görə, Avropa İttifaqı nümayəndəsi Enrike Mora ilə müzakirələrin növbəti dövrünün yeri və vaxtı ilə bağlı danışıqlar artıq tamamlanmaq üzrədir.

Əli Baqiri həmçinin qeyd edib ki, Qətərdə keçirilən son müzakirələr qabaqcadan hazırlanmış çərçivədə formalaşıb və müzakirələrin növbəti raundu üçün danışıqlar davam edir.

Qeyd edək ki, ötən həftə İran və Qərb dövlətləri arasında bəzi məsələlərin həlli istiqamətində danışıqlar keçirilib.

 

AVROPADA TƏBİİ QAZIN QİYMƏTİ YENİDƏN BAHALAŞIB

Avropa birjalarında təbii qazın qiyməti martın 10-dan bəri ilk dəfə min kubmetr üçün 1700 dolları ötüb. “Trend”in məlumatına görə, Niderlandın “TTF” habında təbii qazın avqust fyuçersləri hazırda 1721,7 dollar ətrafında alınıb-satılır.

Verilən xəbərə əsasən, birjalarda gün ərzində qiymətlər 8 faiz artıb. Qeyd edək ki, ötən həftənin sonunda Avropada təbii qazın min kubmetri 1600 dolları keçmişdi.

Xatırladaq ki, martın 7-də Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3900 dollara çatmışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.