Kaledoniya Birliyinin sədri Makrona açıq məktub göndərib, tələblər irəli sürüb
Dünya xəbərləri

Kaledoniya Birliyinin sədri Makrona açıq məktub göndərib, tələblər irəli sürüb

Kaledoniya Birliyinin sədri, FNKLS-nın mətbuat katibi Daniel Qoa Fransa Prezidenti Emmanuel Makrona və fransalı nazirlərə 10 səhifəlik açıq məktub göndərib. Məktubda 1853-cü ildən Fransanın Yeni Kaledoniyada hökmranlıq etdiyi vurğulanır.

Bildirilir ki, Fransa hökuməti tərəfindən Kaledoniyaya məqsədli şəkildə köçürülən insanlar onları xalq kimi tanımır:

"Sizin üçün demokratiya seçki hüququdur, bizim üçün isə demokratiya ənənəvi qəbilə dəyərlərinə hörmət edilməsidir.

Fransa bizim üçün nümunə götürüləcək mənbə deyil. Sizin siyasətiniz bizim məhvimizə hesablanıb. Amma siz bizi məhv edə bilməyəcəksiniz. Vaxt gələcək biz sizin qarşınızda olacağıq.

Bizim ərazilərin dekolonizasiya olunmasına dair 1957-ci ildə imzaladığınız sənəddə götürdüyünüz öhdəliklərə əməl eləmirsiz.

Fransa prezidenti bir şeyi deyir, amma tamamilə əksinə addımlar atır.

Demokratiya qeyri-qanuni işğal etdiyiniz ölkəni tərk etməyi tələb edir".

Məktubda o da vurğulanır ki, dekolonizasiya fundamental insan hüququdur, bu, ədalət, insanlıq və demokratiyanın tələbidir:

"Fransa Sakit Okean regionunda Yeni Kaledoniya, Fransız Polineziyası, eləcə də Vallis və Futunasız heç nədir və Fransa heç bir zaman Okeaniyada qüvvə olmayacaq. Çünki, bu ölkələr sizin deyil.

Siz güclə bizim ictimaiyyətimizi dəyişməyə çalışırsınız. Xatırladaq ki, sizin müstəmləkəçiliyiniz qətillər, xəyanətlər, talanlar, oğurluq, bizə qarşı hörmətsizlik, əhalimizin köçürülməsi, azadlığımızın alınması, məcburi qovulmağımız və bizi məhv edən gətirdiyiniz xəstəliklər vasitəsilə reallaşdırılıb.

Fransa təbii sərvətlərimizi talan edib, baha qiymətə satır".

Açıq məktubda Fransaya qarşı tələblər də irəli sürülüb:

"Ləyaqətimizi özümüzə qaytarın. Çünki bu sizin fəxr etdiyiniz insan hüquqlarının tələbidir.

Bizə azadlığımızı qaytarın. Çünki bu insanlığın tələbidir.

Bizi dekolonizasiya edin. Çünki bu tarixi ədalətin bərpa edilməsidir".